Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA...
Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA...Dünən, 06:28 |
“Cənab Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumundakı çıxışı, Azərbaycanın postmünaqişə dövründə regional liderlik ambisiyalarını, yaşıl enerji və davamlı inkişaf prioritetlərini, eləcə də beynəlxalq diplomatiyada konstruktiv rolunu açıq şəkildə ortaya qoydu”.Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Qarabağın dirçəlişi, "Böyük Qayıdış" strategiyası və Şuşanın simvolik əhəmiyyəti, həmçinin Forumun üçüncü dəfə Qarabağın mədəniyyət paytaxtı Şuşada keçirilməsi Azərbaycanın "Böyük Qayıdış" siyasətinin konkret nümunəsidir. Bu, nəinki ərazi bütövlüyünün bərpası, həm də regionun beynəlxalq arenada yeni imicinin formalaşdırılması məqsədi daşıyır: “Cənab Prezidentin "infrastruktur layihələrinin əksəriyyətinin başa çatdığı" vurğulaması, işğaldan azad edilmiş ərazilərdə bərpanın sürətli tempdə gedərək sosial-iqtisadi stabilizasiyaya xidmət etdiyini göstərir. Cənab Prezidentin "Yaşıl Keçid Proqramı" və COP29-da "konstruktiv mühitin yaradılması" ilə bağlı ifadələri, Azərbaycanın neft iqtisadiyyatından çevrilmə strategiyasını və iqlim dəyişikliyi ilə mübarizədə regional lider olmaq istəyini əks etdirir. Bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlığın qeyd edilməsi, Azərbaycanın diversifikasiya siyasətində Asiya istiqamətinin artan rolunu vurğulayır”. Nicat İsmayılov vurğulayıb ki, "Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək" ifadəsi, Azərbaycanın Cənubi Qafqazda nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirmə strategiyasını təsdiqləyir. “Ermənistanın tranzit ölkəyə çevrilmək şansının "sıfıra yaxınlaşması" ilə bağlı kəskin ifadə, Bakının İrəvanı sülh müqaviləsinə hazır olmağa çağıran təzyiq mexanizmi kimi şərh edilə bilər. Tramp administrasiyası ilə əlaqələrin "düz yol" kimi qiymətləndirilməsi və ABŞ ilə münasibətlərin "yüksək səviyyəyə qaldırılacağı" gözləntisi, Azərbaycanın Qərblə münasibətlərdə praqmatik yanaşmasını göstərir. Eyni zamanda, "Qərb mediasının ədalətsiz təsiri" ilə bağlı etiraz, Bakının müstəqil informasiya siyasətinə olan ehtiyacını vurğulayır. Minsk qrupunun ləğv tələbi, Qarabağ münaqişəsinin artıq bitməsi kontekstində Azərbaycanın beynəlxalq platformalarda yeni normativ formalaşdırmaq strategiyasının bir hissəsidir”-deyən politoloq bildirib ki, sülh müqaviləsi və Ermənistanla münasibətlər, Konstitusiyaya dəyişiklik şərti cənab Prezidentin Ermənistan Konstitusiyasına dəyişiklik və Minsk qrupunun buraxılmasını sülh müqaviləsinin şərti kimi qeyd etməsi, Bakının İrəvandan uzlaşmaya hazır olmaqla yanaşı, öz şərtlərini qoymaqda təkidli olduğunu göstərir. Nicat İsmayılov qeyd edib ki, "Cənubi Qafqazın sabitlik məkanı olacağı" bəyanatı, Azərbaycanın regionda təhlükəsizlik arxitekturasında aparıcı rol iddiasını təsdiqləyir. “Azərbaycan mediasının "beynəlxalq müstəvidə nüfuz qazanması" ilə bağlı fikir, dövlətin yumşaq qüvvə vasitəsi kimi informasiya mübarizəsinə verdiyi əhəmiyyəti əks etdirir. "Azərbaycandan Azərbaycana maneəsiz keçid" ifadəsi, ölkə daxilində sosial-siyasi bütövlüyün gücləndirilməsi mesajı kimi şərh olunur”-deyən Nicat İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın postmünaqişə dövründə yalnız ərazi bütövlüyünü deyil, həm də iqtisadi, ekoloji və informasiya sahələrində regional və qlobal təsirini genişləndirmək strategiyasını təcəssüm etdirir. Politoloq bildirib ki, çıxışdakı "yeni reallıqlarla barışmaq" ifadəsi, dünyanın Azərbaycanın artan rolunu tanıması zərurətinə işarədir: “Bu yanaşma, milli maraqların qorunması ilə beynəlxalq əməkdaşlıq arasında tarazlıq quraraq, Azərbaycanı Cənubi Qafqazda sabitlik və inkişafın qlobal tərəfdaşına çevirir”. Geri qayıt |