Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib
Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdiribBu gün, 09:47 |
Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Kilsə əleyhinə bəyanatlar səsləndirib. Paşinyan deyib ki, əgər II Qaregin Vazgen Qalstanyan (Baqrat) və Gevorq Acapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, o, adıçəkilən şəxslərin ideologiyasını və ölkədə hərbi çevriliş etmək, insanları küçələrdə güllələmək, xaos yaratmaq planlarını dəstəkləyir:
"Belə olduğu təqdirdə, Vaqarşapatın genişləndirilmiş icmasına daxil olan heç bir ərazi hüquq-mühafizə orqanlarının fəaliyyətindən kənarda qala bilməz. Xüsusilə də ona görə ki, Ktriç və bir neçə digər şəxsin sayəsində həmin ərazilər əxlaqsız davranışlar üçün hələ də əlverişlidir". Qeyd edək ki, ötən ay arxiyepiskop Vazgen Qalstanyanın lideri olduğu hərəkatın Ermənistanda terror və hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb. Ermənistanın baş naziri ölkəyə yeni Konstitusiyanın lazım olduğunu da bir daha vurğulayıb. Onun sözlərinə görə, Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni Konstitusiyaya ehtiyac duyur: "Elə bir Konstitusiyaya ki, xalq onu özünün hesab etsin, doğma saysın. Elə bir həyat qaydasına ki, onu xalq özü öz Vətən-dövlətində yaşamaq üçün müəyyənləşdirsin".
Siyasi şərhçi Əli Oruclu deyib ki, Ermənistanda dövlət çevrilişinə cəhd barədə rəsmi məlumatlar bu ölkədə siyasi vəziyyətin gərginliyini və mürəkkəbliyini bir daha ortaya qoydu. Ekspert bildirib ki, Ukrayna-Rusiya cəbhəsində ABŞ Prezidenti Donald Trampın yürütdüyü siyasəti ilə Kremlə yeni nəfəslik açdıqdan sonra Ermənistanda son dövrlər Nikol Paşinyana qarşı olan qüvvələrin fəallaşdırıldığı aydın görünürdü:
"Moskva arsenalında olan vasitə və alətləri koordinasiyalı hərəkətə gətirərək indiki baş naziri vəzifəsindən kənarlaşdırmaq xətti götürdü. Bir tərəfdə Erməni Apostol Kilsəsini, digər tərəfdə Moskvaya bağlı iş adamlarını, siyasi və ictimai çevrələri mütəşəkkil qaydada hakimiyyətə qarşı yönəldərək açıq şəkildə hərəkətə keçib. Ermənistanda dövlət çevrilişinə cəhd göstərilməsi həm də onunla izah oluna bilər ki, Moskva tələsir, 2026-cı il seçkilərini gözləmək istəmir. Eyni zamanda Kremlin istifadə etdiyi kartların saxtakarlığı və etibarsızlığı faş edildi. Paşinyan tərəfindən zərərsizləşdirildi. Ciddi kopromatlar katalikos II Qaregeni çətin duruma saldı. "Taşir" şirkətlər qrupunun sahibi, çirkli pulların yuyulmasında xüsusi rol alan və FTX-nin təlimatı ilə hərəkət edən rusiyalı iş adamının həbsi, eləcə digərlərinin zərərsizləşdirilməsi Moskvanı öz planlarında korrektələr etməyə məcbur etdi".
Siyasi şərhçi əlavə edib ki, zəif hakimiyyət olsa da, Kremldə Paşinyanı dəyişə, ona ciddi müqavimət göstərə biləcək qüvvə demək olar qalmayıb:
"Üstəlik, indiki hakimiyyətə Qərbin hərtərəfli dəstəyi qalır. Qərb Paşinyanı təhlükələrdən qorumaq üçün lazımi addımları atmaqdadır. Baqrat Qalstanyan çoxdan Paşinyanın "qara siyahı”sında idi. Rusiya xüsusi xidmətinə bağlı olan erməni kilsəsi əvvəlcə onu qabağa versə də, bundan nəticə hasil olmayınca Qaregin özü meydana çıxdı. Onun övladının olmasının ortaya çıxması katalikosun əl-qolunu bağladı. Ermənistandakı dövlət çevrilişinə cəhdə bağlı digər versiya ondan ibarətdir ki, erməni baş nazir 2026-cı il seçkilərinədək ona mane ola biləcək qüvvələri sıradan çıxarmaqla özü üçün əlverişli ortam yaradır. Rusiyanın açıq mövqe göstərməsi isə Paşinyana göydəndüşmə bəhanə verəcək".
Geri qayıt |