Əsas Səhifə > Ana xəbər / Güney Press > Trampın sensasion Zəngəzur dəhlizi planı

Trampın sensasion Zəngəzur dəhlizi planı


Dünən, 08:51

“Cənubi Qafqazda həll olunmamış əsas problem nəzəri olaraq Asiyanı Avropa ilə birləşdirməli olan nəqliyyat kommunikasiyalarının taleyidir. Gürcüstandan başqa, bu marşrutların bəziləri Ermənistandan da keçə bilər, Türkiyəni Azərbaycanla, daha sonra isə Ankaranın xüsusi marağı olan Mərkəzi Asiya ilə birləşdirə bilər”.

“Yeni Müsavat” yazır ki, bu barədə Karnegi Fondunun məlumatında bildirilib. Karnegi Fondunun məqaləsində qeyd edilib ki, Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir. Onun Türkiyə və Azərbaycanla sərhədləri 1990-cı illərdə Birinci Qarabağ müharibəsi başlayandan bəri bağlı qalıb. Bu, faktiki olaraq ölkəni regiondakı bütün böyük nəqliyyat və enerji layihələrinin kənarında qoyub.

“İrəvan ilk növbədə sərhədlərini açmaqla təcrid vəziyyətindən qismən də olsa çıxmağa çalışır. Artıq bir neçə ildir ki, o, "Sülh yollarının kəsişməsi" adlı təşəbbüs irəli sürür, tarixən Ermənistan ərazisindən keçmiş bütün nəqliyyat marşrutlarının bərpasını və istifadəsini təklif edir. Bakı təkid edir ki, kommunikasiyaların bərpası Azərbaycanı onun Ermənistanın cənubunda yerləşən anklavı olan Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamalıdır. Bu layihə Bakının təşəbbüsü ilə İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı üçtərəfli bəyanata daxil edilib. Moskvanın vasitəçiliyi ilə imzalanmış yuxarıda adıçəkilən sənəd marşrutun gələcək idarə olunmasında Rusiyanın iştirakını nəzərdə tuturdu. Amma bu gün İrəvan bu sxemə etiraz edir və təkid edir ki, gömrük rüsumlarından, pasport nəzarətindən tutmuş təhlükəsizlik məsələlərinə qədər bütün aspektlərə özü nəzarət edəcək. Bakı cavab verir ki, taleyi sual altında ola biləcək nəqliyyat layihəsinə sərmayə qoymağa hazır deyil, məsələn, Ermənistanda hakimiyyət dəyişsə, bu proje sıradan çıxa bilər.

Ona görə də Azərbaycan tələb edir ki, marşrutun dayanıqlı fəaliyyətinə cavabdeh olmaq üçün kənar zamin cəlb edilsin. Görünür, bu mövqe Türkiyə tərəfindən bölüşdürülür, baxmayaraq ki, İrəvan hələ də Ankaranı Ermənistanın marşruta tam nəzarət etmək hüququnu tanımağa inandırmağa ümid edir.

Bakı təkid edir ki, kommunikasiyaların bərpası Azərbaycanı onun Ermənistanın cənubunda yerləşən anklavı olan Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamalıdır.

Bu layihə Bakının təşəbbüsü ilə İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı üçtərəfli bəyanata daxil edilib. Moskvanın vasitəçiliyi ilə imzalanmış yuxarıda adı çəkilən sənəd marşrutun gələcək idarə olunmasında Rusiyanın iştirakını nəzərdə tuturdu. Amma bu gün İrəvan bu sxemə etiraz edir və təkid edir ki, gömrük rüsumlarından, pasport nəzarətindən tutmuş təhlükəsizlik məsələlərinə qədər bütün aspektlərə özü nəzarət edəcək.

Karnegi Fondu iddia edir ki, Donald Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını təklif edib. Ümumiyyətlə, bu plan Aİ-nin təkliflərini təkrarlayır, lakin Amerika məntiqinə əsaslanır: Amerika biznesinin birbaşa iştirakı ilə sazişin davamlılığına zəmanət vermək - məsələn, Ukraynada nadir metallar üzrə sövdələşmədə baş verdiyi kimi.

Bununla belə, Vaşinqton prosesin “ölü nöqtə”dən hərəkətə keçməsi üçün çox səy göstərməli olacaq. İki mümkün variant var. Birincisi, sülh sazişini imzalamaq üçün Azərbaycanı Ermənistan Konstitusiyası ilə bağlı irəli sürdüyü tələblərdən imtina etməyə inandırmaqdır. Buna, məsələn, Əliyevi Ağ Evə dəvət etməklə nail olmaq olar. İkinci, daha real variant isə marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina etməsi -İrəvana Amerika modeli ilə razılaşması üçün təzyiq göstərməkdir. Çox güman ki, bu, həm də o demək olacaq ki, Ermənistan sülh sazişinin tez bir zamanda imzalanmasına, deməli, bütün sərhədlərin açılmasına və uzun illər təcrid vəziyyətinə son qoyulmasına ümidlərini itirməli olacaq.

Erməni jurnalist Tatul Akopyan deyib ki, təxminən bir həftəyə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir: “Tarixi və yeri sonra yazacağam. İkincisi, Tramp administrasiyası İrəvana yol və ya dəhlizin idarəçiliyini ABŞ şirkətinə təhvil verməyi təklif edib. Üçüncüsü, əgər Mehridə olmusunuzsa, görəcəksiz ki, dəmir yolunun tikintisi beynəlxalq səviyyədə olan məsələ deyil (yəni şişirtməyə ehtiyac yoxdur). Əgər belə bir dəhliz varsa, o, yalnız Azərbaycanın qərb rayonlarını Naxçıvanla, həm də Türkiyə ilə birləşdirəcək”.

Yeri gəlmişkən, iyulun 3-də bu iddialara İrəvandan rəsmi reaksiya verilib. “Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılması Ermənistan üçün mühüm prioritet olub və belə də qalır”. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "AzadlıqRadiosu"na deyib. ABŞ Prezidenti Administrasiyasının Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol məsələsinə dair İrəvan və Bakıya təklifi barədə yayılan xəbərlərə isə o belə cavab verib: “Məlum olduğu kimi, Ermənistan "Dünyanın kəsişməsi" (“Sülh qovşağı”) regional kommunikasiya vizyonunu təklif edib və artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət rəy alıb. Üstəlik, Ermənistan bu təşəbbüs çərçivəsində bütün tərəflər üçün məqbul ola biləcək bir sıra həll yolları təklif edib. Eyni zamanda müxtəlif beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasına dair öz ideyalarını təqdim edirlər".

Badalyanın sözlərinə görə, regionun transsərhəd potensialını reallaşdıracaq faydalı nəticələrin əldə edilməsi məqsədilə bütün maraqlı tərəfdaşlarla müzakirələr davam edir.

“Yeni Müsavat”a prosesləri şərh edən ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, bir müddətdir ki, ABŞ-ın irəli sürdüyü bu təklif müzakirə edilməkdədir. “Yəni dəhlizə neytral qüvvə nəzarət etsin, hansısa xarici şirkət olsun və hər iki tərəfi - Azərbaycanla Ermənistanı qane edən bir mexanizm yaradılsın. Ehtimal ki, Türkiyə ilə danışıqlarda da bu məsələyə toxunulub. Sadəcə, dəhlizə nəzarət mübahisəsində yenə də problem Rusiyadır. Moskva 10 noyabr sənədinin 9-cu bəndini əldə rəhbər tutaraq öz mövqeyindən əl çəkmir. Ona görə də Rusiyanı razı salmaq və ya geri çəkilməyə məcbur etmək Vaşinqton-Moskva danışıqlarından asılı ola bilər”, - deyə N.Cəfərli vurğulayıb.

Partiya sədri hazırkı geosiyasi gərginlikdə Rusiyanın belə bir güzəşt gedəcəyini gözləmir: “ABŞ-a səfərində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da təsdiqləmişdi ki, Zəngəzur dəhlizi ayrıca müzakirə edilir. Amma Rusiyanın bölgədə mövqeyi o dərəcədə zəifləyib ki, indi bu koridora nəzarətlə etməklə ən böyük üstünlüyünü əldə saxlamağa çalışır. Sadəcə, Rusiyanın ABŞ qarşısında güzəştə getməsi o halda ola bilər ki, Tramp Ukrayna ilə bağlı hansısa kompromislərə getsin”.

N.Cəfərli, ümumiyyətlə, son baş verənləri sülh danışıqları və dəhliz müzakirələri ilə əlaqələndirib: “Bu müzakirələrin Rusiyasız baş tutması Kremli kifayət qədər qıcıqlandırır. Moskva qəbul etmir ki, Cənubi Qafqazda ən zəif dövrünü yaşayır və imperiya düşdüyü vəziyyəti həzm etmir. Halbuki bütün imperiyaların çöküşü ərəfəsində sancıları belə olur. O səbəbdən, Rusiya həzm edə bilmir ki, nəzarətində olan bölgədə proseslər gedir və özü necə olubsa kənarda qalıb. Yəni gərginliyin əsas səbəbi Rusiyanın Cənubi Qafqazı itirməkdə olmasıdır”.


Geri qayıt