Əsas Səhifə > Ana xəbər / Güney Press > Böyük Britaniya Cənubi Qafqaza qayıdır
Böyük Britaniya Cənubi Qafqaza qayıdırBu gün, 10:15 |
Böyük Britaniya Azərbaycanla münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini elan edib. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. Xəbərdə bildirilir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Bakıya rəsmi səfəri zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq statusuna qaldırıldığını açıqlayıb. Nazirliyin bəyanatında qeyd olunur ki, Doutinin Bakıya səfəri Böyük Britaniyanın Azərbaycanla əlaqələri gücləndirmək öhdəliyini və Azərbaycanın Cənubi Qafqazda ən vacib strateji tərəfdaşlardan biri kimi rolunu bir daha təsdiqləyir. Qeyd edək ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Danışıqların nəticəsində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılıq əldə olunub, tərəfdaşlıq hər iki ölkəyə əsas strateji prioritetlər üzrə daha sıx əməkdaşlıq imkanı yaradacaq. Səfər çərçivəsində Bakıda Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iştirakı ilə işgüzar nahar da keçirilib. Görüşdə investisiya imkanları, Azərbaycanın regional enerji lideri kimi rolu və Avropa ilə Asiyanı birləşdirən mühüm ticarət yolu olan Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunub. Vurğulanıb ki, bu səfərin uğurla başa çatması iki ölkə arasında münasibətlərdə qarşılıqlı hörmət, ortaq maraqlar və regional sabitlik naminə əməkdaşlıq əsasında yeni mərhələnin başlanğıcını qoyur.
Ankara Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl Sherg.az-a açıqlamasında deyib ki, Böyük Britaniyanın Azərbaycanla münasibətləri "strateji tərəfdaşlıq" səviyyəsinə yüksəltməsi Londonun dəyişən qlobal dinamikalar fonunda həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Ekspertin sözlərinə görə, bu qərarın arxasında bir neçə fundamental strateji maraq dayanır:
"Bu tərəfdaşlığın əsas hərəkətverici qüvvəsi enerji təhlükəsizliyidir. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təchizatını diversifikasiya etmək zərurəti kəskin şəkildə artıb. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa üçün etibarlı və alternativ qaz tədarükçüsü kimi öz mövqeyini möhkəmləndirib. Böyük Britaniya bu tərəfdaşlıqla həm Avropanın enerji təhlükəsizliyinə töhfə verməyi, həm də BP kimi nəhəng Britaniya şirkətinin Azərbaycandakı uzunmüddətli mövqeyini və yeni investisiya imkanlarını qorumağı hədəfləyir. Enerji maraqları ilə yanaşı, bu qərar Böyük Britaniyanın geosiyasi ambisiyalarını da əks etdirir. "Brexit"dən sonra "Qlobal Britaniya" konsepsiyasını həyata keçirən London Avropa İttifaqından kənarda müstəqil ikitərəfli ittifaqlar qurmağa çalışır. Cənubi Qafqaz kimi strateji əhəmiyyətli bir regionda güclü tərəfdaşa malik olmaq, Böyük Britaniyanın beynəlxalq səhnədəki təsirini artırır. Bu addım eyni zamanda regionda Rusiya və İran kimi güclərin təsirini tarazlaşdırmaq üçün atılmış geosiyasi bir gedişdir".
Professorun qənaətincə, Londonun strategiyasının digər bir mühüm istiqaməti beynəlxalq nəqliyyat dəhlizlərində rol oynamaqdır:
"Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən və Rusiyadan yan keçən Orta Dəhliz üçün kritik əhəmiyyət daşıyır. Böyük Britaniya bu dəhlizin inkişafında maraqlıdır. Çünki bu, Çinlə Avropa arasında ticarət axınını şaxələndirir və Londonun qlobal ticarətdəki rolunu gücləndirir. Strateji tərəfdaşlıq iqtisadi və geosiyasi çərçivədən kənara çıxaraq, müdafiə, təhlükəsizlik və diplomatiya kimi sahələri də əhatə edir. Bu əməkdaşlıq, hərbi-texniki sahədə əlaqələrin dərinləşməsini, kəşfiyyat məlumatlarının mübadiləsini və regional təhdidlərə qarşı birgə mübarizəni nəzərdə tutur. Həmçinin, Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi, Böyük Britaniyaya "yaşıl keçid" sahəsində əməkdaşlıq üçün unikal diplomatik imkanlar təqdim edir. Nəticə olaraq, Böyük Britaniyanın bu addımı sadəcə ikitərəfli münasibətlərin inkişafı demək deyil. Həmçinin, Londonun enerji təhlükəsizliyini, post-Brexit dövrü üçün iqtisadi maraqlarını, Cənubi Qafqazdakı geosiyasi balansı qorumaq və beynəlxalq ticarət yollarında təsirini artırmaq kimi strateji məqsədlərinə xidmət edən düşünülmüş bir siyasət gedişidir".
Geri qayıt |