Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb?

Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb?


Bu gün, 10:16

Son aylarda Cənubi Qafqazda, xüsusilə də Ermənistan-Rusiya xəttində baş verən proseslər Azərbaycanın diqqət mərkəzindədir. Regionun gələcək taleyinə birbaşa təsir edən bu proseslər sülh gündəliyinin reallaşmasını çətinləşdirən əsas faktor kimi ortaya çıxır. Ermənistanda revanşist ritorikanın yenidən güclənməsi və bu meylin Rusiya tərəfindən dolayı və ya açıq şəkildə dəstəklənməsi narahatlıq doğurur.

Rusiya siyasi və media dairələrində son vaxtlar Ermənistanla bağlı verilən açıqlamalarda açıq-aşkar revanşist ovqat sezilir. Rusiyanın fəallığı sülh və sabitlik naminə deyil, regiondakı mövqelərini bərpa etməyə və Qərbə qarşı geosiyasi əks-hərəkətə hesablanmış addımdır. Ermənistan da bu geosiyasi rəqabətdən maksimum dərəcədə istifadə etməyə çalışır. Məsələn, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın “İzvestiya” qəzetinə verdiyi müsahibə və bu qəzetin məsələ ilə bağlı ritorikası Rusiyanın hələ də Ermənistanın əli ilə regionda mövqeyini qorumağa çalışdığını sübut edir. "İzvestiya" qəzetinin Karapetyanla apardığı müsahibədə bir neçə mühüm məqam diqqətdən yayınmamalıdır. Birincisi, qəzetin əməkdaşı söhbət boyu dəfələrlə Azərbaycanın Qarabağ bölgəsini “artsax” adlandırır. Bu, Rusiya mediasında hələ də separatçı ritorikanın dolayısı ilə təşviq edildiyini göstərir və sadəcə, termin seçimi deyil, Rusiyanın bölgəyə baxış bucağının göstəricisidir.

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1"də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.

Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “artsax” ifadəsini işlədib, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” deyib.

Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir.

Yada salaq ki, bugünlərdə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Qarabağı “mübahisəli ərazi” adlandırmışdı.

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın müxtəlif media qurumlarında və xüsusilə də Kremlin təbliğat ruporu olan televiziya proqramlarında “artsax” təbliğatının aparılması, ermənilərin guya min illər ərzində Qarabağda yaşadıqlarına dair fikirlərin dövriyyəyə buraxılması Paşinyan müxalifətinin ritorikası ilə üst-üstə düşür: “Ermənistan müxalifətinin böyük ölçüdə Rusiyanın "beşinci kolon"u qismində çıxış etdiyi məlumdur. Onların Paşinyan əleyhinə təbliğatda yalnız Qarabağ kartından istifadə etdikləri və öz mövqelərini gücləndirmək üçün başqa hər hansı bir imkanlara malik olmadıqları da məlumdur. Ermənistan müxalifətinin hakimiyyət əleyhinə bütün arqumentləri yalnız Qarabağ məğlubiyyəti ilə bağlıdır və onlar cəmiyyətdə revanşist mövqenin güclənməsi ilə faktiki olaraq öz mövqelərini gücləndirmək cəhdləri edirlər. Rusiya da buna müvafiq olaraq özünə bağlı qüvvələrin, həm müxalifətin, həm də kilsənin mövqelərini gücləndirmək üçün öz media resursları vasitəsilə erməni ictimaiyyətinə təsir edir. Lakin Rusiyanın “artsax” deyib bağırmağının arxasında dayanan tək səbəb təkcə Paşinyan müxalifətinə dəstəkdən ibarət deyil. Digər səbəb həm də Azərbaycana mesajın ötürülməsindən ibarətdir. Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycanın təyyarə vurulması ilə bağlı hələ də Rusiyadan müvafiq addımların atılmasını gözləməsi ilə bağlı bəyanatlarından sonra biz Rusiya mediasında növbəti anti-Azərbaycan təbliğatına şahidlik etməyə başladıq. Bunun ardınca Azərbaycanın işğal olunan Ukrayna ərazilərini, o cümlədən də Krımı Rusiya ərazisi olaraq tanımasının vacibliyinə dair bəyanatlar səslənməyə başladı. Azərbaycanın isə təbii olaraq bu şəkildə absurd mövqe ilə razılaşması mümkün deyil. Odur ki, indi Kremlin media vasitələri “artsax” təbliğatına başlamaqla bir tərəfdən Paşinyan müxalifətinə dəstək verir, digər tərəfdən isə bizə qarşı kampaniya aparmaqla təzyiq göstərməyə cəhdlər edirlər".

Politoloqun sözlərinə görə, indiyə qədərki təcrübə göstərir ki, Rusiyanın bu istiqamətdə nə düşünməsindən və nəyə nail olmaq istəməsindən asılı olmayaraq Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik baş verməyib. Rusiyanın da bu şəkildə cılız oyunlarla Azərbaycanı nəyəsə məcbur etməyin mümkün olmadığını anlaması və reallıqla barışması lazımdır.


Geri qayıt