Əsas Səhifə > Ana xəbər / Güney Press > Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü”

Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü”


Bu gün, 12:38

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov, eləcə də idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Sirac Axunxov bildirib ki, o, Gənclər və İdman Naziriyində əsasən, döyüş-güləş idman növləri üzrə tədbirlərin təşkil edilməsində məsul şəxs olub:

“Mən sambo, güləş, taekvondo və karate kimi idman növləri üzrə yarışların təşkil edilməsində kurator vəzifəsində çalışırdım. Bu yarışlar plan təqvimi üzrə təşkil olunurdu. Bunlar üçün də müəyyən vəsait ayrılırdı. Yarışlar bəzən saat 10-11-dək davam edirdi və əlbəttə nəqliyyat xərcləri də ödəməli olurduq. Belə yarışlar üçün ayrılmış vəsait mənim şəxsi kart hesabıma köçürülürdü. Bankdan onu çıxarıb həmin xərclərə sərf edirdim. Bəzən həmin plandan əlavə yarışlar da keçirirdik və qalibləri mükafatlandırırdıq. Belə yarışlar üçün əlavə xərcləri Eldəniz Qulamovdan alırdım. Çünki ümumi vəsait onda olurdu. Eldəniz Qulamov həmişə bunun qeydiyyatını aparırdı və ayın axırı hesabatda göstərirdi”.

Hakim Eldəniz Qulamovdan pulun niyə bu qaydada çıxarılmasının səbəbini soruşub.

Qulamov bildirib ki, bank kartı vasitəsilə vəsaitin idmançılara ötürülməsi uzun və mürəkkəb prosedur olduğu üçün alternativ yola əl atıblar:

“Yarışlarda birdən hansısa xərc yaranırdı. Məsələn, idmançılara yol üçün 5-10 manat artıq pul lazım olurdu. Əlbəttə bu xərc bank kartından nağdlaşdırılmalı və bankla razılaşdırılmalı olduğu üçün həm prosesi ləngidirdi, həm də komissiya ödədiyimiz üçün əlavə xərc yaranırdı. Burda böyük məbləğlərdən söhbət getdiyi üçün bank da komissiya tuturdu. Buna görə pulu nağd çıxarıb, özümüzdə saxlayıb, oradan lazımi məqsədlərə xərcləyib qeydiyyat aparırdıq”.

Dövlət ittihamçısı belə pul köçürülməsinin və çıxarılmasının düzgün olmadığını bildirib.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid deyib ki, o, 500 manat maaş alıb və bəzi tədbir planından artıq olan xərcləri öz cibindən qarşılayıb: “Elə vaxt olub ki, əlavə xərcləri öz cibimdən qarşılayırdım, ayın sonunda Eldəniz bəydən alırdım”.

Hakim onun etdiyi əməlin düzgün olmadığını qeyd edib: “Sən müdirinin insafına qalmısan ki. Birdən ayın sonu müdirin o pulu verməsəydi, onda nə edəcəkdin?!”.

Şahid bu sualı cavablandırmaqda çətinlik çəkib.

Növbəti məhkəmə prosesi iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Gənclər və İdman Naziriyi tanınıb.

İbtidai istintaqda dəymiş ziyandan 100 min manatın ödənilməsi təmin edilib.


Geri qayıt