Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi?

Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi?


Bu gün, 12:11

Bu günlərdə Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin Türkmənistandakı üçtərəfli görüşünün nə qədər əhəmiyyətli olduğunu söyləməyə, zənnimcə, heç bir ehtiyac yoxdur. İndi hamı bu barədə fikir yürüdür. Ona görə də bunu onların öhdəsinə buraxıram.

Sizə başqa bir - mənim diqqətimi cəlb edən məqamdan danışacam. Görüşdən verilən görüntülərə baxanda kamera sanki birdən geri çəkildi və baş verənləri “quş uçuşu” hündürlüyündən izləməyə imkan yaratdı. Yaddaşım son illərin siyasi hadisələrini ardıcıllıqla vərəqləməyə başladı və mən Azərbaycan liderinin siyasi davranış stereotipini anladım, anladım ki, Azərbaycanın xarici siyasəti Kremlin postsovet ölkələri ilə münasibət qurması üçün bir model ola bilər.

Qonşuluq dərsi

Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin üçtərəfli görüşü bir daha göstərdi ki, Azərbaycan bölgə ölkələri arasında getdikcə daha inamlı şəkildə körpü və inteqrator rolunda çıxış edir və beləliklə Rusiyanın qonşuları ilə artan ziddiyyətləri fonunda haqlı sual yaranır — Moskva siyasətini təzyiq deyil, Bakı kimi əməkdaşlıq üzərində qursa, xəncərinin daşımı düşər?

Rusiya: imperiya üslubu

Tarixi olaraq Rusiya “böyük qardaş” roluna öyrəşib, ona görə də, ətrafındakılara yuxarıdan aşağı baxır, itaət tələb edir, onların daxili işlərinə qarışır, enerji resursları və ya hərbi bazalarından təzyiq vasitəsi kimi istifadə edir. Nəticədə Qazaxıstan, Azərbaycan, Gürcüstan və postsovet məkanındakı digər ölkələrlə münasibətlər getdikcə tərəfdaşlıqdan çox qarşıdurmanı xatırladır.

İmperiya mirasına əsaslanan xarici siyasət isə tədricən müttəfiqləri uzaqlaşdırır, Rusiyanı cazibə mərkəzi deyil, risk amili kimi göstərir ki, bu da, əslində, elə belədir də.

Azərbaycan: tarazlıq və hörmət

Azərbaycan isə tamamilə başqa yanaşma nümayiş etdirir. Onun diplomatiyası çoxşaxəlidir və praqmatizm üzərində qurulub. Bakı Türkiyə ilə strateji əlaqələri inkişaf etdirməklə yanaşı İran, Aİ və Mərkəzi Asiya ölkələri ilə də əməkdaşlığı möhkəmləndirir.

Əsas alət — iqtisadiyyat və infrastrukturdur: nəqliyyat dəhlizləri (Orta dəhliz, Bakı–Tbilisi–Qars), enerji layihələri, logistika, “yaşıl enerji”dir. Belə yanaşma isə qonşulara təzyiq deyil, fayda gətirir.

Modellərin müqayisəsi

Rusiya hələ də keçmişə və gücə müraciət edir. Azərbaycan isə gələcəyə baxır və tərəfdaşlıq təklif edir. Moskva etimadı itirdikcə, Bakı nüfuzunu artırır.

Moskva üçün dərs

Azərbaycan cazibə mərkəzi olmaq üçün qaydaları diktə etməmək, ortaq imkanlar təklif etmək lazım olduğunu göstərir. Hörmət və əməkdaşlıq siyasəti hökm və hikkə siyasətindən daha səmərəli olur.

Beləliklə, müqayisə açıq şəkildə Kremlin xeyrinə deyil. Çəmbərəkənd Yüksəkliyindəki Ağ Evin sahibi Kremlağasını növbəti dəfə böyük üstünlüklə qabaqlayaraq ona yalnız “Azərbaycan dərsi” deyil, həm də “qonşuluq dərsi” verir.

Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? Cavabı asan olmayan qəliz sualdır. Amma qütb ayısı yalnız bu yolla təcriddən qaça və Avrasiya məkanında formal yox, gerçək liderliyi geri qaytara bilər...

Müəllif: Elçin Şıxlı

AYNA.AZ


Geri qayıt