Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi

TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi


Bu gün, 16:06

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları aparır.

Teleqraf-a bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlum olub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə daxil olan tibbi müəssisələri də yoxlanılır.

Artıq bir müddətdir Hesdablama Palatası audit hesabatlarında İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin fəaliyyətinə dair nöqsanlar açıqlayıb.

Palata son olaraq İcbari tibbi sığorta fondunun (Fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının auditini aparmışdı. Maraqlı faktlar açıqlanmışdı.

Məlum olmuşdu ki, audit obyektləri kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hesabatlılığı düzgün təşkil etməyib.

2023-2024-cü illərdə Fondun büdcələri ilə bağlı müvafiq hüquqi aktlarda əvvəlki illərdə istifadə olunmamış vəsaitlərin müvafiq ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsa da bu, icra edilməyib.

Bundan əlavə, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik məlumatlarla kiçik fərqlərlə uyğunluq təşkil etmədiyi müəyyənləşdirilib.

Agentlik tərəfindən Hesablama Palatasına təqdim olunan məlumatların təhlili göstərib ki, xərclər çox nəzərdə tutulsa da icra səviyyəsi aşağı olub. Belə ki, hesabatlarda 2023-2024-cü illər üçün 2393,2 mln. manat və 2850,3 min manat xərc məbləğinə münasibətdə 81,1% və 78,5% vəsaitin icra edilməsi göstərilib.

Palatanın araşdırmasında qeyd edilirdi ki, səhiyyə sahəsində məqsədli tədbir və proqramlara ayrılmış vəsaitlərin büdcə qanunvericiliyinin tələblərinin pozulması ilə icrası dövlət büdcəsi ilə yanaşı icmal büdcənin kassa icrası göstəricilərinin təhrifinə səbəb olub. Vəsaitin ayrıldığı illərdə tam icra edilməməsi həmin ildə ayrılmış vəsaitlərin nəticəliliyinin əldə olunmasında əsaslı riskləri formalaşdırıb.

Bəzi hallarda alınmış dərman vasitələri üzrə ehtiyacdan az proqnozlaşdırma aparılıb. Alınan dərmanlar və tibbi sərfiyyat ehtiyac sahiblərinə həmin ildə çatdırılmayıb.

İstifadə olunan avadanlıqların dəyəri bir sıra hallarda alış qiymətlərindən daha yüksək qiymətlərlə tarifə daxil edilib.

Palatanın topladığı audit sübutları göstərir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizminin sığorta prinsiplərinə tam uyğun təşkil edilmədiyi müəyyənləşdirilməyib. Hazırda tətbiq edilən yanaşma yalnız fəaliyyətin saxlanma xərclərinin ödənilməsinə əsaslanmaqla təmin olunmasına xidmət edir ki, bu da Fondun, həmçinin tibb müəssisələrinin maliyyə dayanıqlılığının formalaşdırılmasına mane olur.

TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təminatının tam həyata keçirilməsi, o cümlədən dərman və tibbi sərfiyyatla təmin edilməsi fonunda hər iki ildə cərrahiyə əməliyyatlarının, xüsusilə dəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədən dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90,0%-dən çoxu özəl tibb müəssisələrində icra edilib.

Qeyd edək ki, Agentliklə özəl tibb müəssisələri arasında bağlanılmış müqaviləyə əsasən tibb müəssisəsi göndəriş vərəqəsi olduğu hallarda sığortaolunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətləri göstərmək hüququna malikdir. Audit olunan illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik tərəfindən 14 sayda tibb müəssisəsinə 2 ildə cəmi 4273,6 min manat vəsait ödənilmişdir.

Sərbəst vəsaitin idarə olunması ilə bağlı qeyd edək ki, 2022-ci ilin sonuna investisiya edilmiş vəsaitin həcmi 462,0 mln manat təşkil etmiş, 2023-cü ildə bu, 814,0 mln. manat artaraq 1276,4 mln. manat, 2024-cü ildə isə 175,3 mln. manat artaraq 1451,7 mln. manat olmuşdur. Agentlik tərəfindən investisiya fəliyyətini tənzimləyən hüquqi aktın tələbinə bəzi hallarda tam əməl edilməməməsi 31.12.2024-cü tarixə depozitlər cəmi investisiya edilmiş sərbəst maliyyə vəsaiti payının hüquqi aktlarla müəyyən edilmiş həddən çox olmasına gətirib çıxartmışdır.

Dövlət büdcəsindən səhiyyə sahəsində proqram və tədbirlərə ayrılmış vəsaitin bir hissəsi, bəziləri üzrə isə böyük hissəsi və ya tam məbləğdə həmin ildə icra olunmasa da, Agentlik tərəfindən geri qaytarılması səbəbindən bu vəsaitlər düzgün olmayaraq qalıq məbləğinə daxil edilmiş və investisiya fəaliyyəti çərçivəsində istifadə olunmuşdur.

Əks-repo əməliyyatlarının daha uzun müddətə həyata keçirilməsi daha əlverişli investisiya alətlərinin geniş istifadəsini məhdudlaşdırmaqla 2023-cü ildə investisiya fəaliyyətindən əldə edilmiş xalis mənfəətin 2024-cü illə müqayisədə 2,0 dəfədən az olmasına təsir göstərmiş, hər iki ildə investisiya gəlirlərinin mühasibat uçotunda düzgün əks etdirilməməsi maliyyə hesabatlarının tərtib edilməməsi fonunda bu hesabatlarda təhriflərin formalaşmasında riskləri formalaşdırmışdır.

Keçirilmiş satınalmalarla bağlı qeyd edək ki, 2 ildə 277 satınalma keçirilmiş, həmin satınalmalar nəticəsində 757136,3 min manat dəyərində müqavilə bağlanılmışdır. 2023-2024-cü illərdə cəmi satınalmaların 43,0%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşmüşdür.

Ümumiyyətlə, keçirilmiş satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar, alınmış malların sifarişçiyə vaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərinin aşağı, bəzi hallarda isə çox aşağı olması, anbarda mal qalıqları olduğu halda həmin mallar üzrə alışların həyata keçirilməsi, bir sıra hallarda isə alınmış malların anbarda hərəkətsiz qalması, il daxilində eyni malların müxtəlif qiymətlərə alınması (bəzən eyni podratçılardan), bir sıra malların 2023-cü ildə 2022-ci ilə nisbətən və 2024-cü ildə 2023-cü ilə nisbətən əsaslandırılmamış baha alınması, tender predmetinin səmərəli və effektiv bölgüsünün uyğun aparılmaması nəticəsində xüsusən dövlət proqramları çərçivəsində dərman vasitələrinin alınması zamanı ehtimal qiymətdən və Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınması satınalmaların effektivliyini aşağı salan amillərdən olmuşdur.

Faktiki olaraq satınalma predmetlərinin və hətta podratçıların illər ərzində təkrarlanmasına və alışların proqnozlaşdırıla bilinən olmasına baxmayaraq, proqnozlaşdırma işləri tələblərə uyğun qurulmamış, məbləğ olaraq iki ilin yekununa görə satınalmaların 70%-i ilin son iki rübündə keçirilmişdir.

Bəzi hallarda bir mənbədən satınalma üçün alınmış icazələr üçün göstərilmiş əsaslar icra prosesində təsdiqini tapmamışdır. Bu isə əsassız olaraq müsabiqəsiz şərtlərin tətbiq edilməsinə şərait yaratmışdır.

Toplanmış audit sübutları bəzi hallarda Agentlik tərəfindən tibbi alışların həyata keçirilməsi prosesində qiymətləndirmələr zamanı əsas şərtlər toplusunda göstərilməyən amillərin əsas götürüldüyünü göstərir. Bu, hüquqi aktın tələbinin pozulması ilə yanaşı, ehtiyacların ödənilməsində qənaətli hesab edilməyən yanaşmaların tətbiqi ilə nəticələnmişdir.

Dərman, tibbi sərfiyyat və avadanlıqların, xüsusilə də dövlət proqramları ilə alınan malların bu istiqamətlərdə ayrılmış vəsaitlərin həmin il daxilində ehtiyacların ödənilməsi üçün ayrıldığını nəzərə alaraq malların məhz həmin il daxilində çatdırılmaması əhalinin bu mallar üzrə ehtiyac qruplarının həmin il daxilində səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırmışdır. Alışlar zamanı müvafiq podratçılara 127,6 mln. manat dəyərində malların saxlanca geri verilməsi zamanı zəruri məlumatlar əsasında uçotun aparılmaması son təyinat nöqtələri olan tibb müəssisələrinə təhvil verilmiş malların yararlılıq müddətlərinin satınalma və müqavilə şərtlərinə uyğunluğunda əsaslı riskləri formalaşdırmışdır.

İnformasiya sistemlərinin və avadanlıqlarının alışı zamanı ehtimal olunan qiymətin idxal qiymətindən çox fərqlənməsi maliyyə vəsaitlərinin qənaətli və səmərəli istifadəsinə tam şərait yaratmamışdır.

Daxili nəzarət mühitinin qiymətləndirilməsi ilə bağlı ilk olaraq qeyd edək ki, auditin əhatə etdiyi illərdə vakant yerlərin çox olması, vəzifə təlimatlarının və illik iş planlarının hazırlanmaması nəzarət mühitinin tam təmin olunmadığını göstərir. Nəzarət mexanizminin yetərli olmaması, o cümlədən daxili auditin fəaliyyətinin təşkil edilməməsi maliyyə hesabatlarının tərtib edilməməsi ilə nəticələnmiş, sonuncu hesabata dair audit şirkəti tərəfindən verilmiş rəydə göstərilən qeydlər maliyyə hesabatlarının tam, dolğun və düzgün tərtibində əhəmiyyətli şübhələr formalaşdırmışdır. Belə ki, Agentlik tərəfindən hüquqi aktın tələbi pozulmaqla yalnız 2018-2021-ci illər üçün maliyyə hesabatları tərtib edilmiş, 2021-ci il üçün maliyyə hesabatı yalnız 2025-ci ilin may ayında kənar audit tərəfindən rəy alınmaqla müvafiq qaydada təqdim olunmuşdur. 2018-2021-ci illər üzrə Maliyyə hesabatlarına eyni müstəqil auditor (şirkət) tərəfindən şərti müsbət rəy verilmiş və rəy üçün əsaslar bölməsində rəyin modifikasiya edilməsi səbəbi kimi yalnız yetərli audit sübutu əldə edilməməsi əsas gətirilmişdir ki, bu da beynəlxalq standartlara görə rəydən imtinaya əsasdır.

Nəzarət mühitinin yaradılması və risklərin idarə olunması sahəsində yol verilmiş bəzi nöqsanlar, eləcə də müxtəlif struktur bölmələrin fərqli ünvanlarda yerləşməsi, öz növbəsində, nəzarət fəaliyyətinin də nəticəli təmin olunmasına tam şərait yaratmayıb.

Bundan əlavə İcbari Tibbi Sığorta Agentliyi maliyyə intizamını pozaraq son üç ilin maliyyə hesabatlarını açıqlamayıb.

Xatırladaq ki, İcbari tibbi Sığorta Fondun bu il üzrə gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat proqnozlaşdırılıb. Nəticədə 2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 % artırılıb.

Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib. Xərclərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatının (filial, idarə) saxlanılma xərclərinin payı 33 milyon 500 min manat (3,1 % çox), Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərclərinin 84 milyon 692 min manat (7,3 % çox), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) saxlanılma xərclərinin 47 milyon 300 min manat (1,5 % çox) nəzərdə tutulub.


Geri qayıt