Əsas Səhifə > Ana xəbər / Güney Press > Putinin adamının müəmmalı İran səfəri

Putinin adamının müəmmalı İran səfəri


Bu gün, 10:36

İki gün öncə İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə İran mediası məlumat yayıb.

Bildirilir ki, Tehranda keçirilən görüşdə Əraqçi Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunması üçün region ölkələrinin problemləri dinc yolla həll etməsinin vacibliyini vurğulayıb. O həmçinin “3+3" formatı kimi regional mexanizmlərin potensialından istifadə olunmasının əhəmiyyətini qeyd edib.

Görüş Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdəki üçlü görüşündən az sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Bəllidir ki, üçlü anlaşmalardan ən çox əndişə keçirən də elə İran və Rusiyadır.

Bu arada erməni politoloq Ara Poqosyan deyib (Teleqraf) ki, Cənubi Qafqaz artıq tamamilə Türkiyənin nəzarətinə keçib.

“Türkiyə, Azərbaycan, Rusiya və İran mediasının əldə edilmiş razılaşmaya reaksiyalarını təhlil edəndə məlum olur ki, bütün bunların məğzi Cənubi Qafqazın tamamilə Türkiyənin təsir dairəsinə keçməsi ilə bağlıdır. Yenə deyirəm, ABŞ-nin yox, Türkiyənin”, - Poqosyan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə kapitalı Gürcüstanda dominantlıq edir və ciddi siyasi faktordur: “Artıq Ermənistan da Türkiyə və Azərbaycanın enerji, infrastruktur, iqtisadi, demoqrafik çevrəsində görünür. Bu andan etibarən Ermənistanın ticarət dövriyyəsi bu ikisi ilə bağlı olacaq. Rusiya və İran regionda yeni hegemonun yaranmasından narahatdır, çünki ənənəvi olaraq, Ankaranın bölgədə rolu məhdud olub və həmişə balans qorunub saxlanılıb, indi isə bu tarazlıq dəyişir. İran təkcə yol deyil, həm də geosiyasi oyunçu rolunu itirir. Rusiya isə ərazisinə görə nə qədər strateji dərinliyə malik olsa da, yenə də ən mühüm enerji və tranzit zonalarından birində - Cənubi Qafqazda təsirini itirir, bunun müqabilində Türkiyə dominant nüfuz qazanır”.

Erməni ekspert əlavə edib ki, ABŞ-nin regionda strateji yox, taktiki marağı var və bu səbəbdən İran və Rusiyadansa, Türkiyənin Cənubi Qafqazda güclənməsində maraqlıdır.

Vaxtilə Bakı və İrəvanda da bir neçə dəfə olmuş Xovayevin Tehran səfərində gerçək hədəf nə ola bilər?

Siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar bir sıra xarici qüvvələr tərəfindən qəbul edilmir: “Həm İranın mühafizəkar kəsiminin təmsilçiləri tərəfindən, həm Rusiyadan yeni reallıqlara qarşı mövqe ortaya qoyulduğunu dəfələrlə eşitmişik. Eyni zamanda, Avropanın bəzi ölkələrindən və siyasətçilərindən də oxşar məzmunlu addımların şahidi olmuşuq. Ancaq zaman keçdikcə, Azərbaycan haqlı, qətiyyətli mövqeyində dayandıqca həmin qüvvələr reallıqları qəbul etməyə məcbur olurlar. Ən son sülh prosesi istiqamətində çox uğurlu bir addım atıldı. İndi bu nəticələrə qarşı olan qüvvələrin bir araya gəlib eyni mövqedən çıxış etmələrinə çalışdıqları müşahidə olunur”.

Ekspert qeyd etdi ki, Xovayevin İran səfəri də bununla əlaqədardır: “Rusiya və İranın bu məsələdə birləşəcəyi bəlli idi. Onlar ortaq düşmənləri saydıqları Amerikanın Cənubi Qafqazda möhkəmlənməsini, Zəngəzur dəhlizinin ”Tramp yolu" adlandırılaraq ABŞ şirkətinin idarəçiliyinə verilməsini istəmirlər".

X.Bəşirov dedi ki, Xovayevin məhz indi İrana səfər etməsi təsadüfi deyil. “Bu səfər Zəngəzur dəhlizi, Vaşinqtonda imzalanan sənədin Cənubi Qafqaza gətirəcəyi yeni vəziyyət, paraflanmış sülh sazişi ilə bağlı İranla Rusiyanın mövqelərinin, atacaqları addımların uzlaşdırılması üçündür. Diqqət çəkən nüanslardan biri Rusiyanın İrana XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi olan diplomatı göndərməsidir. Bu fakt da bir daha sübut edir ki, Xovayev İrana məhz Azərbaycan-Ermənistan sülh prosesində yeni yaranmış vəziyyətlə bağlı Tehranla müzakirə aparıb saatları tutuşdurmaq üçün göndərilib. Təbii ki, bu səfərin Cənubi Qafqaza, sülh prosesinə, Zəngəzur dəhlizinin açılmasına xidmət etdiyindən danışmaq yersiz olar”, - deyə X.Bəşirov vurğuladı.

Onun sözlərinə görə, Xovayev əgər sülh sazişinin paraflanmasını, Ermənistanla Azərbaycan arasında imzalanan 8 avqust razılaşmasını təqdir etsəydi, onda səfərinin prosesə qarşı deyil, töhfə xarakterli olduğundan danışa bilərdik: “Ancaq yayılan məlumatlarda Xovayevin və İran tərəfinin açıqlamalarında sülhə, Zəngəzur dəhlizinin açılmasına dəstək hesab ediləcək heç nə yoxdur. Deməli, bu səfər sülhə, inkişafa, Cənubi Qafqazda xalqların rahat yaşamasına qarşı olan səfərdir. Rusiya və İranın mühafizəkar dairələri güclərin birləşdirib bölgədə sülhün qarşısını almağa çalışırlar”.

Ekspert qeyd etdi ki, Türkiyə indiyə qədər Ermənistanı müdafiə etmiş dövlətlərdən fərqli olaraq bölgədə sülhə nail olunması üçün daim çalışıb və bu gün də çalışır: “Türkiyə Rusiya və İranın mühafizəkar dairələrindən fərqli olaraq, Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasında maraqlıdır, bunun üçün mümkün addımları atır, tərəfləri bir-birinə qarşı qızışdırmaq deyil, yaxınlaşdırmaq siyasətini yürüdür. Türkiyənin sülhə xidmət edən siyasəti təbii ki, ona Cənubi Qafqaz ölkələrinin, bu ölkələrin xalqlarının etimadını formalaşdırır, inam yaradır. Bu isə, təbii ki, son nəticədə Türkiyənin bölgədə söz sahibi olan, sözü eşidilən, mövqeyinə hörmət edilən dövlət statusunu daha da möhkəmləndirir. Türkiyənin bölgədə mövqelərini Amerika yox, onun özünün düzgün, barışdırıcı siyasəti möhkəmləndirir. Türkiyənin bölgədə marağı sülh olmasıdır, başqa bir niyyəti yoxdur. Erməni siyasi ekspertin ABŞ-nin Türkiyənin Cənubi Qafqazda güclənməsində maraqlı olduğunu iddia etməsi ciddi əsası olmayan fikirlərdir. ABŞ ilə Türkiyənin münasibətlərində Co Baydenin dövründə soyuq münasibətlərin olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Tramp hakimiyyətə gələndən sonra münasibətlər bir qədər düzəlsə də, problemlər hələ də qalır. Türkiyə NATO üzvü kimi ABŞ-nin bölgədə yaxın müttəfiqidir. Lakin bu o demək deyil ki, Türkiyə Cənubi Qafqazda Amerikanın diktəsi ilə siyasət yürüdür. Türkiyənin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı təbiidir. Bunu ABŞ-nin bölgəni Türkiyəyə verdiyi kimi qələmə vermək pozucu qüvvələrə xidmət edir”.


Geri qayıt