Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvan KTMT-dən niyə çıxa bilmir?

İrəvan KTMT-dən niyə çıxa bilmir?


Bu gün, 06:40

“Rusiyanın Ukrayna ilə müharibə səbəbilə bir sıra regionlarda mövqelirərini itirdiyi müşahidə olunmaqdadır. Suriyanın ardınca indi də Cənubi Qafqazda mövqeləri hər keçən gün zəifləyən Rusiya üçün Ermənistanda yerləşən 102-ci hərbi baza sanki bir qala rolunu oynayır. Rusiya həmin qalanı möhkəmləndirməklə Cənubi Qafqazda təsir imkanlarını qorumaq üçün cəhdlər edir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Yusif Bağırzadə danışıb. Politoloq qeyd edib ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və sazişə uyğun olaraq 25 il üçün nəzərdə tutulmuşdu. Yəni 2020-ci ildə artıq müqavilənin vaxtı bitməli idi. Lakin Medvedev Rusiya Prezidenti olduğu dönəmdə 2010-cu ildə yeni saziş imzalandı və Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu 2044-cü ilə qədər uzadıldı.

“Bu hərbi bazada şəxsi heyətin sayı 5000 nəfərdən ibarətdir və bu Ermənistanla imzalanmış ikitərəfli müqavilədə də əks olunub. Bundan başqa hərbi bazadakı texnika sayı da məlumdur. Buraya S-300 hava hücumundan müdafiə raket sistemi, MiQ-29 döyüş təyyarələri, Mi-24P və Mi-8MT helikopterləri, həmçinin T-72 tankları, BMP-1 piyada döyüş maşınları, 2S1 özüyeriyən haubitsaları, BM-21 Qrad reaktiv yaylım atəşi sistemləri və Smerç batareyaları daxildir. Lakin 2023-cü ildə bu hərbi texnikanın bir hissəsi və eləcə də şəxsi heyətin təqribən 1500 nəfəri Ukrayna cəbhəsində cəlb olundu. İndi isə Ermənistanın açıq şəkildə qərbyönümlü siyasət yürütməsi, Rusiyaya qarşı mövqeyi Rusiyanı Ermənistanda hərbi mövcudluğunu artırmağa vadar edir”-deyə politoloq bildirib.

Yusif Bağırzadə qeyd edib ki, Ermənistan mətbuatında davamlı şəkildə yer alan və Ukrayna kəşfiyyat orqanları tərəfindən də təsdiqlənən məlumatlar, yəni Rusiyanın Ermənistan ərazisindəki hərbi bazada şəxsi heyət və hərbi texnika sayını artırmaqla bağlı məlumat nə qədər həqiqəti əks etdirdiyini söyləmək çətindir.

Politoloqun fikrincə, Rusiya ən yaxşı halda iki il əvvəl məcburiyyət qarşısında 102-ci bazadan çıxarılan texnika və şəxsi heyətin yerini doldurmaq istiqamətində addımlar ata bilər: “Sazişdə nəzərdə tutulandan əlavə qüvvənin cəlb olunması indiki halda Ukrayna ilə müharibənin davam etdiyi müddətcə Rusiyanın özü üçün də çətindir. Üstəlik, Ermənistan hakimiyyətinin də buna imkan verəcəyi inanadırıcı deyil. Çünki Paşinyan da kifayət qədər yaxşı başa düşür ki, 102 bazaya əlavə əsgər və texnika yığmaq ilk növbədə Ermənistanın özü üçün təhlükədir. Rusiya Ermənistanda hərbi baza vasitəsilə ilk növbədə son dövrlərdə aktiv şəkildə Rusiyadan uzaqlaşma yolu tutan, hətta KTMT-dən çıxmaqla bağlı rəsmi olaraq qərar verməyə hazırlaşan Ermənistan hakimiyyətini təzyiq altında saxlamaq istəyir”.

Rusiyanın Ermənistan üzərindən Azərbaycanla müharibə girmə ehtimalı ilə bağlı Yusif Bağırzadə qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi inandırıcı görünmür.

“Düşünülə bilər ki, Ermənistanda Rusiyaya meylli şəxsin hakimiyyətə gəlişi Rusiyanın onları Azərbaycanla müharibəyə sövq etməsinə və Ermənistan üzərindən Azəbaycana qarşı yeni müharibəyə imkan yarada bilər. Amma bu, faktiki olaraq mümkün deyil. Əvvəla ona görə ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq yeni müharibənin onlar üçün fəlakət olacağını hər kəs dərk edir. İkinci tərəfdən; Rusiyanın özünə qarşı ikinci cəbhə açması, Azərbaycanla yanaşı Türkiyəni və Pakistanı da qarşısına alması heç bir halda Kremlin maraqlarına cavab verə bilməz. Kremldə kimlərsə belə bir plan üzərində işləyirsə, bu da sözün əsl mənasında axmaqlıqdır”-deyə Yusif Bağırzadə vurğulayıb.


Geri qayıt