Əsas Səhifə > Ana xəbər / Güney Press > Pezeşkianın səfərində Zəngəzur detalı

Pezeşkianın səfərində Zəngəzur detalı


Bu gün, 10:21

Ötən gün Xankəndidə baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə İran Prezidenti Məsud Pezeşkianın iştirakı xüsusi diqqət çəkdi.

İsraillə aparılan 12 günlük müharibədən qısa müddət sonra Pezeşkianın Azərbaycana, əsasən də Qarabağa gəlişi, burada Prezident İlham Əliyevlə görüşü böyük maraqla qarşılandı. O, bundan öncə aprel ayında ölkəmizə səfər etmişdi.

Pezeşkianın səfəri, həmçinin hazırda müzakirə olunan Zəngəzur dəhlizi məsələsini də gündəmə gətirib. Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla İran prezidenti arasında bu məsələnin müzakirə oluna biləcəyi iddia edilir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran prezidentinin növbəti dəfə Azərbaycana səfəri əlamətdar hadisədir və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından olduqca faydalıdır:

“Belə tədbirlər həm ölkələrarası münasibətlərin inkişafı, həm də regional çağırışların müzakirə edilməsi və uyğun həll yollarının tapılması üçün geniş imkanlar yaradır.

Pezeşkianın Xankəndiyə səfərinə də məhz bu prizmalardan yanaşmaq lazımdır. İran prezidentinin ölkəsinə döndükdən sonra jurnalistlərə səfərlə bağlı verdiyi açıqlama bu ziyarətin necə uğurlu keçdiyinin əlavə bir sübutudur. O, Azərbaycana növbəti dəfə gəlişindən razı qalıb. Deməli, bu səfər zamanı aparılan müzakirələr iştirakçı tərəflər üçün qarşılıqlı şəkildə faydalı olub”.

Ə.İbrahimov bildirib ki, səfər zamanı Zəngəzur dəhlizi məsələsinin müzakirə olunması barədə ciddi fikir söyləmək mümkün deyil:

“Amma Azərbaycan və Türkiyə prezidentlərinin bu məsələdə İran prezidentinin fikrinə təsir etmək imkanlarının ortada olması şübhəsizdir. Birbaşa təsir göstərmək məqsədi sərgilənməsə də, dolayı yolla Tehranın tutduğu mövqeyi yumşaltmaq imkanlarının axtarıldığı mümkün variantdır.

Bu məsələ Pezeşkianla müzakirə edilməyə bilər. Çünki İran prezidentinin özü belə Zəngəzur dəhlizi məsələsində qərar qəbul etmək imkanlarından uzaqdır. Onun bu mövzuda Azərbaycan və Türkiyənin yanında yer alması İranın mənafeyinə qarşı çıxmaq kimi qiymətləndirilər. Amma Pezeşkian bu məsələdə ritorikanın yumşalmasında əhəmiyyətli rol oynaya bilər. Ona görə də qısa zamanda olmasa da, müəyyən müddətdən sonra İranın mövqeyində dəyişiklik əlamətlərinin hiss olunması gözləniləndir”.


Geri qayıt