Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakını Avrasiya İttifaqına qoşmaq israrı

Bakını Avrasiya İttifaqına qoşmaq israrı


Bu gün, 10:35

“Biz Azərbaycanla müxtəlif regional formatlarda: MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və "3+3" regional əməkdaşlıq platforması, o cümlədən Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində sıx əməkdaşlıqda maraqlıyıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son keçirdiyi brifinqdə deyib.

“Biz Bakı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqun güclənməsinin şahidi oluruq. Bunu Azərbaycanın baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsinin indi formalaşmış ənənəsi sübut edir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub müxtəlif sektorları çərçivəsində tərəfdaşlarımızla çox fəal əməkdaşlığımızı müsbət qiymətləndiririk”, - deyə Zaxarova bildirib.

Azərbaycanın Aİİ-yə qoşulması zaman-zaman gündəmə gələn məsələlərdən biridir. Rəsmi Bakının təşkilata üzv ölkələrlə (Ermənistan istisna) iqtisadi əlaqələri yaxşı olsa da, birbaşa üzvlükdən imtina edib. Prezident İlham Əliyev 2023-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

Qeyd edək ki, Aİİ 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə əsasında yaradılıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə 9 oktyabr 2014-cü ildə qoşulub. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.

Ötən il Prezident İlham Əliyev deyib ki, Azərbaycanın Aİİ-yə qoşulmaq niyyəti yoxdur. “Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir”, - dövlət başçısı qeyd edib.

Təxminən 9 aylıq gərginlikdən sonra münasibətlər istiləşən kimi XİN rəsmisi bu mövzunu gündəmə gətirib. Ümumiyyətlə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşula bilərmi?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya hazırda patronajlıq etdiyi qurumlarla Azərbaycanın daha yaxın inteqrasiya olmasında maraqlıdır: “Rusiya istəyir ki, Azərbaycan onun təşəbbüskarı və aparıcı olduğu bütün təşkilatlarda üzv olsun, fəallıq nümayiş etdirsin. Hətta Rusiya hakimiyyətinin dərinliklərində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının belə üzvü olması, yaxud da başqa hansısa statusda iştirak eməsinin vacibliyi ideyası var. Azərbaycanın torpaqları azad edildiyi və Ermənistanla müharibə dayandığı faktı ruslarda belə fikir yaradıb ki, artıq Azərbaycanın KTMT-yə üzv olmasına ən böyük əngəl aradan qalxmış sayılır. Ancaq təbii ki, bu, Rusiyanın arzusudur, Azərbaycanın isə özünün ölçüləri, hesablamaları, dövlət maraqları var”.

Ekspertin sözlərinə görə, bu da həqiqətdir ki, Azərbaycan bu gün Rusiyanın liderliyi altında olan müxtəlif qurumlarda müxtəlif statuslarda, o cümlədən Müstəqil Dövlətlər Birliyində fəal şəkildə iştirak edir: “Bu qurumlarda Azərbaycanın iştirakı öncə ölkəmizin suverenliyi, milli maraqları çərçivəsində həll edilir. Hətta son vaxtlar Azərbaycan Avrasiya İqtisadi İttifaqının müxtəlif strukturlarında da iştirak eləyir, o cümlədən Aİİ-nin sonuncu toplantısında Azərbaycan baş nazir səviyyəsində fəxri qonaq qismində təmsil olunub. Əgər söhbət Azərbaycanın Rusiyanın patronajlığı altında olan ən böyük ticarət, gömrük qurumu olan Aİİ ilə bundan artıq yaxınlaşmasından gedirsə, burada bir qədər düşünmək və məsələyə ehtiyatlı baxmaq lazımdır. Çünki Azərbaycan vaxtilə Ermənistanın getdiyi yolla getmir və getmək fikrində də deyil. Bir vaxtlar Ermənistan Avropa Birliyini müəyyən qədər həvəsləndirərək onunla assosiativ üzvlük sazişi üzrə danışıqları başlatdı və davam elətdirdi. Birdən o zamankı prezident Serj Sərkisyan sərt dönüş edərək Aİİ-yə üzv oldu. Aİİ-nin üzvü kimi yenidən Avropa Birliyi strukturlarına qayıdan Ermənistan bu günə qədər iki istiqamətdə fəaliyyət göstərməkdə davam edir, amma bunun çox böyük çətinlikləri var. Açıq şəkildə ifadə olunur ki, Ermənistanın eyni vaxtda Aİİ-də və Avropa Birliyində üzv olması qeyri-mümkündür. Xüsusilə Rusiya bu barədə Ermənistanı dəfələrlə seçim etməyə çağırıb. Bu baxımdan Azərbaycan dövləti öncədən ən düzgün olan variantı seçib. Azərbaycanın mövqeyi budur ki, nə Aİİ-yə, nə də Avropa Birliyinə üzv olmur”.

A.Quliyev dedi ki, Azərbaycan bu qurumlarla müxtəlif istiqamətlərdə əlaqələr qurur: “Bu əlaqələr milli maraqlara və ölkəmizin iqtisadi maraqlarına uyğun olan istiqamətlərdə qurulur. Azərbaycanın hazırkı şəraitdə Aİİ-yə üzv olması aktual deyil. Aİİ-yə üzvlük yönündə Azərbaycanın addım atması gözlənilmir. Belə bir addımın atılması maraqlarımıza cavab vermir və həmçinin Avropa Birliyi ilə, Qərblə münasibətlərimizə də xələl gətirə bilər. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin taleyi həll olunana, dünyanın yenidən bölüşdürülməsi uğrunda Qərb-Rusiya mübarizəsi aydınlaşana qədər Azərbaycanın nə Aİİ məsələsində, nə də Avropa Birliyi məsələsində müsbət seçim etməsinə lüzum yoxdur. Azərbaycan hər ikisi ilə milli, iqtisadi ticarət maraqları çərçivəsində mötədil siyasət aparmaqda yəqin ki, davam edəcək”.


Geri qayıt