Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Pezeşkianı irqçilərə yem etməyəcək
Azərbaycan Pezeşkianı irqçilərə yem etməyəcəkBu gün, 08:59 |
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə Xankəndidə görüşməsi region ölkələrinin mediasında ciddi əks-səda doğurdu. Xüsusilə Pezeşkianın Azərbaycan və Türkiyə liderləri ilə birgə görüntüsü, səmimi dialoqları İran və Ermənistanda bəzi media qurumlarının tənqid hədəfinə çevrildi. Erməni lobbisinin təsiri altında olan İrandakı dairələr Pezeşkianın hərəkətini hətta "siyasi xəyanət" kimi təqdim etdilər. Tənqidlərin hədəfində Pezeşkianın Azərbaycanla yaxınlaşması, Ermənistanla münasibətlərin gələcəyi və İranın Qarabağ məsələsindəki ənənəvi mövqeyindən vaz keçməsi dayanır.
Tarixçi-alim, professor, keçmiş millət vəkili Nəsib Nəsibli deyib ki, üç ölkə liderinin - İlham Əliyev, Pezeşkian və Ərdoğanın birgə fotosu dünya mediasını dolaşır. Alimin sözlərinə görə, dost da, düşmən də bu fotoya münasibət bildirir:
"Bu görüntü Qarabağ zəfərindən sonra bölgədəki geosiyasi gedişatı göstərən sənəddir. Ələlxüsus İran Prezidenti Məsud Pezeşkianın iki Türk dövlətinin lideri ilə səmimi ortamda söhbəti həqiqətən son dəyişikliyin göstəricisidir. Pezeşkian yeganə prezidentdir ki, "mən türkəm, türklüyümlə fəxr edirəm deyir". 1993-cü ilin əvvəllərində siyasi liderlərdən biri ilə Tehranda təkbətək görüşmüşdüm. İrandakı türklər arasında elə də böyük hörməti-filanı yox idi. İnqilabdan sonra eyforiyaya qapılıb öz soydaşlarına qarşı çox cinayətlər etmişdi. Onun dediyi fikir sözügedən fotonu anlamağa kömək edə bilər. Dedim ki, "Azərbaycan Respublikası bir türk ölkəsidir, varlığı İrandakı türklərə təsir edəcək və onları “İran” vahidindən qopmağa təhrik edəcək". Düşündüm ki, etiraz edəcək. Amma adam "Azərbaycan, Türkiyə, İrandakı türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər ki?!" dedi. Türkçülükdən uzaq İrançı xadimin sözü mənalı idi. Demək ki, o da bu məsələləri düşünürmüş...".
Tarixçi vurğulayıb ki, Pezeşkian türkçü platformda seçkiyə qatılıb və ali rəhbərin maneəsi olmadan seçkini qazanıb:
"Türklərin və başqa fars olmayanların səsləri ilə seçkini udub. Seçkidən hələ bir il keçməyib. Pezeşkianın Azərbaycan və Türkiyə ilə münasibətlərin istiləşməsi tərəfdarı olması üzündəki təbəssümdən də görünür. Hələlik azərbaycanlılara vəd edilmiş problemlərin - təhsil sistemində ana dilinin öyrədilməsi, Urmunun qurtarılması, Azərbaycan sərvətlərinin İranın başqa bölgələrinə daşınmasının qarşısının alınması və s. heç biri həll edilməyib. Amma rəsmi siyasi ortamda ciddi müzakirə mövzusuna çevrilib. Bu, problemin çözülməsi üçün ilk ciddi addımdır. Pezeşkianın ən böyük xidməti bunlar deyil. O, qatı türk düşməni olan İran dövlətində türklük üzərinə qoyulmuş tabunu alt-üst etdi. Milli kimliyin inkişafının yolunu açdı. İrandakı türklərin ən böyük probleminin milli kimlik olduğunu göz önünə alsaq, məsələnin həssaslığını idrak edə bilərik".
N.Nəsibli qeyd edib ki, üçlü fotodan İrandakı şovinist-irqçi kəsim, bir də bizim xaricdə olan milli fəalların bir hissəsi yaman narahatdır:
"Türk düşmənlərinin münasibəti anlaşılandır, məntiqlidir. Amma bizimkilərin Pezeşkian şəxsiyyətinə düşmən kəsilməsi məntiqsizdir. Deyirlər, “bu adam milli hərəkatın lideri olmaq istəyir”. Eyvallah, qoyun olsun, yetər ki, xidmətləri sayəsində bu adı qazansın. Bu qədər həngamədən sonra yenə deyirlər ki, bu, oyundur. Yaxud deyirlər ki, “İran dağılmaq ərəfəsində idi, bu gəldi, prosesi ləngitdi”. Bu yanlışı sübut etməyə gərək yoxdur. Pezeşkian məsələsi İran dərin dövlətinin layihəsi olsa belə, baş verənlər göstərir ki, qurğu yanlış planlaşdırılıb. Bəziləri bildirir ki, Pezeşkianın səlahiyyətləri məhduddur, əlindən bir iş gəlməz. Məhdud səlahiyyətlə böyük işlərə ustaca girişirsə, bu, onun ciddiliyinə dəlalət edir. Əslində, biz ona Tanrıdan səbr və tədbirli olmaq arzulamalıyıq. Azərbaycan Pezeşkianı irqçilərə yem etməyəcək və seçkidə verdiyi dəstəyi daha da artıracaq. "Bu şansı yaxşıca dəyərləndirib, özümüz fəal olmalıyıq" fikirləri də gələcəyə ümidlə baxmağa əsas verir".
Geri qayıt |