Əsas Səhifə > Ana xəbər / Güney Press > “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...”
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...”Dünən, 06:34 |
“Orada yaşayan ruslar və digər millətlər kimi azərbaycanlılar da Rusiyanın sahibi hesab olunmalı və ruslar qədər onların da haqq və hüquqları qorunmalıdır. Həm də ona görə ki, Rusiya Azərbaycan da daxil olmaqla, 15 respublikanın və 100-dən çox millətin birgə qurduğu və qoruduğu Sovet İttifaqının varisidir. Və həmin SSRİ-nin Hitler faşizmindən müdafiə olunması uğrunda 300 mindən çox azərbaycanlının qanı tökülüb...”
Moderator.az-a açıqlamasında Rusiya ilə münasibətlərimizin gələcəyi, orada yaşayan soydaşlarımızın gələcək taleyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələlərdə rolu ilə bağlı mövqeyini bildirən Azad Vətən Partiyasının sədri Akif Nağı önəmli məsələlərə toxundu:
Rusiya ilə münasibətlərin gələcəyi və iqtisadi əlaqələr...
“Təbii ki, Rusiya ilə münasibətlərimizin gələcəyi hər birimizi narahat edir və maraqlandırır. Rusiya böyük bir qonşumuzdur və Azərbaycan üçün böyük bir bazardır. Neftimizin xeyli bir hissəsi xaricə Rusiya ərazisi vasitəsilə Novosibirsk neft kəməri ilə çıxarılır. Rusiyanın da marağı var ki, özünün ucuz neftini aşağı qiymətə Azərbaycana satsın. Yəni, arada ticari əlaqələr də var ki, həm Azərbaycan, həm də Rusiya qarşılıqlı şəkildə həmin ticari əlaqələrdən mənfəət götürürlər. Digər istiqamətlərdə də əməkdaşlıq münasibətləri mövcuddur və bu münasibətlərin nəyin bahasına olursa-olsun saxlanması həm Azərbaycanın, həm də Rusiyanın marağındadır. Hesab edirəm ki, bu iqtisadi maraqlar, ən azından, məcbur edəcək ki, Rusiya Azərbaycanla münasibətlərini düzəltsin və hər iki tərəf bunda maraqlı olduğundan, münasibətlər tədricən yaxşılaşacaqdır. Bununla belə, hər iki tərəf, ilk növbədə də Rusiya, baş verənlərdən özü üçün nəticə çıxarmalıdır.
Soydaşlarımızın taleyi...
Rusiyada yaşayan həmvətənlərimizin taleyi isə, əlbəttə ki, hər birimizi narahat edən bir məsələdir. Xaricdə yaşayan hansısa bir etnik azərbaycanlının hansısa bir ölkənin vətəndaşı olub-olmaması fərq etməz, onun vəziyyəti və ona olan təzyiqlər cəmiyyət olaraq da, dövlət olaraq da bizi narahat edəcək. Və İndən belə bu mövzuda Dövlət Diaspor Komitəsi üzərinə ağır işlər düşür.
Hesab edirəm ki, Dövlət Diaspor Komitəsi Rusiyadakı Azərbaycanlara qarşı bu təzyiqlərin qarşısını almaq üçün nə etmək lazım olduğunu göstərən kompleks bir proqram hazırlayıb ortaya qoymalıdır. Təəssüf edirəm ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Diaspor Komitəsinin səsini eşitməmişik... Özü də həmin hadisələr bu gün baş verməyib. Bildiyimə görə, ən azı son iki ildə Rusiyanın müxtəlif yerlərində Azərbaycanlara, xüsusilə diaspor fəallarına və diaspor rəhbərlərinə qarşı çox böyük təzyiqlər mövcuddur. Arxangelsk, Pyatiqorsk və Yaroslavldakı Azərbaycan diaspora rəhbərlərinə qarşı təzyiqlər olmuşdu. Yəni, bu cür hərəkətlər artıq son iki ildə baş verir. Haqsız yerə Azərbaycan diaspor fəalları həbs edilir. Son olaylar zamanı isə Moskva ətrafı diasporumuzun rəhbəri Elşən İbrahimovun həbsi heç bir ölçüyə sığmır. Bütün bunlara Diaspor Komitəsi kompleks şəkildə yanaşmalı, Rusiya hökuməti qarşısına məsələ qoymalıdır ki, bu cür təzyiqlərdən geri çəkilsinlər....
Azərbaycandakı Rus icması da yoxlanılmalıdır...
Əks halda hesab edirəm ki, əgər Azərbaycan diaspor təşkilatlarına təzyiqlər davam edəcəksə, eynilə mən istəyirəm ki, Azərbaycanda Rus icması deyilən bir qurum var və ona çox böyük, rahat şərait yaradılıb, - onların da fəaliyyəti yoxlanılsın. “Rus Evi”nin və “Sputnik- Azərbaycan”ın məlum “nümunə”lərindən dərs çıxarıb, on illərdir Milli Məclis kreslosunda əyləşmiş Mixail Zabelinin rəhbərlik etdiyi Rus icmasının da Azərbaycanda onlara yaradılan bu şəraitdən yararlanaraq nə ilə məşğul olmalarını yoxlamaq lazımdır...
Azərbaycanlılar da Rusiyanın sahibidir...
Bundan əlavə, Kremldə əyləşənlərin diqqətinə bir məqam da çatdırılmalıdır ki, Rusiyada yaşayan azərbaycanlıların böyük bir hissəsi Rusiya vətəndaşıdır. Və onlar kimi Rusiya vətəndaşı olmayanlar, yaxud müvəqqəti oturum hüququ olanlar, müvəqqəti yaşayış və iş icazələri olanlar da artıq Rusiyada yaşayan şəxslərdir və onlara qarşı da hər hansı ayrı-seçkiliyə yol verilməməlidir. Orada yaşayan ruslar və digər millətlər kimi azərbaycanlılar da Rusiyanın sahibi hesab olunmalı və ruslar qədər onların da haqq və hüquqları qorunmalıdır. Həm də ona görə ki, Rusiya Azərbaycan da daxil olmaqla, 15 respublikanın və 100-dən çox millətin birgə qurduğu və qoruduğu Sovet İttifaqının varisidir. Və həmin SSRİ-nin Hitler faşizmindən müdafiə olunması uğrunda 300 mindən çox azərbaycanlının qanı tökülüb...
Türk və müsəlman diasporaları ilə həmrəylik...
Onu da nəzərə almaq lazımdır ki, Rusiyadakı azərbaycanlılar digər türk və müsəlman kökənli diaspora təşkilatları ilə birgə fəaliyyət göstərərək, bir çox istiqamətlərdə daha çox təsir gücünə malik ola bilərlər. Bu baxımdan tatarlarla, qazaxlarla, qırğızlarla, özbəklərlə, taciklərlə və digər ölkələrin soydaşları ilə birgə həmrəyliyin daha da gücləndirilməsi vacibdir...
Hüquqlarımızın müdafiəsi və mübarizə ruhu...
Əvvəlki illər ərzində diaspor təşkilatlarımızın əsas fəaliyyəti Azərbaycanın təbliğatı üzərində qurulmuşdu. Biz dünyaya ölkəmizin gücünü, mədəniyyətini, tarixini, Qarabağla bağlı haqlarımızı tanıtdıq. Ancaq indi bir addım irəliləməliyik. İndi artıq vaxtıdır ki, oradakı soydaşlarımız öz hüquqlarını açıq şəkildə müdafiə etsinlər. Bunu Rusiya da başa düşməlidir. Bütün dünya miqrantların hüquqlarını müdafiə etmək üçün mübarizə apararkən, azərbaycanlılar da öz hüquqlarını müdafiə etməkdən çəkinməməlidir...
Düşünürəm ki, burada bir paralel də çəkə bilərik. Məsələn, ABŞ-da Donald Tramp miqrantlara qarşı sərt siyasətlər yürütdü. Lakin həmin miqrantlar birləşərək, sarsılmaz bir iradə ilə, öz haqlarını müdafiə edərək, Trampı xeyli dərəcədə geri çəkilməyə məcbur etdilər. Bu da Rusiyadakı soydaşlarımıza bir dərs olmalıdır. Onlar da hər zaman öz haqlarını müdafiə etməlidirlər, çünki onlar haqlıdırlar.
Son söz əvəzi:
Beləliklə, biz bütün bu məsələlərə ciddi yanaşmalı və Rusiya ilə əlaqələrimizdə həm iqtisadi, həm də insan hüquqları baxımından Azərbaycanın maraqlarını qorumağa davam etməliyik. DövlətDiaspor Komitəsinin daha fəal və təşkilatçı olmasına, soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində daha çox iş görülməsinə ehtiyac vardır...”
Geri qayıt |