Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın tələbi gündəmdə qalır

Azərbaycanın tələbi gündəmdə qalır


Bu gün, 16:52

“Azərbaycan Ermənistanla məsələlərin köklü həllini istəyir və ən azı 3-4 məsələ danışıqlar mövzusudur. Burada konstitusiyada zəruri dəyişiklik, Minsk qrupundan imtina, Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların Qərbi Zəngəzura, tarixi torpaqlarımıza qayıdışı məsələlərindən söhbət gedir. Sonuncuya gəldikdə, bu o demək deyil ki, Azərbaycan Ermənistana ərazi iddiası irəli sürür. Sadəcə azərbaycanlıların geri qayıdış haqqı var. Buna baxmayaraq, Azərbaycan sülh sazişinin imzalanması üçün iki əsas tələb üzərində dayanıb. Bunlar konstitusiya dəyişikliyidir və Minsk qrupundan imtinadır”.

Bunu Musavat.com-a açıqlamasındapolitoloq Elxan Şahinoğlu bildirib.

Sülh prosesi və Ermənistanın mövqeyindən bəhs edən E.Şahinoğlu deyib ki, baş nazir Nikol Paşinyan faktiki hər iki şərtin icrasına razıdır:

“O, Minsk qrupundan imtinaya da hazırdır. Sadəcə deyir ki, sülh imzalanan gün imtina edəcək. Halbuki, bunu əvvəl də edə bilər, əslində prinsipial məsələ olmamalıdır. Eyni zamanda konstitusiya dəyişikliklərinə getməyə də hazır olduğunu deyir. Özü də etiraf edir ki, Ermənistan Konstitusiyası hazırkı reallıqlara cavab vermir. Amma bunu da gələn ilə, parlament seçkilərindən sonraya saxlayır. Belə baxanda biz də tələsmirik. Onsuz da seçkilərə 10 ay qalıb. Yəni sülh sazişi olmadan da biz əsas problemimizi həll etmişik, ərazi bütövlüyümüzü təmin etmişik. Faydalı olardı ki, bu proses sürətlə getsin. Çünki bölgədən kənar bəzi oyunçular bölgəni qarışdırmaq istəyə bilərlər, xüsusilə də Rusiya. Bu gün Rusiyanın Azərbaycanla da münasibətlərdə gərginlik var, Ermənistanla da. Bu, diktə edir ki, Ermənistanla münasibətlərdə məsələlər sürətlənsin”.

O ki qaldı sülh sazişinin mətninin paraflanmasına, politoloq hesab edir ki, bu istiqamətdə əlbəttə, danışıqlar gedə bilər:

“Əbu-Dabi danışıqları da bu prosesin tərkib hissəsidir. Liderlər 5 saat ərzində öz aralarında və heyətlərin iştirakı ilə danışıqlar aparıblar. Deməli, irəliləyiş var”.

E.Şahinoğlunun fikrincə, sülh sazişindən öncə niyyət protokolu da imzalana bilər:

“Amma aydındır ki, niyyət protokolu sülh sazişini əvəz etməyəcək. Azərbaycanın tələbi yenə də gündəmdə qalır. Konstitusiya və Minsk qrupu ilə bağlı tələbdən söhbət gedir. Amma niyyəti ortaya qoymaq üçün əlbəttə, sənəd paraflana və hansısa bir niyyət protokolu imzalana bilər. Onsuz da sülh sazişinin bütün bəndləri – bütövlükdə 17 bənd hamılıqla razılaşdırılıb”.


Geri qayıt