Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə…
Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə…Dünən, 09:07 |
2008-ci il avqustun 8-də Rusiya Gürcüstana hücum etməklə Cənubi Qafqazda güc balansını dəyişdi. Qərb bu aqressiyaya nə qarşılıq verə bildi, nə də adekvat reaksiya göstərdi. Nəticədə Moskva bölgədə itirdiyi mövqeləri bərpa etdi və hərbi-siyasi təsirini daha da möhkəmləndirdi. 2025-ci il avqustun 8-də isə tarix yenidən yazılır. Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin vasitəçiliyi ilə Ağ Evdə sülhlə bağlı razılaşmalara imza atır. Vaşinqton Zəngəzur dəhlizinin nəzarətini öz üzərinə götürür, Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz quru bağlantısını təmin edir. 10 noyabr bəyanatında Rusiyanın özünə tanıdığı imtiyazlar isə gerçəkləşmədən arxivə göndərilir. Beləliklə, Rusiyanın Cənubi Qafqazdan çıxışı faktiki olaraq geridönməz xarakter alır. Bu dönüş nöqtəsi region üçün nə vəd edir? 17 ildən sonra ABŞ-ın belə bir geosiyasi gedişi Cənubi Qafqazda qüvvələr balansını necə dəyişəcək? Globalinfo.az-a açıqlamasında fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, SSRİ-nin dağılmasından sonra onun siyasi varisi olan Rusiya Federasiyası postsovet məkanında nüfuzunu saxlamağa və bu ölkələr üzərində nəzarətini davam etdirməyə çalışıb: “Moskva xüsusilə Cənubi Qafqazda yerləşən üç ölkə – Azərbaycan, Ermənistan və Gürcüstan üzərində öz təsirini gücləndirmək niyyətində idi. Hətta bu məqsədlə zaman-zaman siyasi və hərbi təzyiqlərdən də istifadə edilib. Bu siyasətin ən bariz nümunəsi 2008-ci ilin 8 avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi oldu. Rusiya həmin dövrdə hərbi güc tətbiq edərək Gürcüstanın ərazi bütövlüyünü pozdu və Abxaziya ilə Cənubi Osetiyanın işğalını rəsmiləşdirməyə çalışdı. Bundan əlavə, Ermənistanda da bir neçə dəfə Moskvanın yönləndirməsi ilə dövlət çevrilişinə cəhdlər edildi”. Ekspert bildirib ki, son illərdə Bakı və İrəvanın Moskvaya münasibətdə fərqli mövqe tutması regiondakı geosiyasi vəziyyəti köklü şəkildə dəyişməyə başlayıb: “Doğrudur, Gürcüstan hələ də Rusiya təsirinə qarşı ciddi müqavimət göstərir, lakin hələlik həlledici uğur əldə edilməyib. Bununla belə, Ermənistan son zamanlar Rusiya orbitindən çıxaraq daha müstəqil siyasət yürütməyə başlayıb. Bu kontekstdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının Rusiyanın vasitəçiliyi olmadan, məhz ABŞ-ın təşəbbüsü ilə baş tutması təsadüfi deyil. Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasəti Vaşinqtonla əməkdaşlıq imkanlarını da genişləndirir. Bu isə ölkənin xarici siyasətdə manevr imkanlarını artırmaqla yanaşı, təhlükəsizlik sahəsində də əlavə təminatlar yaradır. Azərbaycan üçün əsas təhlükə məhz Rusiya tərəfindən gəlirdi. Əgər Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsi imzalanarsa, bu, regionda Moskvanın təsirinin aradan qalxdığını sübut edəcək. Rəsmi Bakı isə müstəqil siyasətini qorumaqla həm regional, həm də qlobal səviyyədə nüfuzunu möhkəmləndirəcək”. F.Ələkbərlinin sözlərinə görə, İrəvanın qarşısında da strateji bir seçim dayanır: “Ermənistan ya Rusiyanın alətinə çevrilmək yoluna davam etməli, ya da Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdıraraq bölgədə sülh və əməkdaşlıq mühitinə qoşulmalıdır. Bu seçim ölkənin gələcək taleyini müəyyən edəcək əsas amillərdən biridir”. Geri qayıt |