Əsas Səhifə > Ana xəbər / Güney Press > “Təhlükəsizliklə bağlı məsuliyyət ABŞ-la Ermənistanın üzərinə düşür”

“Təhlükəsizliklə bağlı məsuliyyət ABŞ-la Ermənistanın üzərinə düşür”


Bu gün, 08:50

Ötən həftəsonu ABŞ-da üç lider arasında imzalanan Birgə Bəyannamə ilə Minsk Qrupu ilə yanaşı, Zəngəzur dəhlizinin taleyinə də aydınlıq gətirildi. Yol ABŞ şirkətinə həvalə ediləcək. Lakin Azərbaycan da istəyinə çatıb. Naxçıvana keçid maneəsiz olacaq. Bununla bağlı sənədin 3 və 4-cü bəndlərində belə deyilir:

“3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onunla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə əməkdaşlıq edəcək. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik".

Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyac var. Azərbaycan Naxçıvan Muxtar Respublikasından dəmir yolunun bərpasına başlayır. Təkcə dəmir yolu deyil, elektrikötürücü xətləri, fiberoptik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarını nəql edə biləcək digər enerji infrastrukturunu da nəzərdə tutur.

Bəs Zəngəzur dəhlizi və ya “Tramp yolu” nə vaxta hazır olacaq? Dəhlizin texniki işlərinin ABŞ-a verilməsi prosesi nə dərəcədə sürətləndirilə bilər? Dəhliz neçəyə başa gələcək və onun “açarı” kimdə olacaq?

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Zəngəzurdan keçən yolun operatoru və moderatoru ABŞ şirkətləri olacaqsa, deməli, təhlükəsizliklə bağlı məsuliyyət də ABŞ-ın, yaxud ABŞ-la Ermənistanın üzərində olacaq: “Bu nöqteyi-nəzərdən Azərbaycan bu məsələdə demək olar ki, diplomatiyada master-klass ortalığa qoydu. Yəni bütün problemləri, İran, Rusiya, dəhlizlə bağlı ola biləcək məsələləri Amerika və Ermənistan həll etməli olacaq. Bu da Azərbaycana çox sərfəlidir. Azərbaycan zatən istəyinə çatır - Zəngəzur yolunun açılması Azərbaycanın prioriteti idi”.

Natiq Cəfərli vurğuladı ki, əgər texniki və siyasi məsələlər həllini tez tapacaqsa, 2027-ci ildə Zəngəzur yolunun açılması və istifadəyə verilməsi mümkündür: “İnvestisiyalara gəldikdə, Avropa İttifaqı strukturlarının 43 kilometrlik həmin avtomobil yolunun və dəmir yolunun çəkilməsi üçün hesablamaları var idi. Təqribən 300 milyon avroya yaxın vəsait lazım olacaq ki, bu da o qədər də böyük məbləğ deyil. İstənilən böyük Amerika şirkəti çox asanlıqla həmin investisiyanı qoya bilər. Əsas maneə maliyyə məsələsi deyil, əsas maneə siyasi maneələrdir. Onlar aradan qalxandan sonra texniki, maliyyə məsələlərin həlli asandır”.


Geri qayıt