Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edirDünən, 07:04 |
Bakının Nərimanov rayonunda, el arasında “Şanxay” adlanan ərazidə yaşayan sakinlər onillərdir yaşadıqları evlərdən məcburi şəkildə köçürülür. Onların yaşadıqları evlərin qanunsuz tikildiyi və dəmir yolunun mühafizə zolağında yerləşdiyi bildirilir.Bizimyol.info xəbər verir ki, Bakıdakı “Şanxay”da olan evlərin əksəriyyəti həqiqətən dəmiryollarının bir neçə addımlığında yerləşir. Sakinlər özləri də etiraf edirlər ki, ərazidə yaşamaq insanların özləri, onların uşaqlarının həyatı və sağlamlığı üçün təhlükəlidir. Dəfələrlə bədbəxt hadisələr baş verib, gənc qadın qatarın altına düşərək həlak olub. Bu təhlükə ilə əlaqədar çox vaxt uşaqlara da çöldə oynamağa imkan vermirlər. “Şanxay” sakinləri bildirirlər ki, ərazidən köçmək onların da çoxdankı istəyidir. Bununla əlaqədar hələ illər əvvəl onlar dəfələrlə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) müraciət ediblər. Lakin müraciətləri nəticəsiz qalıb. İndi isə onları narazı salan budur ki, onillərdir yaşadıqları evlər qəfildən sökülür, vaxt verilmir. Ən əsası, sökülən evlərin qarşılığında kompensasiya ödənişi barədə heç nə deyilmir. Sakinlərin sözlərinə görə, evlərinin zorla sökülməsinə etiraz edəndə isə zorakılığa məruz qalıblar. Bakının “Şanxay”ında məskunlaşanlar arasında vaxtilə müxtəlif bölgələrdən gələn insanlar var. Sakinlər deyir ki, bir müddət əvvəl müxtəlif rayonların icra hakimiyyətlərinin nümayəndələri onlarla görüşüb. Söz verilib ki, əgər öz rayonlarına qayıtsalar, onlara torpaq sahələri veriləcək, orada ev tikə bilsinlər: “Təkcə torpaq sahəsi verməklə iş bitmir, bəs hansı pulla evi tikib başa çatdıracağıq? Ev tikmək asan məsələdir?” Sakinlər onu da bildirir ki, təxminən 1 ay əvvəl “Dövlət Dəmir Yolları” QSC və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gəlib, evlərə baxış keçirib: “Evləri nömrələdilər, ölçüb-biçdilər. Bir-bir evlərə girdilər, kimin nə qədər sahəsi var, hesabladılar. Sənədləri aldılar ki, hansı evdə kimılər yaşayır. Sayğacların da şəklini çəkdilər”. İnsanlar əlavə edirlər ki, onillərdir kommunal xidmətlərdən istifadə edirlər, qaz, su, elektrik enerjisinə görə dövlət qurumlarına pul ödəyirlər: “Dövlət orqanları bizim orada yaşadığımızı görürdü. Bizim sayğaclarımız vardı. Deməli, dövlət bizim Necə ola bilər ki, indi bizi bu qədər əhalini küçəyə atsınlar? Bunun uşağı var, qocası var”. Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Bizimyol.info xəbər portalına bildirib ki, Nərimanov-Böyükşor və Bakı sərnişin-Keşlə sahələrində dəmiryol xətlərinin mühafizə zolağında 161 qeyri-qanuni tikilmiş ev var: “Nərimanov Rayon Polis İdarəsində qeyd edilən ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Məhkəmə qərarına əsasən də, buradakı tikililər qeyri-qanuni tikililərdir. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün “Azərbaycan Dəmir Yolları” tərəfindən məhkəməyə müraciət olunub”. Bəxtiyar Hacıyevin sözlərinə görə, araşdırma göstərir ki, həmin ərazidə yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Amma bunlardan 54 ailənin başqa ünvanda evi olduğu, 11 nəfər isə oradakı evini kirayə verdiyi iddia edilir. “Evlər sənədsizdir, qeyri-qanuni tikilib, dəmir yolunun mühafizə zolağında yerləşir ki, bu da bir tərəfdən dəmiryol nəqliyyatına ciddi problemlər yaradlr, digər tərəfdən də, onların özləri üçün təhlükə kəsb edir.Son 3 ildə dəmir yolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq adam həyatənı itirib və ya ağır xəsarət alıb. Əraziyə yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmir. Kommunal xidmət çox aşağı səviyyədədir, işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur”, - Bəxtiyar Hacıyev əlavə edib. Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizimyol.info xəbər portalına verilən məlumatda da cinayət işi başlandığı təsdiqlənib: “Fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”. Geri qayıt |