Əsas Səhifə > Ana xəbər / Güney Press > Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır?

Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır?


Bu gün, 11:13

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik bülletenlərdə Esvatini Krallığının adı Svazilend olaraq qeyd olunur.
Yeniavaz.com
xəbər verir ki, Esvatini uzun müddət Britaniya protektoratı altında olub və 1968-ci ildə müstəqilliyini elan edib.
Müstəqillikdən sonra ölkənin adı Svazilend olub. Lakin 2018-ci ildə Kral III Msvatinin qərarı ilə ölkənin adı Esvatini olub.
Maraqlıdır ki, 8 ildir ölkənin adı dəyişsə də, Dövlət Statistika Komitəsi hələ də rəsmi bülletenlərdə dünya xəritəsində olmayan ölkə adından istifadə edir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqladığı məlumatda Azərbaycan ilə Esvatini Krallığı arasında diplomatik münasibətlərin 7 yanvar 2010-cu il tarixində qurulduğu göstərilib.
Onu da qeyd edək ki, Afrika qitəsinin cənubunda yerləşən bu ölkənin ərazisi təxminən 17,4 min kv. kilometr, əhalisi isə təxminən 1,3 milyon nəfərdir.
Azərbaycan ilə Esvatini Krallığı arasında 16 illik diplomatik münasibətlər olsa da, ticarət əlaqələri inkişaf etməyib. Bu ilin ilk 2 ayında Azərbaycana Esvatini Krallığından təxminən 10 kiloqram bolt və qaykalar gətirilib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi təkcə Esvatinini Svazilend kimi deyil, eyni zamanda Efiopiya Federativ Demokratik Respublikasını rəsmi bülletenlərdə Həbəşistan olaraq qeyd edir. Ancaq məlumdur ki, hazırda dünyada Həbəşistan adlı dövlət yoxdur. Həbəşistan adı indiki Efiopiya və Eritreya dövlətlərinin ərazilərini əhatə edən qədim bölgənin adıdır. Qədim və orta əsrlərdə bu ərazidə mövcud olan dövlətin adı Şərq mənbələrində Həbəşistan, Qərb mənbələrində isə Abissiniya olaraq keçir.
Məlumat üçün bildirək ki, məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə ünvanladığımız sorğuya cavab verilmədi. 



Geri qayıt