Əsas Səhifə > Ana xəbər / Güney Press > “Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır”

“Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır”


Dünən, 11:08

"2025-ci ilin sertifikasiya imtahanları sübut etdi ki, Azərbaycan məktəblərində “müəllim” adını daşıyan, amma bu ada heç bir aidiyyəti olmayan yüzlərlə, bəlkə də, minlərlə şəxs var".
 
Bu sözləri Sherg.az-a açıqlamasında ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib.
 
Ekspertin sözlərinə görə, imtahanda 30 balı belə toplaya bilməyən birisi nəinki müəllim deyil, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil:
“İndi durub bu insanlara görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, onlara bəraət qazandırmaq — bu, gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir.
Biz bu gün sinif otaqlarını savadsızlıqdan, məsuliyyətsizlikdən, zehni tənbəllikdən təmizləməyə çalışırıq. Amma sosial şəbəkələrdə “onlar illərlə dərs deyib”, “ac qalsınlar?”, “uşaqları böyüdürlər” arqumentləri ilə çıxış edənlər, əslində, təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Bu qədər məsuliyyətsizlik olmaz! Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən valideyn də, onu məktəbdə saxlayan direktor da, müdafiəsinə qalxan cəmiyyət də eyni günahın ortağıdır”.
 
K.Əsədovun fikrincə, o müəllim ki, 2 dəfə eyni suallarla keçirilən imtahanda uğur qazana bilmir, o artıq bu peşədə yeri olmayan biridir:
“Sertifikasiya savadsızlarla bacarıqlı müəllimləri ayırd etmək üçün sonuncu və obyektiv mexanizmdir. İndi bu mexanizmi zəiflətmək, keçid balını endirmək, sualları sadələşdirmək tələb edənlər ya savadsızlığın bayraqdarıdır, ya da təhsilin nə demək olduğunu heç vaxt anlamayıblar. Əgər bir müəllim “mən imtahandan kəsildim, çünki suallar çətin idi” deyirsə, o zaman illərlə dərs dediyi yüzlərlə şagirdə cavab versin. Bu illər ərzində nə öyrədib? Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb? Dərs zamanı şagirdin sualına nə cavab verib? Belələrinin təhsil sistemində qalması uşağın vaxtını, potensialını və gələcəyini oğurlamaqdır.
Ac qalmasınlar deyə gələcəyimizi məhv edə bilmərik. Əgər vicdanınız imkan vermirsə onları çöldə qoymağa, o zaman maaşınızı bölüşün, evinizə aparın. Amma məktəblərdən kənarda saxlayın! Çünki məktəb sosial yardım yeri deyil, cəmiyyətin təməlinin qurulduğu məkandır. O təmələ savadsız, sistemsiz, öz üzərində işləməyən, kitab üzünü açmayan birini buraxmaq millətin məhvinə razı olmaq deməkdir. Sertifikasiya təhsil sistemində son ümid nöqtəsidir. O ümidin qarşısına keçmək istəyən hər kəs - istər müəllim, istər valideyn, istər ictimai müdafiəçi - bir şeyi anlamalıdır: Bu ölkədə gələcək, ancaq biliklə, bacarıqla, əxlaqlı və peşəkar müəllimlə qurula bilər. Qalanları ya dəyişəcək, ya da təhsil sistemindən silinəcək!”.
 
Müəllimlərin sertifikasiya imtahanına cəlb olunmasını tənqid edən sosioloq Lalə Mehralı isə qeyd edib ki, müəllimlər sertifikasiya ərəfəsində başını itirir. Məcburən məktəbdəki dərslərini atırlar bir kənara, imtahana hazırlaşırlar:
“Əgər müəllimləri imtahan edəcəksə, o zaman müvafiq nazirlik bunun üçün imkan və şərait yaratmalıdır müəllimə. Pullu kurs yerinə dövlət kursları, imtahana salınacaq mövzu siyahısı, vahid kurikulum-metodika vəsaiti və sınaq imtahanları təqdim etməlidir. Ekspertlər fənlər üzrə imtahanlar, orada istifadə olunacaq testlərin mahiyyətini izah etməlidir. Müəllim, məktəb şagirdi qəbul imtahanına hazırlaşdığı kimi imtahana hazırlaşmamalıdır, o, öz imtahanını zamanında verib, illərdir müəllimlik edərək biliyini də sübut edib, əməkhaqqı da bu illərinə görə hesablanmalıdır. İşə qəbul mərhələsində gənc kadrlar onsuz da MİQ imtahanına girir, biliyinin sayəsində iş yeri qazanır. 50-60 yaşındakı müəllimin biliyini yoxlamaqda məqsəd nədir?! Mütləq sertifikasiya aparılırsa, o zaman bütün təhsil işçiləri – müvafiq nazirlik də daxil imtahandan keçsin”.
 
Sosioloqun sözlərinə görə, sertifikasiyada 50-dən çox bal yığan müəllimlər, əlbəttə, alqışlanmalıdır. Lakin 30-40 bal yığan müəllimlərə qarşı olan stiqma da yığışdırılmalıdır:
“Müəllim də insandır, imtahan ərəfəsində həyəcanlana, texnoloji bacarıqlarının az olması səbəbindən kompüterləşdirilmiş imtahana adaptasiya ola bilməyə də bilər. Azərbaycan təhsili tək 50 baldan yuxarı toplayan müəllimlərin nəticəsi üzərində qurulmayıb. Şagirdi öyrətmək, yaxşı pedaqoq olmaq bala görə müəyyən edilmir, edilməməlidir. Siz o müəllimin sinifdəki performansının, universitetə qəbul olan şagirdlərinin sayını öyrənin”.

Geri qayıt