Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldıBu gün, 08:32 |
Azərbaycan və Ermənistan arasında danışıqların vasitəçisiz aparılması, xüsusilə də Əbu-Dabidə baş tutan görüşdən sonra İrəvanda daxili siyasi gərginlik müəyyən qədər artıb. Baş nazir Nikol Paşinyanın sülh gündəminə sadiq qalması, regionda kommunikasiya xətlərinin açılması, sərhədin delimitasiya və demarkasiyası kimi proseslərə razılıq verməsi Ermənistanda revanşist qüvvələr, kilsə və müxalif dairələrin ciddi narazılığına səbəb olub. Paşinyanın atdığı bu addımlar Rusiya başda olmaqla bəzi xarici güclərin də təzyiqləri ilə müşayiət olunur. Moskva İrəvanın Qərbə inteqrasiya səylərindən, KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşmasından narazıdır və bu fonda Paşinyanın daxili dayaqlarını zəiflətmək üçün müxtəlif mexanizmləri işə sala bilər. Son aylarda Ermənistanda keçirilən etiraz aksiyaları, kilsənin fəallaşması və bəzi Rusiya yönlü siyasi fiqurların yenidən səhnəyə çıxması da bu kontekstdə dəyərləndirilir. Lakin erməni cəmiyyətində baş nazirə dəstək zəifləsə də, hazırda onu əvəzləyə biləcək real alternativ görünmür. Amma davam edən sülh prosesi və bu fonda yaranan daxili təzyiqlər Paşinyanın siyasi taleyini ciddi şəkildə risk altına sala bilər. Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, hazırda Nikol Paşinyanın vəziyyəti qəlizdir: “Rusiya faktiki olaraq onun devrilməsini, Kremlə sadiq yeni bir şəxsin hakimiyyətə gəlməsini istəyir. Əgər 2020–2021-ci il seçkilərində Paşinyan daha məqbul namizəd idisə, indi bu, belə deyil. Çünki o vaxt İrəvan hökumətinin Azərbaycanla yeni müharibəyə başlamasından danışmaq mümkün idi. Ona görə də Kreml onun hakimiyyətdə qalmasına razılıq verdi. İndi isə 2026-cı il seçkilərinə hazırlıq gedir və Moskva Paşinyanın hakimiyyətdə qalmasını istəmir. Rusiya hazırda Ukrayna ilə müharibəni davam etdirir. Bu fonda onun Ermənistandakı mövqeləri zəifləyib. Belə olan halda Paşinyan daha sərbəst hərəkət edə bilir və artıq ölkə daxilində bütün rəqiblərini aradan qaldırıb. Kilsənin nüfuzu isə getdikcə zəifləyir. Paşinyan hakimiyyətini qorumaq üçün kilsə ilə belə üz-üzə gəlir”. Politoloq bildirib ki, İrəvan öz yolunu getmək istəyir və bu, Qərbə inteqrasiya siyasəti ilə özünü büruzə verir: “Ermənistanı Ukrayna və Gürcüstandan fərqləndirən cəhət odur ki, Paşinyan ağıllı addımlar atarsa, onu kimlərin qoruyacağının yaxşı fərqindədir. Bu ölkənin coğrafi mövqeyi Türkiyə və Azərbaycanla yaxınlaşmanı zəruri edir. Sülh sazişi ilə bağlı konstruktiv addımlar atarsa, Bakı və Ankara İrəvana münasibətini dəyişə bilər. Əbu-Dabidə baş tutan son görüş tarixi idi, ilk dəfə bu qədər detallı məsələlər müzakirə edildi. Bu görüşdə Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların konturu cızılıb. Yəni bu gün artıq iki ölkə arasında əldə edilən sülhün qarşısını almaq çox çətin olacaq. Buna cəhd edəcək ölkələrin niyyəti nəticəsiz qalacaq.” Geri qayıt |