Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu

Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu


Bu gün, 09:24

Azərbaycan və Rusiya arasında münasibətlərdə soyuqluq davam etməkdədir. Moskva Bakıya təzyiq göstərmək məqsədilə Azərbaycan hökuməti üçün ən həssas nöqtəni - iqtisadi səbəblərlə Rusiyaya üz tutmuş Azərbaycan vətəndaşlarını hədəfə almış kimi görünür. Bəllidir ki, ötən ayın sonunda Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən polis əməliyyatı, iki nəfərin ölməsi və bir neçəsinin saxlanılması Bakının sərt reaksiyasına səbəb olub. Mədəni tədbirlər və rəsmi səfərlər ləğv olunub.

Son olaraq Yekaterinburqdakı diasporun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski saxlanılıb və Rusiya Cinayət Məcəlləsinin 91-ci maddəsi ilə barəsində iki aylıq həbs qərarı verilib. Bu vəziyyət Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı üçün ciddi narahatlıq doğurur və ikitərəfli münasibətlərdə yeni gərginlik mərhələsinin başlandığını göstərir.

Bir qədər əvvəl isə başqa bir diaspor rəhbəri - Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib, ardınca deportasiya olunub. Onu da deyək ki, azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev də Rusiya vətəndaşlığından məhrum edilib və deportasiya olunacaq. Həmçinin azərbaycanlıların sənədlərinin yoxlanılması, bazarlarda reydlər, ayrı-ayrı rusiyalı deputat və politoloqlardan azərbaycanlıları qovmaq çağırışları sözsüz ki, həmvətənlərimizi ciddi şəkildə həm narahat edir, həm gərginlikdə saxlayır.

“BBC”nin Azərbaycan xidməti “münasibətlərin daha da gərginləşəcəyi fonunda nələr ola bilər” sualı ətrafında mümkün ssenarilərdən yazıb. Qeyd olunur ki, ilk növbədə əgər bu cür hadisələr və etnik azərbaycanlılara Rusiyada təzyiqlər davam edərsə, Azərbaycan hökumətinin növbəti addımı bu ölkədəki diplomatlarını geri çağırmaq ola bilər.

İkinci variant - Azərbaycan və Rusiya arasında əsas ticarət əlaqələrindən biri kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəzin bir-birinə ixracının dayandırılması mümkündür. Yeri gəlmişkən, son zamanlar Azərbaycan məhsullarının müxtəlif bəhanələrlə yandırılması faktlarına da rast gəlinir.

Daha bir arzuolunmaz variant isə budur ki, yaranmış vəziyyət fonunda böyük sayda azərbaycanlı miqrant vətənə qayıtmağa məcbur ola bilər. Nəhayət, daha bir versiya ondan ibarətdir ki, bu soyuqluq, yəni Rusiyadan uzaqlaşma Bakının Qərbə daha da yaxınlaşmasına gətirib çıxara bilər. Bu da “BBC”nin mümkün proqnozlarından biridir.

Bundan əlavə, son günlər yayılan xəbərlərə görə, Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların bir qismi Ukrayna ilə müharibəyə cəlb olunur. “Xəzər Xəbər” Rusiya tərəfindən Ukraynada döyüşərək öldürülən azərbaycanlılardan birinin - Zərdab rayonunun Məlikli kənd sakini Fəxri Hacıyevin evindən reportaj hazırlayıb. Materialda bildirilir ki, F.Hacıyev 52 yaşında müharibəyə aparılıb və döyüşdə öldürülüb. Mərhumun qardaşı Ziyəddin Hacıyev bildirib ki, Fəxrinin müharibədə necə olduğunu anlaya bilməyiblər, hər şey anidən baş verib. O, qardaşının zorla döyüşlərə cəlb olunduğunu ehtimal edir. Habelə Goranboyun Borsunlu kənd sakini Şəhruz Əliquliyev də videomüraciətində Rusiya ordusuna qoşulduqdan sonra çətinliyə düşdüyünü bildirərək, əlaqəli şəxslərdən kömək istəmişdi. Rerortajda bildirilir ki, Rusiyada qeyri-ruslardan və xüsusən də azərbaycanlılardan alət kimi istifadə olunur, onlara hərbi təlim keçilir.

Bəzi analitiklərə görə, bu, Moskvanın bölgədə son çırpıntılarıdır. Onların fikrincə, Rusiya Cənubi Qafqazda nüfuzunu tam itirib. O səbəbdən Rusiya yenə də köhnə metoddan istifadə edib, burada aranı qarışdırmaq istəyir ki, Azərbaycan müstəqil siyasət yürütməsin. Sadəcə, Azərbaycanı qorxutmaq istəyirlər.

Professor Elxan Mirzəyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Bakı ilə Moskva arasında getdikcə uzanan soyuqluq azərbaycanlıların Rusiyadakı həyatına təsir edəcək. Onun fikrincə, qarşıdakı günlərdə belə hadisələrin yaşanması mümkündür: “Bu təzyiqlər hələlik kütləvi xarakter daşımır. Amma son günlərdə ard-arda baş verənlər göstərir ki, vəziyyət getdikcə pisləşə bilər. Rusiya görüntü yaradır ki, guya ayrı-ayrı şəxslərlə bağlı fərdi problemlərdir. Ancaq bu addımların məhz indi atılması Azərbaycanla münasibətlərdə irəli gəlir. Niyə son vaxtlarda azərbaycanlılarla bağlı belə hərəkətlərə yol verildi? Deməli, iki ölkə arasında problem var və Moskva bunu əlindəki əsas təzyiq vasitəsi olan azərbaycanlı miqrantlarla göstərir. Fikrimcə, istər azərbaycanlı polis rəisinin həbsi olsun, istər diaspor rəhbərlərinə edilən hücumlar, cinayət işi açılması olsun, hər birində təzyiq elementləri var”.

Azərbaycanlıların bir qisminin qayıdacağı ehtimalına gəlincə, E.Mirzəyev iki detala diqqət çəkib: “Birincisi, vəziyyət o həddə çatmalıdır ki, xeyli sayda insan dönmək qərarı versin. Kremlin o dərəcədə açıq və total basqı edəcəyini gözləmirəm. Bu, əks-effekt verə və Bakı ilə münasibətləri tam qopara bilər. İkinci mühüm fakt isə quru sərhədin bağlı olmasıdır. Əlbəttə ki, Rusiya azərbaycanlıların başına oyunlar açmağa davam edəcəksə, Azərbaycan sərhədi onların qayıdışı üçün açıq qoyacaq. Lakin ümid edək ki, münasibətlərdə yaranmış gərginlik məsələni bu səviyyəyə çıxarmayacaq”.

Bütün hallarda professor Azərbaycan-Rusiya əlaqələrinin tam normallaşmasını gözləmir və tezliklə problemin həllinə ümid etmir. Onun sözlərinə görə, Rusiyanın azərbaycanlıları çıxarmaq niyyəti özünün işçi qüvvə cəhətdən ciddi probleminə səbəb ola bilər: “Buna qədər hələ digər təzyiq alətləri işə salınacaq. Misal üçün, məhsullarımızın qəbul edilməməsi, bazarlardan azərbaycanlıların sıxışdırılması, ticarət imkanlarının məhdudlaşdırılması. Yəni bir müddət içəridə sıxma-boğma edəcək. Sadəcə, Rusiya sonuncu təzyiq rıçaqlarından istifadə edir. Onun regionda dominantlığı ələ alması daha getdi. Ukraynada hərbi təcavüz onun strateji səhvi idi və indi nəticələrini görür. Ona görə Cənubi Qafqaza əvvəlki qüdrətini qaytarmağa çalışır ki, bu da alınmır. Rusiya barışmalıdır ki, bölgədə təsir gücləri artıb və onlarla şərik olmalıdır. Ona görə də Azərbaycana təzyiq olaraq əsas təsiredici faktordan yapışıb - azərbaycanlı miqrantlardan”.


Geri qayıt