Əsas Səhifə > Ana xəbər / Güney Press > Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü
Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdüBu gün, 09:48 |
Türkiyənin Karabük universitetində doktorantura təhsili almaq istəyən Yusif Qurbanzadə dələduzluğun qurbanı olub.Bizimyol.info xəbər verir ki, bu məsələdə ona kömək vəd edən Quba rayonu, Zərdabi qəsəbəsinin sakini olan, 1999-cu il təvəllüdlü Təbriz son nəticədə onu aldadıb. Yusif Qurbanzadənin 2500 dollar pulunu ələ keçirməkdə təqsirləndirilərək, Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsilə cinayət məsuliyyətinə cəlb olunub. Yusif Qurbanzadə bildirib ki, 2024-cü ilin mayında iş yoldaşı Sabir Hüseynovla söhbət əsnasında ona Türkiyədəki universitetlərdən birində doktorantura təhsili almaq istədiyini deyib. O isə deyib ki, Türkiyədə təhsil alan dostu var. Yusif Qurbanzadə xahiş edib ki, dostu ilə danışsın, ondan Türkiyədəki universitetə necə qəbul olduğunu soruşsun. Sabir Hüseynov dostu ilə danışıb. Onu həmin universitetə doktorantura təhsilinə düzəldən Təbrizin telefonunu ona verib. O da Təbrizlə əlaqə saxlayıb. Təbriz bildirib ki, 2500 dollara Karabük Universitetində doktorantura təhsilinə düzəlmək mümkün olar. Ödənişi ediləndən sonra iyulun sonunda qəbul sənədi veriləcəyi, sentyabrda isə qeydiyyatın tamamlanacağı, ona tələbə bileti veriləcəyini, oktyabrda artıq dərsə başlayacağını bildirilib. Təbrizin bank kartına 2500 dollar manatla hesabıanaraq, 4370 manat pul göndərilib. Yusif Qurbanzadə işin yubandığını görüb, Təbrizin onu aldatdığını başa düşüb, pulunu geri istəyib. Pulu ala bilməyəndə isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edib. O, məhkəmədə zərərçəkmiş kimi verdiyi ifadəsində bildirib ki, dəymiş ziyandan cəmi 900 manat qaytarılıb. Bu səbəbdən Təbrizdən şikayətçidir. Təqsirləndirilən şəxs əməlini etiraf edib. O bildirib ki, Yusifdən aldığı 4370 manat pulu tam şəkildə xərcləmiş və ona qaytarmağa maddi imkanı olmayıb. Lakin elədiyi hərəkətə görə çox peşmandır. Elə məhkəmə də onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, vurulmuş maddi ziyanı qismən ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddətdə o, elektron qolbaqla gəzməli, yaşadığı Quba rayonundan kənara çıxmamalı, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər evini tərk etməməlidir. Geri qayıt |