Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya dövlət kimi idarə olunmur ki...

Rusiya dövlət kimi idarə olunmur ki...


Bu gün, 06:40

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik Azərbaycanı və hökumətini hədəf alan sərt və etikadan uzaq açıqlama verib. Andrey Kolesnik dövlət rəhbərliyinin ünvanına təhqirlər yağdırıb. Kolesnik Bakının Ukraynaya 2 milyon dollarlıq yardım göndərməsi fonunda Rusiyanın “istənilən vaxt bölgəyə qoşun yeridə biləcəyini” söyləyib. Digər deputat Andrey Quruylev isə bundan da irəli gedərək, Moskvadan Azərbaycana qarşı iqtisadi sanksiya — “import qadağası” və Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı “təzyiqlər” çağırışı edib.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ağılsız və savadsız adamlar həmişə zor, təhqir dilində danışırlar.

“Ulu öndərimiz sağlığında deyirdi ki, “ağıl olan yerdə zora ehtiyac yoxdur”. Rusiyalı deputat Andrey Koleskin və Andrey Qurulyevin bu fikirləri, bu təhqiramiz ifadələri onların özlərinin mənəviyyatını, əxlaqını ortaya qoyur. Çünki deputat olan adam reallıqların dili ilə danışmalıdır, ortaya faktlar qoymalıdır, sitatlar gətirməlidir, təhlil etməlidir və bir nəticəyə gəlməlidir. Ancaq bu adamlar indi ya Azərbaycana qoşun yeridilməsindən danışırlar, ya da müəyyən sanksiyaların tətbiq olunmasını deyirlər, hətta Rusiyadakı sahibkarların və iş adamlarının incidilməsi ilə təhdid edirlər. Əlbəttə ki, bu, nə beynəlxalq normalara uyğundur və nə də insanlığa yaraşır”-deyən deputat hesab edir ki, bu gün Rusiya sanki idarə olunmur, ölkə rəhbəri bir söz, deputatlar başqa söz deyir, mətbuat katibi və ya Xarici İşlər Nazirliyi ayrı bir mövqedən hadisələrə qiymət verir.

Deputatın fikrincə, bu da Rusiyada baş verən mövcud olan anarxiyanın ifadəsi kimi qiymətləndirilməlidir.

“Azərbaycan bu gün haqqın, ədalətin tərəfindədir və özünün haqqını istəyir, münasibətləri yaxşılaşdırmaq istəyir. Ancaq Rusiya münasibətləri yaxşılaşdırmaq əvəzinə, həqiqəti ortaya çıxarmaq əvəzinə, vurulan AZAL təyyarəsinin hadisəsinə aid faktları araşdırıb günahkarlar haqqında tədbir görmək əvəzinə, müəyyən insanların faşist xislətli davranışlarına qiymət vermək əvəzinə yenə də şantaja əl atır, təhqirə yol verir, münasibətləri korlamağa yol açır. Bu, qəbuledilməzdir. Çünki Azərbaycan daim Rusiya ilə münasibətlərin yaxşılaşmasının tərəfdarı olub. Cənab Prezident özünün bütün çıxışlarında, bəyanatlarında Rusiyanı böyük dövlət adlandırmaqla bərabər, həm də Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışıb. Ancaq Rusiyanın son mövqeyi, sonrakı son aylarda baş verən hadisələr göstərir ki, hərəkətlər tamamilə əleyhinə yönəlib, Azərbaycan xalqının milli mənafelərinə ziddir. Bu, düşmənçilik mövqeyidir. Sən Azərbaycan təyyarəsini vurursan? Xeyli insan həlak olur, Azərbaycana qarşı çirkin əməllərə əl atırsan. Sonra da deyirsən ki, mənə bir qardaşlıq münasibət göstər. Bu, əlbəttə ki, müstəqil dövlətin hüquqlarına, mənafeyinə toxunmaqdır. Azərbaycanla zor dilində danışmaq mümkün deyil. Azərbaycan inkişaf edən, beynəlxalq aləmdə öz sözünü deyən bir dövlətdir. Azərbaycan Prezidentinin Vaşinqtona səfəri bunu bir daha göstərdi. Göstərdi ki, rəhbərinə cənab İlham Əliyevə hansı diqqət var, hansı etimad var, ona necə hörmət göstərilir və dünya ölkələri Azərbaycanda baş verən hadisələrə, inkişafa necə qiymət verirlər. Belə olduğu halda Rusiyada reallıqları nəzərə almalıdır, Azərbaycanın özünün müstəmləkəsi hesab etməməlidir. Onu özünə tabe etdirmək üçün çirkin əməllərə atmamalıdır, saxta deputatların məkrli deputatların dili ilə öz siyasətini yürütməməlidir. Ona görə də bu deyilənlərin hamısı Azərbaycanın ümumi mənafeyinə və Azərbaycanın inkişafına heç bir təsir etməyəcək”-deyən deputat vurğulayıb ki, digər tərəfdən də bilavasitə bu fikirlər, bu ifadələr Azərbaycanı qorxutmaq, Azərbaycanı öz yolundan döndərmək, çəkindirmək üçündür. Bu da faydasızdır.


Geri qayıt