Əsas Səhifə > Ana xəbər / Güney Press > Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi...

Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi...


Bu gün, 09:40

Son zamanlar yerli və xarici mediada Rusiyanın SSRİ-nin taleyini yaşaya biləcəyinə dair müxtəlif fikirlər səsləndirilir. 1988-1991-ci illərdə SSRİ-nin dağılması ərəfəsindəki şəraitlə hazırkı geopolitik vəziyyət arasında bir çox oxşarlıqlar müşahidə olunur. SSRİ dövründə “xalqlar həbsxanası” kimi tanınan imperiyada 15 müttəfiq respublika Moskvanın tabeliyində idi. Bu gün isə Rusiya postsovet məkanına hələ də öz müstəmləkəsi kimi yanaşır.

Analitiklərin fikrincə, Rusiyada Prezident Vladimit Putin rejimi artıq MDB ölkələrində qorxu və narahatlıq yaratmır. Kremlin təzyiqlərinə və təhdidlərinə qarşı qəti və sərt cavab verilir. Azərbaycan bu mövzuda nümunəvi mövqe sərgiləyir, Ermənistan isə son vaxtlar Rusiyaya qarşı daha saymaz davranış nümayiş etdirir.

Tarix göstərir ki, imperiyalar – SSRİ kimi hökmdarlıq sistemləri və Rusiya Federasiyası kimi avtoritar rejimlər – bir anda çökməyə məhkumdur. Putinin əsas səhvi isə Qərb kimi bərabərhüquqlu əməkdaşlıq yerinə, “böyük qardaş” roluna meyl etməsidir. Postsovet respublikaları üzərində təzyiq və qorxu siyasəti aparan Kremlin Ukraynaya qarşı işğalçı hücumu və digər ölkələrə tətbiq etdiyi basqılar öz əleyhinə çevrilir. Bu isə Rusiyanın gələcək taleyinə dair ciddi suallar doğurur.

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Rusiyanın keçmiş sovet respublikalarına qarşı apardığı siyasət hər zaman imperialist və aşağılayıcı olub:

“Moskva 2014-cü ildə Krımın qanunsuz anneksiyasına qədər bunu açıq şəkildə biruzə vermirdisə, həmin vaxtdan sonra heç kimdən çəkinmədən birbaşa təhdidlərlə danışmağa başladı. Son bir neçə ildə isə bu siyasətini daha aqressiv şəkildə həyata keçirməyə cəhd edir. Səbəbi isə odur ki, əvvəllər daxildə nisbətən siyasi və iqtisadi sabitlik var idi, kənardan hər hansı sanksiyalar yox idi, hər il yüz milyardlarla dollar neft və qaz satışından gəlir əldə edirdi və s. Hazırda isə bunların heç biri yoxdur. İllər öncə müttəfiq adlandırdığı keçmiş sovet sespublikalarının əksəriyyəti ilə düşmən münasibətlərindədir. Ukrayna ilə illərdir qanlı, işğalçı müharibə aparır, Moldova və Ermənistanda təsir imkanlarını itirdikdən sonra panik halda orada hakimiyyət dəyişikliyinə uğursuz cəhdlər edir. Son aylar isə Azərbaycan ilə münasibətlərdə eskalasiya yaratmaqla məşğuldur”.

Politoloqun sözlərinə görə, əslində qonşularına qarşı aqressiv münasibətin səbəbi Rusiyanın zəifləməsi, iqtisadi və siyasi sabitliyin ciddi şəkildə pozulması ilə bağlıdır:

“Güclü vaxtlarında bu şəkildə aqressiya sərgiləmirdi, çünki özünə arxayın idi. Hazırda bu gedişlər davam olunarsa, Rusiya bütün sahələr üzrə çıxa bilməyəcəyi bir böhran içərisinə düşər, bundan sonra federasiya subyektlərində mərkəzdənqaçma meyilləri artar, daxildə milli müstəqillik uğrunda mübarizələr başlayar və nəticədə Rusiya azı 3-4 yerə parçalana bilər. Belə bir perspektivin olamasını hesablaya bilmirsə, bu, bir qəbahətdir. Yox, əgər bilə-bilə buna gedirlərsə, o zaman Rusiya rəhbərliyi adekvat qərarlar vermə qabiliyyətini itirib.

Belə halların isə təcrübədə nə ilə nəticələndiyini hamımız görmüşük. Hazırkı durum SSRİ-nin dağılmağa doğru getdiyi 1988-1991-ci illərdən daha sürətli və riskli dəyərləndirilməlidir. Rusiya üçün daha təhlükəli nəticələr vəd edir. O səbəbdən, Moskva apardığı uğursuz siyasətdən, qonşularına qarşı aqressiv münasibətindən əl çəkməsə, izlədiyi xəttin yaratacağı fəsadların altından çıxa bilməyəcək. Kənardan qonşularının ona qarşı hər hansı addım atmasına ehtiyac yoxdur və atılmayacaq da. Çünki hazırda aparılan siyasətlə Rusiyaya düşmən lazım deyil, ən böyük düşməni özüdür”.


Geri qayıt