Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu

İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu


Bu gün, 06:06

ABŞ-ın Azərbaycan və Ermənistan arasında anlaşmazlığın “həlli” məqsədilə irəli sürdüyü Zəngəzur dəhlizinə 100 il müddətində nəzarət təklifi Cənubi Qafqazda rezonans doğurdu. Ermənistanın baş nazir administrasiyası dərhal bəyanat yayaraq bunun mümkünsüz olduğunu bildirdi.

Maraqlı və diqqətçəkən məqam isə Türkiyə tərəfinin açıqlaması oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Ağ Evin dəhlizə nəzarət niyyətindən xəbərsiz olduğunu söylədi. Digər tərəfdən, hazırda əsas diqqət Rusiya və İranın məsələyə necə reaksiya verəcəyinə yönəlib. Rəsmi Bakının isə bu təklifdən sonra susqunluğu və münasibət bildirməməsi maraq doğurur.

ABŞ-ın dəhlizlə bağlı təklifi Azərbaycan üçün məqbul hesab oluna bilərmi? Regionda birbaşa iştirakçı oyunçular olan Rusiya və İran təklifə necə reaksiya verəcəklər?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu plan, əsasən, Asiya ilə Avropanı birləşdirən bu mühüm nəqliyyat dəhlizinə hakim olmaq və eyni zamanda geosiyasi proseslərə təsir göstərmək məqsədini güdür:

“Nəqliyyat dəhlizləri üzərində mübarizə artıq açıq şəkildə davam edir. Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməyə çalışması, İranın isə onu öz ərazisindən keçirməyə cəhd etməsi regionda ciddi gərginlik yaradır. Hər iki ölkə bu məsələyə etirazlarını bildiriblər. Lakin düşünülür ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü zamanı Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən ortaq məxrəcə gəlinməsi mümkün ehtimaldır. Bu isə ABŞ-ın prosesdə öz mövqeyini ortaya qoyması ilə nəticələndi. Azərbaycan üçün üçüncü ölkənin bu prosesə nəzarət etməsi arzuolunmazdır. İlk növbədə, Bakı və İrəvan öz aralarında ikitərəfli razılaşmalar vasitəsilə regiondakı geosiyasi proseslərə yalnız öz maraqları çərçivəsində yanaşmalıdırlar. Azərbaycan da məsələnin bu şəkildə həllinin tərəfdarıdır”.

Politoloq əlavə edib ki, İran və Rusiya artıq Ermənistanın təzyiqləri ilə qarşılaşırlar:

“Bu mərhələdə Rusiya, ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməməsi üçün Ermənistana ciddi təzyiqlər göstərməyə çalışacaq. Ümumilikdə, ABŞ və Rusiyanın bu regionda toqquşması, region ölkələrinin bu prosesə müdaxiləsini çətinləşdirə bilər. O səbəbdən, Zəngəzur dəhlizi məsələsi yalnız Azərbaycan və Ermənistan arasında razılaşma yolu ilə həll edilməlidir”.


Geri qayıt