Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya təxribata əl atdı, Əliyev və Zelenski təsdiqlədi
Rusiya təxribata əl atdı, Əliyev və Zelenski təsdiqlədiBu gün, 07:43 |
Azərbaycan və Ukrayna liderləri sonuncu telefon danışığı zamanı Rusiyanın SOCAR-a məxsus qaz-kompressor stansiyasına endirdiyi hava zərbələrini pisləyiblər. Prezidenti İlham Əliyev və ukraynalı həmkarı Volodimir Zelenski bunların ölkələrinə aid strateji obyektlərə qarşı məqsədyönlü hücumlar olduğunu vurğulayıblar. Tərəflər həmçinin bu cür hərəkətlərin regional təhlükəsizlik və beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurduğunu qeyd ediblər. Analitiklər hesab edir ki, Rusiyanın zərbələri yalnız Ukrayna üçün deyil, həm də Azərbaycan üçün ciddi təhdid yaradır. Çünki bu hücumlar, daha geniş miqyasda enerji infrastrukturuna və digər strateji obyektlərə qarşı potensial riskləri artırır. Rusiya Azərbaycanın digər strateji obyektlərini də hədəf ala bilərmi? Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, bu addım Rusiyanın ölkəmizə qarşı qeyri-hərbi vasitələrlə təzyiq üsulu kimi qiymətləndirilir: “Kremlin bəyanatlarında, xüsusilə Vaşinqtonda imzalanmış sülh razılaşmasından sonra Bakıya yönəlik açıq təhdidlərin artması diqqət çəkir. Azərbaycana qarşı atılacaq hər hansı addım nə Ermənistana, nə də Gürcüstana qarşı atılan addımlara bənzəyəcək. Çünki Azərbaycan Türkiyə, Pakistan, Böyük Britaniya və ABŞ kimi geniş müttəfiq şəbəkəsinə, həmçinin Ukraynada olmayan qlobal layihələrə sahibdir. Bu faktorlar ölkənin strateji mövqeyini gücləndirir. Rusiya Ukraynada SOCAR-a məxsus qaz-kompressor stansiyasına hücum etməklə enerji infrastrukturunu hədəf alaraq həm iqtisadiyyatı, həm də regiondakı strateji mövqeləri zəiflətməyə çalışdığını göstərdi. Bu, Azərbaycanın digər enerji və strateji obyektlərinə qarşı da təhdidlər yarada bilər. Belə hücumlar davam edərsə, əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac yaranacaq”. Geri qayıt |