Əsas Səhifə > Ana xəbər / Güney Press > “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir”

“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir”


Bu gün, 05:57

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərə dair açıqlama verib. İran rəhbəri qeyd edib ki, Azərbaycan onlara doğmadır: "Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim, amma İsrail bunu bacarır. Biz əlaqə qura bilmirik". Pezeşkian bu yaxınlarda Bakıya səfəri ilə bağlı ölkə daxilindəki tənqidlərə sərt reaksiya verib: "Əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir. Əlaqə yaradılmayıbsa, günah bizdədir".
 
Siyasi şərhçi Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, İranın yeni Prezidenti Məsud Pezeşkian daha realist və konstruktiv siyasət yürüdür. Anlayır ki, Tehran-Bakı xəttində gərginlik zərərlidir və bunun davam etməsi İranı Cənubi Qafqaz regionundan uzaqlaşdırır. Ekspertin sözlərinə görə, Pezeşkian İranı böhrandan və beynəlxalq sanksiyalardan xilas etməyə çalışır:
"Onun praqmatik yanaşmaları, xüsusən də Azərbaycan və Türkiyə ilə əlaqələri möhkəmləndirmək cəhdləri, əslində, həm də öz dövləti üçün faydalıdır. Bakıda səfəri zamanı etdiyi jestlər Azərbaycan cəmiyyətində rəğbətlə qarşılandı və bu, iki dövlət arasında münasibətlərin normallaşmasına ümidlər yaratdı. Ancaq təəssüflər olsun ki, İran Konstitusiyasında ölkənin xarici və daxili siyasətini Ali Dini Lider müəyyənləşdirir və hüquqi mexanizmlər də onun əlindədir. Onun mövqeyi ali dini rəhbər Ə.Xameneinin mövqeyi ilə ziddiyyət təşkil edir və ikincilərin fars şovinizmi və dini bölücülük kursundan çıxa bilmir, yaxud da çıxmaq istəmir. Mühafizəkarların mövqeyi isə hakimiyyət qollarında möhkəmdir. Cəmiyyəti qorxu və yalan üzərində saxlaya bilir. Diqqət yetirsək, məntiqi sual yaranır, nədən dini, tarixi, mədəniyyəti və etnik bağlılıqları olan İran Azərbaycanla dil tapa bilmir, dostluq, qonşuluq edə bilmir? Bu sual özü-özlüyündə İran teokratik rejiminin əsil mahiyyətini açır".
 
Ə.Oruclu vurğulayıb ki, molla rejimi qonşusu Azərbaycanı müstəqil dövlət kimi qəbul edə və müstəqil siyasətini, güclənməsini həzm edə bilmir:
"İran Türkiyənin artan beynəlxalq nüfuzundan qıcıqlanır. Dini liderin baxışları radikal, ekstremist və konfrantasiyaya meyilli olduğundan Azərbaycanla da eyni davranır. Bu isə təbii olaraq iki ölkə arasında zaman-zaman gərginliklərə, hətta əlaqələrin qopmasınadək gətirib çıxarır. Təl-Əviv Tehrandan fərqli olaraq qarşılıqlı mənafelərə əsaslanan strateji müttəfiqliyin önəmini dərk etdiyindən anlaşmalarda çətinliklər yaranmır. Məncə, Pezeşkianın ağıllı və realist siyasəti dövlətin ali siyasətinə çevrilirsə, müsbətə doğru çox şeylər dəyişə bilər. Ancaq İranda prezidentin səlahiyyətlərinin az olması və cəmiyyətdə davamlı basqıları qalması hələlik nikbin proqnozlar verməyi çətinləşdirir".

Geri qayıt