“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?”
Dünən, 15:55
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü (Saray körpüsü) sökülərək, əvəzində 4 hərəkət zolaqlı yeni körpü inşa edilmişdi. Bu proses 3 ay davam etmiş və 2024-cü ilin dekabrından bu ilin mart ayına qədər Məhəmməd Əsədov küçəsində hərəkət məhdudlaşdırılmışdı. Həmin yoldan istifadə edən sürücülərdən bəziləri Yeniavaz.com-a müraciət edərək, yeni körpünün yanaşma yollarının genişləndirilməsi istiqamətində hazırda aparılan işlərin yenidən tıxaclara səbəb olduğunu bildirirlər. “Bu genişləndirmə işləri niyə körpünün inşası ilə eyni dövrdə aparılmayıb? İndi hər gün uzunmüddətli tıxaclar yaranır”, - sürücülərdən biri bildirib. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Məhəmməd Əsədov küçəsində Saray körpüsünün yanaşma yollarının genişləndirilməsi işlərinin aparıldığına dair məlumat yayıb. Bildirilib ki, genişləndirmə çərçivəsində mövcud yolların eni artırılaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına çatdırılacaq.