Əsas Səhifə > Ana xəbər / Güney Press > Quru sərhədlər haqda müzakirələr başladı
Quru sərhədlər haqda müzakirələr başladıDünən, 06:34 |
“Azərbaycan Dəmir Yolları”nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin Tbilisidə görüşü quru sərhədlərlə bağlı məsələni yenidən gündəmə gətirib. Belə ki, Gürcüstan KİV-lərinin məlumatına görə, tərəflər iki ölkə arasında dəmir yolu sərnişindaşımalarının bərpası imkanlarını müzakirə ediblər. Qeyd edək ki, Bakı və Tbilisi arasında sərnişin qatarlarının bu ilin may ayında bərpası planlaşdırılsa da, bu, baş tutmayıb. İndiki reallıqda bu, gerçəkləşə bilərmi? Globalinfo.az-a danışan sabiq deputat Rüfət Quliyev deyib ki, hökumət nümayəndələri arasında belə görüşlər faydalıdır: “Sazişlərə qol çəkilibsə, deməli, onlar ya bir ay tez, ya da bir ay gec həyata keçiriləcək. Bu, alternativ yoldur. Ümumiyyətlə, dəmiryolu nəqliyyatının qiyməti təyyarə biletlərindən xeyli ucuzdur, məsafə də çox yaxındır. Gediş-gəlişin bərpası məsələsinin müsbət həll olunacağına inanıram. Bu, həm siyasi proseslərdən, həm də iki ölkənin iradəsindən asılıdır. Qısa zamanda sərhədlərlə bağlı qərarın veriləcəyini düşünürəm”. Deputat Cavanşir Paşazadə bildirib ki, sərhədlərin bağlı qalması siyasi məsələdir: “Qonşu ölkələrdə bəzi çətinliklər yaşanır, münaqişələr hələ də davam edir. Düşünmürəm ki, yaxın gələcəkdə bu problemlər tam həll olunsun. Gələn il üçün də vəziyyət dəyişməyəcək. Bizim problemimiz qonşu ölkələrlə deyil. Məsələn, Gürcüstan dünyaya açıq ölkədir və sərhədlərimizin açıq olması təhlükəlidir. Məsələ ilə bağlı Ali Baş Komandan İlham Əliyev özü də açıqlama verib. Dövlət çətinliklərin qarşısını almaq üçün sərhədlərin bağlanmasını dəstəkləyir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələlər dialoq yolu ilə həll olunacaq və sərhədlərimiz yenidən açılacaq. Lakin quru sərhədlərin qısa müddətdə açılacağı inandırıcı deyil”. Geri qayıt |