Əsas Səhifə > Ana xəbər / Güney Press > Fermerlər məhsullarını Bakıya gətirə bilmir
Fermerlər məhsullarını Bakıya gətirə bilmirBu gün, 06:24 |
İqtisadçı-ekspert Rauf Qarayev Sherg.az-a bildirib ki, regionlardan Bakıya məhsul çıxarılmasında bir neçə ciddi maneə mövcuddur:
“Fermerlərin yetişdirdiyi məhsulu paytaxta gətirmək üçün xüsusi soyuducu və ya daşımaya uyğunlaşdırılmış avtomobillər olmalıdır. Bu imkanlar olmadığına görə çox vaxt vasitəçilər işə qoşulur. Nəticədə məhsulun qiyməti süni şəkildə artır, fermerin qazancı azalır.
Bəzi iri alıcılar bazara çıxışda dominant mövqe tutaraq fermerlərin sərbəst satış imkanlarını məhdudlaşdırırlar. Bu səbəbdən fermerlər məhsullarını daha aşağı qiymətə həmin vasitəçilərə satmağa məcbur qalırlar. Region fermerləri məhsulu paytaxt yarmarkalarına çıxarmaq istəyəndə ciddi yaşayış xərcləri ilə üzləşirlər. Hotellərin baha olması onların məhsulu birbaşa satmasına imkan vermir. Çox vaxt yarmarkalara məhsul gətirib, oradakı alverçilərə sataraq geri qayıdırlar”.
Çıxış yollarına gəldikdə isə ekspert bildirib ki, regionlarda məhsulların toplanması üçün logistika mərkəzləri qurulmalıdır. Oradan məhsul birgə şəkildə paytaxta və digər iri şəhərlərə daşına bilər:
“Soyuducu anbarlar və xüsusi nəqliyyat məsələsi dövlət dəstəyi və ya güzəştli kreditlərlə həll olunmalıdır. Fermerlər üçün satış kooperativləri yaradılmalı, onların birgə hərəkəti təmin edilməlidir”.
Ekspertin sözlərinə görə, məhsul istehsalının özündə də bir sıra çətinliklər mövcuddur:
“Bir çox bölgədə su çatışmazlığı məhsulun həcminə və keyfiyyətinə mənfi təsir edir. Fermerlər müasir aqrotexniki vasitələrə çıxışda çətinlik çəkirlər, bu da məhsuldarlığı azaldır. Bazar tələbləri. Xüsusilə turistlər üçün nəzərdə tutulan nümunəvi bazarlarda məhsulun yalnız dadı və keyfiyyəti deyil, həm də görünüşü, qablaşdırması və təqdimatı vacibdir. Fermerlərin əksəriyyətində bu standartlara uyğunlaşdırma imkanı yoxdur. Bu problemlərin həlli üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməli, fermerlərə həm maddi, həm də maarifləndirmə dəstəyi göstərilməlidir. Əks halda, kənd təsərrüfatında istehsal artsa belə, məhsulun bazara çıxışı və real satış imkanları zəif qalacaq”.
Geri qayıt |