Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər?
Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər?Dünən, 06:29 |
Azərbaycanda istehlak kreditləri məqsədilə buraxılan kredit kartlarına limit qoyulub. Bu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bir sıra sənədlərdə, o cümlədən “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da edilən dəyişikliklərdə nəzərə tutulub. Sənədə edilən dəyişikliklər nəticəsində istehlak kredit kartları (kredit xətləri) üzrə tənzimləyici çərçivə daha da sərtləşdirilib. Mərkəzi Bankın apardığı təhlillər göstərib ki, son dövrlər istehlak kreditləri bazarında kredit kartlarının sayı sürətlə artır. Mərkəzi Bank bildirir ki, bu proses əhalinin gəlirlərinin artımı fonunda baş verir. Bununla yanaşı, müşahidələr göstərib ki, əhalinin borc yükünün onun gəlirlərində payı daha da artmaqdadır. Nəticədə Mərkəzi Bank bu prosesə limit tətbiq etməyi qərara alıb. Dəyişikliklərə əsasən, insanların kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Başqa sözlə, bu qaydadan sonra adamlar öz gəlirlərinin maksimum 5 misli qədər istehlak krediti kredit götürə biləcəklər. Bu qayda və limit tətbiq olunanda müştərinin digər banklardakı kreditləri də nəzərə alınacaq. Yəni ümumi istehlak kreditinin məbləği gəlirlərin 5 mislini keçməməlidir. Mərkəzi Bank bildirir ki, yeni qayda müştərilərə istehlak kreditləri veriləndə onların real ödəmə qabiliyyətini müəyyən etməyə və bankların risklərin daha erkən mərhələdə tanıyaraq azaltmağa imkan verəcək. Qeyd edək ki, Mərkəzi Bankın bu qaydası nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borculanlara aid edilmir. Kredit kartlarına tətbiq edilən limit sonra istehlak kreditinə də qoyula bilərmi? Məsələ ilə bağlı istisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, istehlak kreditlərində müəyyən limitlər olmasına baxmayaraq, bütövlükdə limit yoxdur: “İndi kredit kartlarına tətbiq edilir. Çünki kredit kartları üzrə ödənişlər aylıq deyil. Yəni hissə-hissə qaytarılmır. Aylıq yalnız faizlər ödənilir. Ancaq istisna etmirəm ki, böyük ehtimalla bir müddətdən sonra bütövlükdə istehlak kreditlərinə limit qoyulacaq. Ancaq aylıq ödənişə qoyulacaq. Yəni şəxsin gəlirinin aylıq hissəsindən müəyyən bir nisbəti kimi qoyulacaq. Hesab edirəm ki, bu düzgündür və belə də olmalıdır. Həm o nöqteyi-nəzərdən ki, vətəndaşın kredit yükü həddindən artıq çox olmasın. Çünki insanlar kredit götürəndə fikirləşmirlər ki, ödəyə biləcək, yoxsa yox. Digər tərəfdən banklar üçün də bu əslində problemə çevrilir. Sonradan vətəndaşlar bu kreditləri ödəyə bilmirlər. Ümumiyyətlə, Mərkəzi Bank maraqlıdır ki, banklar daha çox istehlak krediti yox, biznes krediti versinlər. Kredit götürdükdə əsas məsələ o kreditin qaytarılmasıdır. Bu gün onun qaytarılması problemə çevrilir. Yəni insanların gəliri aşağıdır, qiymətlər artır. İnsanlar istəyir ki, kredit götürsünlər, ancaq qaytara da bilmirlər". Ekspertin sözlərinə görə, Mərkəzi Bankın da məqsədi odur ki, həm insanlar üçün ciddi problem olmasın, həm də bank sistemini problemli kreditlərdən qorusun: “Mən deməzdim ki, vətəndaşlar üçün hansısa problem yaradacaq. Çünki əksər hallarda insanlar heç onlara lazım olmayan kreditlər götürürlər. Məsələn, deyirlər “avtomobil, telefon və s. alım. Məndə yoxdur”. Mərkəzi Bankda onu fikirləşir ki, sabahları vətəndaş onu qaytara biləcək, ya yox. Mərkəzi Bank istəyir ki, banklar daha çox bizness kreditləri versin, sahibkarlıq inkişaf eləsin, iş yerləri açsın, maaşlar artsın. Yəni sahibkarlıq inkişaf etməyəcəksə, maaşlar da artmayacaq. Bizdə bu gün bankların meyli istehlak kreditlərinədir. Çünki o istehlak kreditlərində daha yüksək faizlərdir. İstehlak krediti qaytarılmayanda vətəndaşın başına “oyun açmaq” daha rahatdır. Təəssüf ki, bu gün biznes kreditləri vermirlər və orada vəziyyət pisdir”. Geri qayıt |