Əsas Səhifə > Ana xəbər / Güney Press > Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı?

Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı?


Bu gün, 09:55

İran parlamentinin nümayəndəsi Kamran Qəzənfəri qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Deputat iddia edib ki, prezident Məsud Pezeşkianın İsraillə əlbir olduğunu sübut edən sənəd və dəlillər mövcuddur. Musavat.com xəbər verir ki, Qəzənfərinin sözlərinə görə, Pezeşkianın əsas məqsədi “İranı zəiflətmək və məhvə aparmaq, eyni zamanda, İsrailin süqutunun qarşısını almaqdır”. Bu fikirlər ölkənin siyasi dairələrində və mediada geniş rezonans doğurub.

Məsələ ilə bağlı yayılan xəbərlərdə qeyd olunur ki, İran parlamentindəki mühafizəkar qanad Azərbaycan türkü olan Pezeşkianı uzun müddətdir hədəf alır və onu Qərblə, xüsusilə də ABŞ və İsraillə yaxınlaşmaqda ittiham edir. “Intelligence Online”-un təhlillərində vurğulanır ki, bu cür iddialar hakimiyyət daxilində siyasi təzyiq vasitəsi kimi istifadə olunur.

Ekspertlər hesab edirlər ki, bu iddialar reallıqdan çox siyasi mübarizənin ritorikasına xidmət edir. Çünki Pezeşkianın prezidentliyi dövründə İranın daxili və xarici siyasətində ciddi ziddiyyətlər ortaya çıxıb, onun daha yumşaq xətt yürütməsi isə sərt xətt tərəfdarlarının etirazına səbəb olur. Hazırda Tehranda bu ittihamların ətrafında ciddi siyasi qalmaqal davam edir və Pezeşkian tərəfdarları iddiaları əsassız və böhtan kimi dəyərləndirirlər.

Yeri gəlmişkən, bu yaxınlarda İran prezidenti Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olmasının günahını öz ölkəsində görmüşdü. Pezeşkian bildirmişdi ki, qonşu olaraq Azərbaycanla düzgün münasibət qura bilməyiblər.

O, Azərbaycanın İran üçün “qardaş və qohum” olduğunu bəyan edərək, iki ölkə arasında əlaqələrin qurulmamasında əsas məsuliyyətin Tehrana məxsus olduğunu açıq şəkildə etiraf edib. “Azərbaycan bizim qohumumuz və qardaşımızdır. Necə olur ki, biz ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Əgər ünsiyyət qura bilməmişiksə - günah bizdədir!”, - deyə Pezeşkian bildirib.

Bu mövqedən çıxış etmiş azərbaycanlı prezidentə indi casus ittihamları və təzyiqlər varsa, biz Pezeşkianı qorumalıyıqmı? İrandakı dini rejimə bağlı qüvvələr niyə onu İsrail “agenti” çıxarmağa çalışırlar?

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, hər şeydən öncə Pezeşkian elm adamıdır, alimdir, özü də kifayət qədər təcrübəlidir: “Elm adamı olduğu üçün də dinin bəzi xurafat tərəflərini ayırd edə bilir. Ayırd edə bildiyinə görə də İranı idarə edən fars rejiminin ölkəni bərbad günə qoymasının fərqindədir. Bunun üçün də Pezeşkian dünyaya açılmaq, özəlliklə də qonşularla, Azərbaycanla yaxın münasibətlər qurmağın tərəfdarıdır. O bunu təkcə türk olduğu üçün etmir. Adam ağılla hərəkət edir və bir açılım etmək istəyir. Təbiidir ki, bu açılım zamanı da Azərbaycanla münasibətlərin yaxşılaşmasına şərait yaratmaq istəyir. Bu isə fars-molla rejiminin ürəyincə deyil”. A.Həsrətin fikrincə, İrandakı rejimin çörəyi cəfəngiyatdan, fanatizmdən çıxır: “Fanatizmdən çörək qazanan rejim təbiidir ki, elmlə hərəkət edən prezidenti belə başlı-başına buraxmaz. Ona görə də Pezeşkiana dəxli olmayan böhtanlar atırlar. Onun İsrail agenti olması kimi absurd iftiralardan belə çəkinmirlər. Məqsəd bu cür cəfəng iddiaları ortaya atıb İran əhalisini ona qarşı qaldırmaq istəyirlər”.

Siyasi şərhçi hesab edir ki, belə bir mərhələdə Azərbaycan olaraq, Pezeşkianın xərclənməsinə imkan verməməliyik: “Çünki illər sonra nəhayət ki, İranda Azərbaycan dövlətinin danışa biləcəyi bir prezident var. Bu prezidentlə biz ikitərəfli münasibətlərin normal məcraya yönəldilməsinə nail ola bilərik. Əks təqdirdə bizi yenə də uzun illər davam edən İran-Azərbaycan qarşıdurması, narahatlıqlar, narazılıqlar gözləyir. Əlbəttə ki, bunu da biz arzu etmirik. Sözümün canı odur ki, Pezeşkiana böhtan atılır və bu böhtana həm də Azərbaycan Respublikasını ortaq edirlər. Və təbiidir ki, ona atılan böhtanla əslində həm də Azərbaycanın üzərinə gəlirlər. Belə bir şəraitdə Məsud Pezeşkiana Azərbaycan ən azından mümkün olan dəstəyi verməlidir. Mən demirəm ki, təmtəraqla, hay-küylə dövlət səviyyəsində bu məsələlərə müdaxilə edilməlidir. Ən azından ictimai rəylə məşğul olan adamlar bu məsələlərdə gerçəkləri gün üzünə çıxarmalıdır”.


Geri qayıt