Əsas Səhifə > Ana xəbər / Güney Press > “Minsk quldur dəstəsi”nin sonu
“Minsk quldur dəstəsi”nin sonuBu gün, 07:17 |
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT Minsk Qrupunun buraxılması ilə bağlı press-reliz yayıb. Açıqlamada bildirilir ki, ATƏT Nazirlər Şurası 2025-ci il sentyabrın 1-də ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların bağlanması barədə qərar qəbul edib. Qərar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə məktub-müraciəti əsasında qəbul olunub. Müraciət ABŞ Prezidentinin dəvəti və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşü zamanı ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanıb. Qərara əsasən, 1 sentyabr tarixindən etibarən ATƏT-in Minsk prosesi, ATƏT sədrinin şəxsi nümayəndəsi, habelə Yüksək Səviyyəli Planlaşdırma Qrupu fəaliyyətini dayandırır. ATƏT Katibliyinə 2025-ci il 1 dekabr tarixinədək qeyd olunan strukturların bağlanmasından irəli gələn inzibati və texniki məsələlərin həllini başa çatdırmaqla bağlı göstəriş verilib. Həmçinin elan olunub ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə aid olan və ATƏT çərçivəsində qəbul olunmuş bütün qərarlar qüvvədən düşür və tətbiq edilmir. Bununla da həmin institutların bağlanması rəsmiləşdirilib və ATƏT-ə üzv olan bütün dövlətlər vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış bu strukturların münaqişə bitdikdən sonra yeni şəraitdə aktuallığını itirdiyini qəbul ediblər. Bu qərarın qəbulu təkcə Azərbaycan Respublikasının öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasının və Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə qəbulunun təsdiqi deyil. Bu qərar eyni zamanda 2025-ci il 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaların əməli şəkildə reallaşdırılması istiqamətində mühüm addımdır. Mətbuata açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq hüququn normalarına əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün fəaliyyət göstərəcək. Tanınmış erməni analitik və publisist İşxan Verdyan baş verənlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb. O, öncə qeyd edib ki, hələ 2021-ci ilin yanvarında videoçıxışı zamanı Minsk Qrupunu obrazlı şəkildə “Minsk quldur dəstəsi” adlandırıb. “Mənim fikrim sadə idi: bu qurum sülhə xidmət etmirdi, əksinə, ermənilər və azərbaycanlılar arasında düşmənçiliyi qızışdırır, xalqları bir-birinə qarşı qoyurdu. Onların yalanları erməniləri təhrik edir, ermənilər də öz növbəsində azərbaycanlıları təhrik edirdilər – beləliklə, münaqişə daim aktual olaraq saxlanılırdı”. O xatırladıb ki, Minsk qrupuna üç supergüc – ABŞ, Fransa və Rusiya daxil olub və onların hər biri Qarabağ məsələsini təkbaşına “on dəqiqəyə” həll edə bilərdi. Sadəcə, Donald Trampın etdiyi kimi addım atmaq kifayət idi. “Amma onlar nəinki bunu etmədilər, əksinə, birləşərək bütün mümkün vasitələrlə istənilən sülh təşəbbüslərini blokladılar, bəzən isə açıq-aşkar terrorçu adlandırıla biləcək üsullardan belə istifadə etdilər. Ona görə də, Minsk qrupunun gündəmdən çıxması regionu ciddi şəkildə sağlamlaşdıra, ermənilərin və azərbaycanlıların şüurunu zorla saxlanılan münaqişə düşüncəsindən azad edə və daha sabit gələcəyə yol aça bilər. Siyasi baxımdan isə bu hadisə dünya ictimaiyyətinin faktiki olaraq Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanıması deməkdir. Minsk qrupu “artsax” utopiyasının dünyaya ötürülməsi üçün yeganə vasitə idi. İndi həmin struktur yoxdur, bu da “artsax” konsepsiyasının tədricən tarixə qovuşacağı anlamına gəlir. Bu həm də böyük güclərin əslində Cənubi Qafqazdan əl çəkməsi kimi görünür. Onlar başa düşürlər ki, region coğrafi baxımdan hər hansı xarici hərbi müdaxilədən etibarlı şəkildə qorunur. Odur ki, Qafqazı ona aid olanlara – Qafqaz ölkələrinin özünə və Türkiyənin ixtiyarına vermək lazımdır. Rəsmi ritorikada bu açıq şəkildə deyilmir, amma siyasi qərarlar – o cümlədən ATƏT-in Minsk qrupunun ləğvi – bunu aydın şəkildə göstərir”, – Verdiyan fikrini tamamlayb. Geri qayıt |