Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda gərginlik böyüyür

Ermənistanda gərginlik böyüyür


Bu gün, 10:18

Dünənki hadisələr və gecə baş verənlər göstərdi ki, hər iki tərəf üçün geriyə yol bağlanıb. 2026-cı il seçkilərində (növbədənkənar seçkilər də istisna deyil) qalib gəlməyin əsas ssenarisi indi hazırlanır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanda baş verən siyasi porsesləri şərh edərkən politoloq Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, 2024-cü ildə Gürcüstanda da siyasi hakimiyyət seçkilərə 6 ay-1 il qalmış radikal qərarlar verməyə başlamışdı:

“Bu dəfə Paşinyan seçkilərin yaxınlaşmasını gözləmədən əsas rəqibi və hələ də Ermənistanda siyasi hakimiyyətdən müstəqil olan kilsəyə qarşı açıq savaşa başlayıb.

Dünən arximandrit Mikayel Ajapaxyan Eçmiədzin məbədinin qarşısında saxlanılmalı idi, amma tərəfdarları onu polisdən müdafiə elədilər. Buna baxmayaraq, axşam saatlarında məhkəməyə aparıldı və gecə saatlarında barəsində iki aylıq həbs qərarı verildi. Ajapaxyan “konstitusiyanın devrilməsi” ittihamə ilə həbs olunub. Onun özü bu ittihamları rədd edərək, “hakimiyyətin özü ölkə üçün əsas təhlükədir” ifadəsi ilə hökuməti sərt tənqid edib.

Bundan əvvəl, iyunun 25-də başqa bir keşiş, “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Qalstanyan terror planları və dövlət çevrilişi ittihamları ilə saxlanılıb. Baqratdan fərqli olaraq, Mikayelin həbsi katolikosu (II Qaregin) daha çox narahat edib. Çünki dünənki hadisələr göstərdi ki, Paşinyan güc strukturlarını onun da arxasınca kilsəyə göndərəcək.


Nikol Paşinyan iyunun 8-də II Qaregini subaylıq andını pozmaqda və övlad sahibi olmaqda ittiham edib və istefa verməsini tələb edib. Bu, hökumətin kilsəyə qarşı tənqidi tonunu yeni mərhələyə daşıdı”.

Zaur Məmmədov qeyd edib ki, kilsə rəhbərliyi bu addımı Ermənistanın “ruhani birliklər”ini parçalamaq cəhdi kimi qiymətləndirərək, dövlətin siyasətinə qarşı çıxıb. Rəhbər keşişlərin çoxu Paşinyanı Qarabağ müharibəsində uduzmaq və “torpaq güzəştləri”nə getməkdə günahlandırı.

Bu fonda müxalifət partiyaları Paşinyana qarşı impiçmentlə bağlı ayrı-ayrılıqda təşəbbüslər irəli sürürlər. Rusiya da hadisələri yaxından izləyir.

İyunun 18-də rusiyalı-erməni milyarder, “Taşir” qrupunun sahibi Samvel Karapetyan İrəvanda həbs edilib. O, Ermənistan Cinayət Məcəlləsinin 422‑ci maddəsinin 2‑ci bəndi (hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışı) ilə ittiham edilib. Barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilən Karapetyan Armavir həbsxanasına göndərilib.

Beləliklə, 44 günlük müharibə ilə Ermənistanda dövlətlə erməni diasporu və erməni kilsəsi arasında tarixdə ilk dəfə dərin çatların əsası qoyuldu. Bu gün söhbət Ermənistan adlı dövlətin, onun kilsəsinin Cənubi Qafqazda hansı şərtlər əsasında müqəddəratını davam etdirməsindən gedir”.


Geri qayıt