Əsas Səhifə > Ana xəbər / Güney Press > "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır?
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır?Bu gün, 15:25 |
|
"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu deyilən "Sirr-M" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi borcu 218.735,74 AZN-ə çatıb. Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əzimov Mahmud Nizami oğludur. Ötən ilin avqust ayında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı "Sirr-M" MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edib. Şirkət rəhbərliyinə cinayət işi açılmışdı. Sonradan bu barədə ictimaiyyətə məlumat verilmədi. 2022-ci ildə də Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınması halı aşkar edilmişdi. Məlumata əsasən, ərazidən gündəlik olaraq 90-100 yük maşını torpaq və daş daşınır. Şirkətin də qeyri-rəsmi olaraq iş adamı Ramazan Zeynalova məxsus olduğu bildirilir. Onu da bildirək ki, Masalı rayonunda yerləşən "Viləş Palace Hotel"in də Ramazan Zeynalova məxsus olduğu deyilir. Ötən ilin aprel ayında "Viləş Palace Hotel"in qanuni təmsilçisi dəyişib. Ramazan Zeynalovun qardaşı oğlu Vüqar Zeynalov MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib. 2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palace Hotel" MMC-ni aralarında yaranamış torpaq mübahisəsinə görə məhkəməyə verib. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi "Viləş Palace Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub. Hazırda da tərəflər arasında məhkəmə çəkişməsi davam etdirildiyi bildirilir. Geri qayıt |