Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır
İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırırDünən, 17:10 |
“Hakimiyyət dayanmayacaq, Ermənistan Respublikasının baş prokuroru daha iki müxalifət deputatını toxunulmazlıqdan məhrum etmək üçün yenidən parlamentə gedəcək”. Bu açıqlama ilə “Johovurd” qəzeti çıxış edib. Qəzet hökumətdəki mənbələrə istinadən yazır ki, hüquq-mühafizə orqanları hazırda parlamentin “Ermənistan” fraksiyasının deputatları Qarnik Danielyanı və İşxan Saqatelyanı “Terror işi”nə cəlb etməklə məşğuldur. Onlar keşiş Baqrat Qalstanyanın terror planlarının həyata keçirilməsinin əsas “qəhrəmanları” hesab olunur. “Üstəlik, prokuror Milli Məclisə “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının lideri İşxan Saqatelyanın həbsi və Qarnik Danielyanın yalnız cinayət işinin başlanması üçün toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı vəsatətlə gedəcək. “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan isə dünən Qarnik Danielyanı keşiş Baqratın evinə kirayə haqqı ödədiyini və bununla terrora sponsorluq etdiyini bildirərək ona qarşı daha ağır cəza verilməsini təklif edib. Lakin “Johovurd” bildirir ki, “Vətəndaş Müqaviləsi”nin Qarnik Danielyanı saxlamamaq, İşxan Saqatelyanı həbsə almaqla bağlı siyasi qərarı var. Qeyd edək ki, iyulun 7-də “Ermənistan” fraksiyasının daha iki liderinin deputat toxunulmazlığı ləğv edilib. Sabiq müdafiə naziri, Xocalı qatili Seyran Ohanyan və Artsvir Minasyan deputat mandatından məhrum edildiklərinə görə həbs oluna bilərlər. Artıq onların barəsində cinayət işi açılıb. Əgər Danielyanın və Saqatelyanın da toxunulmazlıq statusu aradan qaldırılarsa, eks-prezident Robert Köçəryana bağlı olan “Ermənistan” fraksiyasının deputatlarının sayı 29-dan 25-ə enəcək. Bu isə qarşıdakı bir ildə Baş nazir Nikol Paşinyana qarşı impiçment elan edilməsi prosedurunun pozulması deməkdir. Yəni müxalifətin deputat yerləri azaldığına görə baş nazirə etimadsızlıq məsələsinin parlamentdə müzakirəyə çıxarılması üçün lazım olan 36 səsi toplaya bilməyəcək. İkincisi, “Ermənistan” fraksiyasında aparılan həbslər Paşinyanın 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində kilsə-Köçəryan ittifaqına, yəni Rusiyadan dəstəklənən revanşist müxalifətin qələbəsinə imkan verməmək niyyətini göstərir. Buna nail olmaq üçün Paşinyan bütün inzibati resurslardan istifadəyə başlayıb. Paralel olaraq “Terror işi” üzrə Eçmiədzin kilsəsində ruhanilərin həbsinin davamı və katolikos II Qareginin istefaya məcbur ediləcəyi gözlənilir. Qeyd edək ki, Paşinyanın hazırda parlament müxalifətinə qarşı siyasi təzyiqlərinin olacağı barədə məlumatlar hələ 2022-2023-cü illərdə yayılmışdı. Onun növbəti parlamentə rusiyayönümlü müxalifəti buraxmamaq planları hazırladığı bildilirdi. Baş verən hadisələr həmin məlumatların doğruluğunu göstərir. Paşinyanın yeni parlamentdə qərbyönümlü müxalifəti görmək istədiyinə dair proqnozlar öz təsdiqini tapmağa başlayıb. Müşfiq Abdulla Geri qayıt |