Əsas Səhifə > Ana xəbər / Güney Press > “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq”

“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq”


Bu gün, 08:25

Həştərxanda Azərbaycan və Rusiya Hökumətlərarası Komissiyanın 23-cü iclasından sonra iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı Bakı-Moskva münasibətlərində yumşalma olması rəyini yaradıb. Tədbirin əvvəldən nəzərdə tutulduğu kimi Moskvada deyil, Azərbaycanla daima münasibətləri isti olan Həştərxan vilayətində keçirilməsi də diqqət çəkib. Birgə Hökumətlərarası Komissiyanın iclasının əsas nəticəsi ondan ibarətdir ki, siyasi turbulentlik şəraitində iqtisadi blok sabitləşdirici funksiyanı yerinə yetirməkdə davam edir. İştirakçılar 2024-2026-cı illər üçün ikitərəfli əməkdaşlığın “yol xəritəsi”nin həyata keçirilməsi kursunu təsdiqləyiblər. Müzakirə zamanı aqrar-ərzaq ticarətində qeyri-tarif maneələr və qarşılıqlı məhdudiyyətlər müzakirə olunub.

Bu mövzudakı təhlilində Haqqın.az saytı yazır ki, Həştərxan vilayəti ənənəvi olaraq “yumşaq güc buferi” rolunu oynayır: “2010-cu ildə Həştərxanda Heydər Əliyevin abidəsi ucaldılıb, regional büdcədən ayrılan vəsait hesabına Azərbaycanın Qubadlı rayonunda uşaq bağçası tikilir. Belə ki, Babuşkin Tatarıstanın rəhbəri Rüstəm Minnixanovla tandemdə qeyri-rəsmi rabitəçi kimi çıxış edir, Bakı ilə Moskva arasında birbaşa əlaqə kanallarını saxlayır. Üstəlik, iqtisadi diplomatiya kəskin siyasi bucaqları yumşaltmaq üçün əsas alət rolunu oynayır”.

İndi əsas sual budur ki, hökumətlərarası məsləhətləşmələrin bərpası siyasi normallaşma prosesinin başlanğıcı deməkdirmi? Unutmayaq ki, münasibətlərin gərgin olduğu son 7-8 ayda Bakının prioriteti Vaşinqtonla konstruktiv qarşılıqlı əlaqəni bərpa etmək və Avropa İttifaqı ilə enerji və qaz nəqli sahəsində əməkdaşlığı dərinləşdirmək olub.

Azərbaycan Rusiya ilə münasibətlərin diplomatik qarşıdurma səviyyəsinə çatdırılmasında heç vaxt maraqlı olmayıb. Münasibətlərdə gərginliyin qalmasında da istəkli deyil. Sadəcə olaraq, əgər Moskva Bakı ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdirsə, bunun heç də yuxarıdan aşağı baxmaq demək olmadığını anlamalıdır. Azərbaycan özünə qarşı bu cür yanaşmanı heç kəsdən qəbul edə bilməz. Bu gün rəsmi Bakının Kremldən heç bir umacağı yoxdur. Ən azı, normal qonşuluq münasibətləri qorunub saxlanılmalıdır.

Azərbaycan gərginliyin dərinləşməsində maraqlı olmayaraq, diplomatik kanallar vasitəsilə hüquqi mexanizmlərin işə salınmasını üstün tutur. Qonşuluq siyasətində qarşılıqlı etimad, sabitlik və beynəlxalq hüquqa hörmət Azərbaycanın əsas prioritetləri sırasındadır. Bakı heç bir ölkənin daxili işlərinə qarışmaq fikrində deyil, eləcə də öz dövlətimizə qarşı xoş olmayan niyyətlərə göz yummayacaq. Ötən həftə deputat Qüdrət Həsənquliyev təklif etmişdi ki, Azərbaycan Rusiya ilə gərginliyi azaltmağa çalışmalıdır. O bildirmişdi ki, indiki vəziyyətdə Moskva ilə münasibətləri pisləşdirməyə ehtiyac yoxdur. Lakin gərginliyə səbəb olan addımları da məhz Rusiya atıb. Azərbaycan adekvat cavab verib və geri çəkilməyib. İndi isə hər şeyi sıfırlayıb yenidən başlamaq üçün fürsət var. Sadəcə, Moskva da siyasətinə korrektələr etməlidir...

ReAl Partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, bəli, Rusiyanın ritorikasından, əməllərindən qaynaqlanan, Kreml üzündən yaranmış Azərbaycan-Rusiya gərginliyi indi səngiyir. Partiya liderinin fikrincə, Moskva anladı ki, Bakı ilə belə üslubda davrana, danışa bilməyəcək, buna görə də geri addım atır: “Olsun, gərginliyin azalması yaxşıdır”.

N.Cəfərli hesab edir ki, coğrafiya taleyimizdir, buna görə də bütün qonşularla normal münasibətlər ölkəmiz üçün prioritet olmalıdır: “Əslində Bakının bir gözləntisi var - Kreml bərəbərhüquqlu, qarşılıqlı, birtərəfli yox, məhz qarşılıqlı hörmətə söykənən münasibətlərə öyrəşməlidir. Moskva bunu nə qədər tez anlasa, qonşularla bərabər hüquqlara malik olduğunu tez dərk etsə, Kreml üçün bir o qədər yaxşı olar. Moska artıq cazibə mərkəzi, hegemon, coğrafiyanın ağası deyil, bir daha da olmayacaq. Rusiya bu yeni reallıqla barışıb yaşamağı öyrənməlidir”. Onun qənaətinə görə, yaxın günlərdə Azərbaycan və Rusiya rəhbərləri görüşəcək, gərginlik minimuma enəcək, amma heç nə unudulmayacaq.

Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev baş verənlərin qarşı tərəfin ucbatından olduğunu düşünür: “Azərbaycan Rusiya ilə əlaqələrə həmişə yüksək dəyər verib. Ukrayna müharibəsindən iki gün əvvəl imzalanan bəyannamə də bunun göstəricisi idi. Təyyarəmizin vurulmasına qədər isə münasibətlərdə axsama yox idi. Ona görə də indi ritorika yumşala, qarşılıqlı səfərlər, yaxud təmaslar ola bilər, amma mülki təyyarəmizlə bağlı tələblərimiz dəyişməyib. Əgər Rusiya indi azalmış görünən gərginliyin tam aradan qalxmasında maraqlıdırsa, kompensasiya ödəsin, məsuliyyət daşıyanları istintaqa cəlb etsin. Bizim bundan başqa Rusiyadan gözləntimiz yoxdur. Təəssüf ki, Rusiya saymazyana davrandı və üstümüzə gəlməyə başladı. Son aylarda diasporamıza hücumlar, enerji obyektlərimizə zərbələr, Duma üzvlərinin, partiya sədrlərinin təhdidləri isə gərginliyi daha da artırdı. Yəni bizim günahımız olmayıb. İndi ümid edək ki, Rusiya barışıq üçün addımlarını iri atacaq”. Partiya rəsmisi əlavə edib ki, Çində keçiriləcək sammit iki ölkə liderlərinin bir araya gəlməsinə şərait yarada bilər və bu mümkün görüş münasibətlərin yenidən yaxşılaşmasına gətirib çıxaracaq.

Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulub. Rusiyanın Bakıdakı səfirliyi isə 1992-ci il sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü yerə çıxıb. 2024-cü ilin eyni dövründə Rusiya dördüncü yerdə idi.

“Yeni Müsavat”


Geri qayıt