Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir?
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir?Bu gün, 06:55 |
ABŞ Prezidenti Donald Tramp Zəngəzur dəhlizi ilə bağlı sülh sazişini möhkəmləndirmək üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı ötən ay Ağ Evdə qəbul edib. Bu barədə ABŞ-nin “The Hill” nəşri yazır. “İlk baxışdan hər şey sülhə doğru atılmış addım kimi görünür. Lakin bu, İran üçün ciddi strateji zərbə oldu. Saziş Azərbaycanla və onun eksklavı olan Naxçıvan arasında Ermənistan ərazisindən keçən birbaşa yol əlaqəsini nəzərdə tutur. Bu yol Ermənistanın suverenliyi və nəzarəti altında qalacaq. Beləliklə, dəhliz İranı oyundan kənarlaşdırır, eyni zamanda ABŞ-ın Cənubi Qafqazda uzunmüddətli mövcudluğunu möhkəmləndirir: Vaşinqton “Trump Route for International Peace and Prosperity” (TRIPP) adı verilən marşrutun inkişafı üçün 99 illik konsessiya əldə edir. Bu, İran üçün mühüm təsir rıçağının itirilməsi deməkdir: məhz coğrafi vəziyyət onilliklər boyu Tehrana regional tranzit siyasətində mövqeyini qorumağa imkan verirdi. İndi isə bu üstünlük aradan qalxıb. Dəhliz daha geniş tendensiyanın bir hissəsinə çevrilib: İranın xarici siyasətə yatırımları addım-addım dağılır. Suriyada Bəşər Əsəd rejiminə dəstək cəhdləri iflasa uğradı. Livanda “Hizbullah”ın mövqeləri ciddi şəkildə zəiflədi. İsrail və ABŞ-la 12 günlük müharibə İranın hərbi sisteminin zəif tərəflərini üzə çıxardı. Xarici uğursuzluqlar fonunda daxili problemlər daha da dərinləşir: inflyasiya, iqtisadiyyatın durğunluğu, elektrik və su qıtlığı cəmiyyətin narazılığını artırır, ali dini lider ayətullah Əli Xameneinin dominantlığına əsaslanan siyasi sistem isə getdikcə daha kövrək görünür. Zəngəzur sazişi İran üçün ciddi nəticələr vəd edir: dəhliz onun regiondakı təsirini azaldır, onu tranzit oyunundan kənarlaşdırır və daxili sabitliyin pozulması riskini gücləndirir”, – “The Hill” yazır. Bəs Zəngəzur dəhlizinin Ermənistan ərazisindən açılması İran üçün nə dərəcədə ciddi zərbə olacaq? ABŞ-nin “The Hill” nəşri bu qənaətində nə dərəcədə haqlıdır? Müstəqil analitik Rəşad Rzaquliyev bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb. Onun sözlərinə görə, İran qlobal geosiyasi klub tərəfindən yaradılan, Çin, Rusiya və Şimali Koreyanın da daxil olduğu “rədd edilmişlər klubu”nun tərkib hissəsidir. “Onlar Qərbin Yeni dünya nizamı görüşünə qarşı müqavimət forpostlarıdır və bu gün hərbi-siyasi və sosial-iqtisadi baxımdan kifayət qədər sərt təzyiqlərlə üzləşirlər. İran bu sırada ən zəif həlqədir. Mənim fikrimcə, bu, islamın ən müqəddəs dəyərləri üzərindən manipulyasiya edən, aqressiv klerikal və ideoloji-utopik dövlətdir. Qərb sanksiyalarından, davamlı hərbi-siyasi zərbələrdən və daxili sosial qeyri-sabitlikdən boğulan, zəifləyən bir ölkədir. Və bu ölkə həm də ABŞ və İsraillə növbəti müharibənin astanasındadır. Belə bir şəraitdə İranın regionda öz xarici siyasi maraqlarını təmin edə bilmək imkanlarından danışmaq, ən azı, yersizdir. “Tramp marşrutu” ideyası isə məhz elə bir yerdə ortaya qoyulub ki, İran az əvvəl burada öz təsirini amansızcasına müdafiə edir, güc tətbiqi və bütün ilahi cəzalarla hədələyirdi. Bu isə şəxsən İranın birinci şəxsi üçün açıq-aşkar bir sillədir. Başqa cür mümkün deyil. İran geri çəkildi. Fikrimcə, bu halda “The Hill” nəşrinin mövqeyi həqiqətə yaxındır”, – ekspert bildirib. O, Zəngəzur dəhlizinin İran İslam Respublikası üçün hansı əhəmiyyət daşıdığı barədə də suala cavab verir. “Bu, faktiki olaraq, Pentaqonun və Lenqlinin (Mərkəzi Kəşfiyyat İdarəsi – red.) anglosakslarla İranın qarşıdurma xəttində rəsmi mövcudluğu deməkdir. Bu, fars ekspansionizminə qarşı çıxan türk geosiyasi xəttini bərpa edən yoldur. Bu, İranın Cənubi Qafqaz ölkələrinə təsir imkanlarının tamamilə itirilməsidir. Bu, “Şimal–Cənub” layihəsinin logistika infrastrukturuna, İranın Avropaya quru ticarət-iqtisadi yoluna nəzarətdir. Və nəhayət, bu, müasir Azərbaycanın regional dövlət kimi xarici siyasət və xarici iqtisadi uğurlarının parlaq təzahürüdür – İranın siyasi elitası üçün mahiyyət etibarilə ölümcül amildir”, – Rzaquliyev yekunlaşdırıb. Geri qayıt |