Əsas Səhifə > Ana xəbər / Güney Press > Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması

Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması


Bu gün, 07:20

İran Prezidenti Məsud Pezeşkianın timsalında ölkənin xarici siyasətində yumşalma meyilləri açıq şəkildə hiss olunmağa başlayıb. İndiyədək klassik farsmərkəzli, şovinist və ideoloji mövqelərin fonunda formalaşan siyasətin əksinə, Pezeşkianın ritorikası həm daxildə, həm də regionda yeni bir fazaya keçidin siqnalı kimi qiymətləndirilir. Onun Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması, ABŞ və İsraillə qarşıdurmanın azaldılmasına yönələn bəyanatları xüsusi diqqət çəkir.

Ekspertlərin fikrincə, Pezeşkian dəyişən beynəlxalq nizamı və İranı gözləyən real təhlükələri düzgün qiymətləndirir. O, regional təcriddən çıxmaq, qonşularla düşmənçilik siyasətini neytrallaşdırmaq və İranın geosiyasi mövqelərini diplomatik çevikliklə bərpa etmək istəyir.

Lakin bu cəhdlərin qarşısında sistem daxilində kök salmış mühafizəkar və militarist dairələr durur. Ermənistanda Paşinyanın “Real Ermənistan” modeli üzərində israr etdiyi kimi, Pezeşkian da “Real İran” konsepsiyasını reallaşdırmağa çalışır. Ancaq bu yalnız onun şəxsi siyasi iradəsindən asılı deyil, həm də daxildəki güc mərkəzləri və beynəlxalq konfiqurasiyanın bu yanaşmaya nə dərəcədə dəstək verəcəyindən asılıdır.

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev bildirib ki, İranda həqiqətən yeni situasiya yaranıb:

İran daxilində dəyişiklikləri qəbul etmək istəməyən qüvvələr olsa da, mövcud geosiyasi konfiqurasiyanı düzgün dəyərləndirənlər də az deyil. İran İsraillə son gərginlikdə məğlub oldu. Ən azından nüvə potensialına ciddi zərbə vuruldu. Bu səbəbdən ölkə daxilində bəzi qüvvələr ikinci hərbi qarşıdurmadan ehtiyat edirlər. Pezeşkian məhz bu kontekstdə İranın xarici siyasətində korrektələr etməyə çalışır. Bu siyasətin əsas hədəfi isə qonşularla münasibətlərin normallaşdırılmasıdır”.

Politoloq Vaşinqton görüşündən sonra İranda müxtəlif mövqelərin səslənməyə başlandığını qeyd edib:

“Pezeşkian və Cavad Zərif kimi şəxslər prosesi balanslı şəkildə təqdim etməyə çalışdılar. Lakin İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti və SEPAH rəhbərliyi bu yanaşmanı sərt şəkildə tənqid etdi. Hətta Pezeşkianın fəaliyyətinə dair İranda nəzarət olunan media orqanlarında neqativ materialların yayılması da diqqətdən qaçmadı.

Bütün hallarda Pezeşkianın nəsə etməyə çalışdığı açıqdır. Onun uğurlu olub-olmayacağını isə zaman göstərəcək”.


Geri qayıt