Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür?

Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür?


Bu gün, 11:05

Bakının Yasamal rayonunun “Bayırşəhər” adlanan hissəsində tarixi binaların sökülməsi barədə etirazlar artır. Ərazidə yaşayan ailələrin köçürülməsi davam edir, onların sonradan həmin tarixi binalara qayıtmaları isə mümkünsüz görünür.

Tanınmış memar Abdul Hüseynov Pravda.az-a açıqlamasında deyib ki, Memarlar İttifaqının tərkibində “Vətəndaş” İctimai Hərəkatı adından müəyyən ərazilərdə tarixi binalar olmasına dair İttifaqa iki il əvvəl arayışlar göndərilib.

O bildirib ki, Memarlar İttifaqı da öz adından həmin arayışları müxtəlif dövlət strukturlarına göndərir: “Bundan sonra İttifaqın üzvü kimi deyil, memar Abdul Hüseynov olaraq öz adımdan aidiyyəti qurumlara müraciətlər etmişəm. Hələ ki cavab yazmırlar. Cavab yazan strukturlar da var. 2015-ci ildə “Bayırşəhər” adlandırdığımız Təzəpir məhəlləsindəki yuxarı “Sovetski” küçəsi söküləndə onlarla tarixi memarlıq abidələrni reyestrdən çıxardılar ki, ərazidə park salınacaq. Binaların bir qismi Təzəpir məhəlləsinə düşüb. Cənab Prezidentin təsdiq etdiyi Baş plana görə, həmin ərazi “Xüsusi Mühafizə Zonası”dır. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məktub yazdıq ki, indi orada park salınmır, on-on iki tarixi binanı yenidən reyestrə salın. Məktubumuza yarım il əvvəl yazılan cavabda deyilib ki, tarixi binalar qorunacaq. Amma ortada nə Nazirlər Kabinetinin qərarı, nə də ictimai rəy var ki, bu abidələr yerinə qaytarılsın. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tərkibindəki Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət etmişdik. Cavab yazdılar ki, həmin ərazidə tarixi-memarlıq abidələri qorunacaq. Mən də sual qaldırdım ki, həmin ərazi tarixi ərazidir. Baş plana görə, “Xüsusi Mühafizə Zonası”ndan bərpa və yenidənqurma məqsədilə köçürülən insanlar yenidən həmin evlərə qaytarılmalıdır. Ərazidə yaşayan sakinlərdən biri mənə müraciət etdi ki, Bəşir Səfəroğlu küçəsindəki bir evin sakinlərini köçürüblər, evi isə dağıtmağa başlayıblar. Artıq eyni hal üçüncü-dördüncü dəfədir ki, təkrarlanır. Tolstoy küçəsində Məşədi Qafar İsmayılov tərəfindən layihələndirilmiş, birmərtəbəli gözəl tarixi bina var. Onu da dağıtmağa başladılar. Aidiyyəti üzrə yenə məktublar yazdıq. İki gündən sonra söküntünü dayandırdılar. Təxminən, bir həftə əvvəl Zərgərpalan küçəsində şəxsi mülkü dağıtmağa başladılar. Başa düşürəm, həmin bina tarixi abidə statusunda deyil, amma “Xüsusi Mühafizə Zonası” kimi təyin olunan ərazidə belə hərəkətlər etmək olmaz. Bu qanunsuzdur. Etdikləri hərəkətlər Baş planla uyğun gəlmir. Nəyisə sökürsənsə, bunun planı olmalı, tarixi binalara zərər yetirilməməlidir. Bu binaları yerli icra hakimiyyəti orqanı adından sökürlər. Amma Baş plana əsasən, icra hakimiyyətinin orada heç bir söküntü işləri aparmaq hüququ yoxdur. Bütün bu məsələləri aidiyyəti dörd qurumun nümayəndələrindən ibarət Komissiya həll edir. Mən ərazinin sakini deyiləm, sadəcə, Bakı şəhərində yaşayan memaram. Gəncədə, Sumqayıtda yaşayan həmkarlarımız da bizə qoşulurlar, dəstək verirlər. Biz istəyirik ki, bu işlər cənab Prezidentin təsdiq etdiyi Baş plana uyğun getsin. İşi qanuna uyğun icra etməlidirlər”.

Memar əlavə edib: “Mənzildə yaşayan sakinin hüququdur ki, həmin mənzili satsın, yaxud kirayə versin. Amma adam mənzili satıbsa, o demək deyil ki, onu dağıtmalıdırlar. Əsas məsələ məhəllədaxili strukturu qorumaqdır ki, bu da Baş planda öz əksini “Xüsusi Mühafizə Zona”sı kimi tapıb. Orada tarixən formalaşan icma var. “İçərişəhər”dən sonra “Bayırşəhər” formalaşıb. Bu tarixi ərazi piyadalaşdırılmalıdır, tarixi-memarlıq abidələrinə zərər vuran ağır tonajlı avtobusların və avtomobillərin istiqamət marşrutlarına baxılmalıdır. Sözügedən məhəllələr XIX əsrə aid konkret müsəlman məhəllələridir. Sakinlərlə görüşəndə dedim ki, maraqlı vəziyyət yaranıb, yüz il əvvəl daşnaklarla bolşeviklər birləşmişdilər. Həmin ərazidə azərbaycanlı müsəlmanlar müqavimət göstərmiş, onları ərazidən qovmuşdular. Ermənilər o tarixi binaları dağıtmadılar, özümüzkülər dağıdır. Həmin mülklər indiyə qədər mövcuddur – Aşurbəyovların, Nağıyevin, Əlibəyovların və sairə. Çox absurd vəziyyət yaranıb, istiqamət dəyişib. Prezident Administrasiyasına da məktub yazdıq, məktubu yerli icra hakimiyyətinə göndərdilər, icra hakimiyyəti də MTK-nın mühəndisinə yönəltdi... Mühəndis yazdı ki, ərazidə söküntü işləri yoxdur. Üç-beş gün sonra isə Tolstoy küçəsində söküntü başladı. Zərgərpalan küçəsindəki tarixi evin birini sökəndə dedilər ki, burada narkomanlar yaşayır. Evin sahibi bildirdi ki, evdə yaşamasam belə, sənin sökməyə ixtiyarın yoxdur. Maraqlı vəziyyət yaranır. Narkomanlar olsa da, bunun çarəsi evi sökmək deyil, başqa çıxış yolları tapılmalıdır. Əlimiz yaralıdır deyə bütün qolumuzu kəsməliyik? Onlar isə məsələyə belə yanaşırlar”.


Geri qayıt