Əsas Səhifə > Ana xəbər / Güney Press > 3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı

3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı


Dünən, 17:14

“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən 2025-ci ilin yay aylarında elan edilən üç vacib satınalma tenderi ləğv olunub.

FED.az xəbər verir ki, hər üç müsabiqənin ləğv edilmə səbəbi eynidir: satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunan hallarda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olub. Bu isə “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən tenderlərin keçirilməsinin mümkünsüzlüyü ilə nəticələnib.

Ləğv edilən ilk tender üzrə 4.000 ədəd su sayğacı üçün plastik qutunun alınması planlaşdırılırdı. Bu satınalmanın ehtimal olunan dəyəri 53.855 AZN təşkil edirdi. Müsabiqə 4 iyun 2025-ci il tarixində elan edilmiş, zərflərin açılışı isə 2 iyul 2025-ci ilə təyin olunmuşdu.

İkinci tender çərçivəsində emal qurğularında – yəni içməli və zərərsizləşdirmə qurğularında istifadə olunacaq mal-materialların satınalınması nəzərdə tutulurdu. Bu tenderin ehtimal olunan qiyməti 967.098,50 AZN idi. Müsabiqə 22 may tarixində dərc olunmuş, 19 iyun 2025-ci il tarixində bağlanmalı idi. Lakin yenə də tələb olunan sayda təchizatçı çıxış etmədiyindən prosedur yarımçıq dayandırılıb.

Üçüncü və ən texniki tender isə “Maye xlor reagenti”nin alınması ilə bağlı idi. Satınalma sənədlərinə əsasən, 15 ton maye xlor 50 kq-lıq balonlarda, 60 ton maye xlor isə 1 tonluq konteynerlərdə alınmalı idi. Bu alışın ehtimal olunan qiyməti 299.130 AZN idi. Tender 26 may 2025-ci il tarixində elan olunmuş, zərflər 23 iyunda açılmalı idi. Amma bu tender də eyni səbəbdən – iştirakçıların azlığı üzündən ləğv olunub.

Ümumilikdə, ləğv olunan üç tenderin cəmi ehtimal olunan dəyəri 1.320.083,50 AZN-dir.


Geri qayıt