Əsas Səhifə > Ana xəbər / Güney Press > Araz, yoxsa Zəngəzur dəhlizi

Araz, yoxsa Zəngəzur dəhlizi


Bu gün, 03:25

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Araz dəhlizinin yaradılması istiqamətində görülən işlər və onun strateji əhəmiyyəti barədə danışıb.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının azad edilməsindən sonra regionda yeni geosiyasi reallıq formalaşıb və bu, nəqliyyat və logistika infrastrukturunun inkişafı üçün geniş imkanlar açıb. 2022-ci ilin martında Azərbaycan və İran Şərqi Zəngəzuru İran ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək yolun inşası barədə memorandum imzalayıblar.

Mustafayev bildirib ki, Araz çayı üzərində, Ağbəndlə İranın Kalala kəndi arasında avtomobil körpüsü ilin sonunadək hazır olacaq, sərhəd və gömrük infrastrukturu isə Novruz bayramına qədər tam qurulacaq. Yeni Araz dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yeni qolu olacaq.

Bundan əlavə, dəhliz Fars körfəzini Qara dənizlə birləşdirəcək və “Şərq–Qərb” və Orta Dəhliz marşrutlarının bir hissəsinə çevriləcək. Bu isə yeni geosiyasi və iqtisadi imkanlar yaradacaq, ticarət əlaqələrini genişləndirəcək və azad edilmiş ərazilərdə iqtisadi fəallığı artıracaq.

Lakin sual yaranır – bəs “Tramp yolu”, yəni Zəngəzur dəhlizi necə olacaq? Yenidən üstünlük İran marşrutuna verilir? Amma niyə? Amerikalılar və ermənilər Zəngəzur dəhlizinin Mehri hissəsinin inşasını niyə tələsdirmirlər? Yoxsa problem başqa şeydədir?

Pressklub.az-ınsuallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavab verib.

Onun fikrincə, Araz dəhlizi və Zəngəzur dəhlizi ümumiyyətlə bir-birindən fərqli iki layihədir. “Onlar təkcə coğrafi baxımdan (biri Ermənistan ərazisindən, digəri İran ərazisindən keçir) deyil, həm də fəaliyyət prinsipləri baxımından fərqlənir. Belə demək mümkünsə, Araz dəhlizində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi nəzərdə tutulmur.

Digər tərəfdən, çox güman ki, Araz dəhlizi daha çox Rusiyadan gələn yüklərin Azərbaycan ərazisi, oradan da İran ərazisi vasitəsilə Fars körfəzi və Aralıq dənizi ölkələrinə daşınması üçün nəzərdə tutulacaq.

Mustafayevin bəyanatının Azərbaycan, Rusiya və İran arasında hökumətlərarası komissiyanın Bakıda keçirilən iclası və nəqliyyat məsələlərinin müzakirəsi zamanı səslənməsi də təsadüfi deyil. Yəni ümumilikdə demək olar ki, regionumuzda artıq spesifik yol xəritəsi, nəqliyyat xəritəsi formalaşır. Bu xəritə nəqliyyat layihələrinin təkcə iqtisadi deyil, həm də siyasi xüsusiyyətlərini nəzərə alır”, – ekspert bildirib.

O, bu kontekstdə qeyd edib ki, “Tramp yolu”, TRIPP layihəsi, əslində, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin və Ermənistanın bununla bağlı öhdəliklərinin nəticəsidir. “Araz dəhlizi isə Azərbaycan, İran və regionun digər ölkələrinin yol-nəqliyyat sistemlərini birləşdirməyi nəzərdə tutan layihədir. Burada qarşılıqlı maraqlar prinsipi qorunur və bütün bunlar Cənubi Qafqaz və Qərbi Asiya coğrafiyasında multimodal nəqliyyat dəhlizlərinin inkişaf məntiqinə uyğun gəlir.

Buna görə də, bu iki layihəni bir qədər fərqləndirmək lazımdır. Zəngəzur dəhlizinin öz məntiqi var və o, həmin istiqamətdə inkişaf edəcək. Əsas məsələ – Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsidir. Məncə, Zəngəzur dəhlizinin əsas missiyası da elə bundan ibarətdir.

Araz dəhlizində isə belə bir tələb yoxdur, o, daha çox digər proseslərin məntiqinə uyğun inkişaf edəcək. Hər halda, Araz dəhlizi Zəngəzur dəhlizinin infrastrukturunu tamamlayacaq və müxtəlif daşıyıcılar üçün daha münasib marşrut seçimi imkanı yaradacaq”, – İlqar Vəlizadə vurğulayıb.


Geri qayıt