Əsas Səhifə > Ana xəbər / Güney Press > Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək?

Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək?


Bu gün, 17:32

Son günlər aktual olan mövzulardan biri də Bakının Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisinin dəmiryol zolağında yerləşən evlərin sökülməsidir.

Ümumiyyətlə, Bakının müxtəlif rayonlarında təhlükəli ərazilərdə, mühafizə zolağında vətəndaşlar tərəfindən ev tikilib. Belə ki, dəmir yolu, neft buruqlarının yaxınlığı, yüksək gərginlikli elektirk xətlərinin altında belə evlər görmək mümkündür. Əslində həmin evlərdə yaşayanlar baha qiymətə ev almağa imkanı olmayan vətəndaşlardır.

Onlar daha ucuz qiymətə başa gələn belə evləri almaq, yaxud inşa etmək məcburiyyətindədirlər. Ancaq bəzən həmin ərazilərdəki evlər sökülür və bu zaman isə orada yaşayan vətəndaşlar problemlə üzləşirlər. Belə ki, bir vaxtlar belə ərazilərdə ev tikməklə özünə məskən tapan vətəndaşlar həmin evlər söküldükdə çarəsiz qalırlar. Belə proses bugünlərdə Keşlə qəsəbəsində olub.

Keşlə qəsəbəsində dəmiryol zolağında evləri sökülən vətəndaşlar yaşayış yeri və yaxud kompensasiya ilə təmin ediləcəkmi?

“Cebheinfo.az”-ın əldə etdiyi məlumata görə, həmin ərazidə evləri sökülən sakinlərin yaşayış yeri və yaxud kompensasiya ilə təmin edilməsi məsələsi gündəmdə deyil. Halbuki bəzi mənbələr məsələnin mümkünlüyü barədə danışırdılar.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanın dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır:

“Lakin dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni və ya təhlükə yaradan tikililərin mövcudluğu, eləcə də sıx məskunlaşma həm sərnişinlər, həm də həmin tikililərdə məskunlaşan vətəndaşlar üçün ciddi təhlükə törədir, bu ərazilərdə qatarların qarşısına qəfil insan çıxma halları intensivləşir, bu da təəssüf ki, bəzən faciə ilə nəticələnir.

Son 3 ildə dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq insan həyatını itirib və ya ağır xəsarət alıb. Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb. Məlumat üçün qeyd edək ki, mühafizə zonasının eni dəmir yolu boyunca sağ və sol istiqamətlər olmaqla 24 metrdən 50 metrə qədər, bəzi yerlərdə 100 metr və daha artıq sahəni əhatə edir”.

Bildirilib ki, Azərbaycan Dəmir Yolları qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir:

“Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini də çətinləşdirir. Nəticədə təmir müddəti uzanır, bu da qatarların hərəkət qrafikində uzun müddət ləngimələrə səbəb olur. Dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdəki sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir.

Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir. Nərimanov rayonu, Bakı sərnişin – Keşlə sahələrində dəmir yollarının mühafizə zonasında təhlükəsizlik səviyyəsi artırılıb, eyni zamanda, bu zonada qatarların sürəti 20-30 km saat artırılıb.

Qeyd edək ki, dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında da bir sıra çətinliklər törədir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi məqsədilə Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Yeni Suraxanı–Hövsan xətlərinin bərpası nəzərdə tutulur”.


Geri qayıt