Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilirBu gün, 06:19 |
Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan son çıxışında ölkəsinin Xəzər dənizinə çıxmaq istədiyini bəyan edib. Sitat: “Bölgədə, eləcə də dünyada vəziyyət çox sürətlə dəyişir. Mövcud xarici siyasətin şaxələndirilməsi siyasəti ilə yanaşı, xaricdəki səfirlərimizin də prioritetlərinə yenidən nəzər salmaq lazımdır. Bu baxımdan Körfəz regionu, Aralıq, Qara və Xəzər dənizləri, eləcə də Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin təmin olunması və dərinləşdirilməsi Ermənistanın prioritetləri sırasındadır”. Lakin Xəzər dənizi yalnız beş sahilyanı dövlətin – Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın hüquqi səlahiyyətindədir. Bu baxımdan İrəvanın bu istəyi region ölkələrinin reaksiyasını qaçılmaz edir. Ermənistanın Xəzərə çıxmaq istəyinin reallığı nə dərəcədə mümkündür? Bu, sadəcə siyasi bəyanatdır, yoxsa real nəqliyyat layihələri ilə dəstəklənə bilər? Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın regional əməkdaşlıqla bağlı son çıxışı və Xəzər dənizi də daxil olmaqla, müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsinə dair çağırışı İrəvanın regional kommunikasiya layihələrinə qoşulmaq istəklərini bir daha gündəmə gətirir: “Xüsusilə Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə əlaqələrin qurulması ideyası Ermənistan üçün iqtisadi izolyasiyadan çıxmaq cəhdidir. Lakin bu istəklərin reallığı həm siyasi, həm də hüquqi baxımdan sual doğurur. Xəzər dənizi hüquqi baxımdan yalnız beş ölkənin yurisdiksiyasındadır. Ermənistanın sahilyanı dövlət statusu yoxdur və bu səbəbdən Xəzər dənizi vasitəsilə birbaşa çıxışı və ya burada istənilən iqtisadi və ya nəqliyyat fəaliyyətində iştirakı yalnız həmin ölkələrin razılığı ilə mümkündür. Bu isə geosiyasi münasibətlər fonunda, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri kontekstində real görünmür”. Politoloq bildirib ki, Ermənistanın bu bəyanatı siyasi ritorika kimi qiymətləndirilə bilər: “Hazırda Cənubi Qafqazda formalaşan yeni nəqliyyat reallıqları – Zəngəzur dəhlizi, Orta Dəhliz və TRİPP marşrutu fonunda Ermənistanın istisna edilmək qorxusu rəsmi İrəvanı müxtəlif istiqamətlərə yönəlməyə vadar edir. Lakin bu, konkret layihə və razılaşmalarla dəstəklənmədiyi halda, onların praktik nəticə verməsi çətin görünür”. Geri qayıt |