Azərbaycanda gömrük sistemində çalışan bəzi əməkdaşlar, illərlə xidmət göstərmələrinə baxmayaraq, xüsusi rütbə ilə təmin olunmurlar. Bu isə qanunvericiliyin açıq şəkildə pozulması, əmək hüquqlarının məhdudlaşdırılması və ikili standartla yanaşma deməkdir. Məsələn, “Azərterminalkompleks” Birliyində illərlə inspektor vəzifəsində fəaliyyət göstərmələrinə baxmayaraq, hələ də xüsusi rütbə ilə təmin edilməyən əməkdaşlar var. Halbuki, eyni statusda çalışan və daha az stajı olan əməkdaşlara ilkin rütbələr verilib. Bəs bu məsələyə hüquqi yanaşma necə olmalıdır? Qanunvericiliyə görə, inspektor vəzifədəsində 6 aydan artıq rütbəsiz çalışmaq yolverilməzdir. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməməli, hər bir əməkdaş eyni şərtlərlə bərabər hüquqa malik olmalıdır. Bu prinsip pozularsa hüquqi məsuliyyət yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə görə, heç kəs yaşına, vəzifəsinə və digər sosial statusuna görə hüquq və azadlıqlardan məhrum edilə bilməz. Sual olunur, bəs bu işçilərə niyə ayrı-seçkiliklə yanaşılır? Bu sual gömrük sistemində işə qəbulun və vəzifədə irəliləyişin nə qədər şəffaf olub-olmamasını şübhə altına alır. Digər bir problem isə xidmət illərinə uyğun rütbələrin verilməməsi ilə bağlıdır. Apaşdırmamıza görə, bu qurumda əməkdaşların xidmət illəri nəzərə alınmadan avtomatik olaraq ən aşağı rütbələr verilir. Bu isə əməkdaşların illərlə göstərdiyi xidmətin qanunla tanınmaması deməkdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 33-cü maddəsinə görə, gecikmiş xüsusi rütbələr əməkdaşın keçmiş xidmət müddətinə uyğun verilir. Ümid edirik ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi tezliklə “Azərterminalkompleks” Birliyində bir sıra əməkdaşların pozulmuş statusları və hüquqlarını bərpa edəcək, ikili yanaşmaya son qoyacaq. Çünki, bu onların deyil, sistem boşluğunun nəticəsidir.
Seherqazeti.az
Geri qayıt
|