Əsas Səhifə > Ana xəbər / Güney Press > Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq?

Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq?


Bu gün, 06:55

Avropa İttifaqının xarici işlər nazirləri Ermənistanda yeni mülki missiyanın başlanmasını dəstəkləyən qərar qəbul ediblər. Missiya İrəvana hibrid təhdidlər – seçki proseslərinə xarici müdaxilələr, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə ilə mübarizədə kömək etməlidir. Missiya yaxın günlərdə fəaliyyətə başlayacaq, iki illik mandatı olacaq və “Ermənistan Respublikasında Avropa İttifaqının Tərəfdaşlıq Missiyası” (EUPM Armenia) adlanacaq.

İrəvana belə bir missiyanın göndərilməsi üçün Ermənistan hələ ötən ilin dekabrında Avropa İttifaqına müraciət etmişdi. Brüsseldə və Ermənistanda aparılan müzakirələrdən sonra İttifaqın səfirləri keçən həftə yekdilliklə missiyanın yaradılması təklifinə səs veriblər.

Qeyd edək ki, “EUPM Armenia” əsasən 2023-cü ildə yaradılmış EUMA adlı başqa bir missiyanı əvəz edəcək. Xatırladaq ki, Ermənistan tərəfinin rəsmi müraciəti əsasında, 23 yanvar 2023-cü ildə Aİ Şurası daha geniş və müstəqil bir missiyanın (EUMA) yaradılması barədə qərar qəbul etmişdi. Missiya rəsmi olaraq 20 fevral 2023-cü ildə fəaliyyətə başlayıb.

EUMA-nın mərkəzi qərargahı Yeğeqnadzor (Keşişkənd) şəhərində yerləşir. Missiya sərhədyanı bölgələrdə vəziyyəti izləmək üçün İcevan (Karvansara), Martuni, Cermuk (İstisu), Gorus və Qafan kimi strateji nöqtələrdə əməliyyat bazalarına malikdir. İlkin mərhələdə 100 nəfərlik heyətlə işə başlayan missiya, 2023-cü ilin dekabrında sayın artırılması barədə qərar qəbul edib. Hazırda missiyanın tərkibi yerli işçilərlə birlikdə 225 nəfərə çatdırılıb.

Missiyanın mandatı 2025-ci ilin yanvarında daha 2 il müddətinə uzadılıb. Beləliklə, hazırkı qərara əsasən, EUMA 19 fevral 2027-ci ilə qədər bölgədə qalacaq.

EUMA-nın fəaliyyəti üç əsas istiqaməti əhatə edirdi:

Sərhəd boyunca mütəmadi patrullar təşkil edərək hərbi-siyasi vəziyyəti izləmək və Brüsselə birbaşa hesabatlar göndərmək;

Sərhədyanı ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizlik hissini artırmaq və yerli icmalarla ünsiyyət qurmaq;

Tərəflər arasında mümkün insidentlərin qarşısını almaq üçün vasitəçilik elementləri daşımaq (baxmayaraq ki, bu bənd reallıqda tərəflərin razılığı ilə bağlıdır).

Azərbaycan tərəfi EUMA-nın fəaliyyətini başladığı gündən bəri diqqətlə izləyir və bu proseslə bağlı rəsmi Bakının mövqeyi bir neçə fundamental tənqid üzərində qurulub. Azərbaycanın əsas iradlarından biri missiyanın yaradılmasının Bakı ilə razılaşdırılmamasıdır. Rəsmi Bakı hesab edir ki, regionda sabitliyə xidmət etməli olan hər hansı təşəbbüs hər iki tərəfin (həm Azərbaycanın, həm də Ermənistanın) rəsmi razılığı və koordinasiyası ilə həyata keçirilməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, missiyanın mövcudluğu Ermənistanda revanşist qüvvələrdə yalançı təhlükəsizlik çətiri hissi yaradır. Bu isə Ermənistanın sərhəddə hərbi təxribatlara əl atmasına və sülh müqaviləsinin imzalanması prosesini uzatmasına şərait yaradır. Bakı missiyanı mülki müşahidəçi statusundan çıxaraq Ermənistanın hərbi və siyasi ambisiyalarına "sipər" olmaqda ittiham edib.

Rəsmi Bakı missiyanın tərkibində Fransa kimi "qeyri-neytral" ölkələrin nümayəndələrinin və hərbi/polis keçmişi olan şəxslərin üstünlük təşkil etməsindən narahatlığını ifadə edib. Bakı missiyanı Ermənistan-Azərbaycan normallaşma prosesinə dəstək deyil, bəzi Qərb dövlətlərinin regiona nüfuz etmək və geosiyasi rəqabəti Cənubi Qafqaza daşımaq aləti kimi qiymətləndirib.

Həmçinin Azərbaycan tərəfi vurğulayıb ki, sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında ikitərəfli məsələdir. Kənar müşahidəçilərin, xüsusən də monitorinq adı altında sərhəd xəttinə yaxınlaşması bu texniki və hüquqi prosesə müdaxilə kimi qəbul edilir.

Başlanğıcda Aİ-nin vasitəçilik roluna müsbət yanaşan Azərbaycan, missiyanın mandatının Bakıdan xəbərsiz uzadılmasını və heyətin genişləndirilməsini "etimadın sui-istifadəsi" kimi görüb. Bu vəziyyət Brüssel formatının neytrallığına olan inamı zəiflədən əsas amillərdən biri kimi qiymətləndirilib.

Xatırladaq ki, Rusiya da bu missiyanı kəskin şəkildə "qeyri-konstruktiv" adlandırıb. Moskva üçün bu, Aİ-nin Rusiyanı öz ənənəvi nüfuz dairəsindən sıxışdırıb çıxarmaq cəhdi və Cənubi Qafqazda NATO/Aİ hərbi-kəşfiyyat infrastrukturunun təməli kimi görünür. İran da vaxtaşırı regionda "kənar qüvvələrin" mövcudluğuna neqativ yanaşır və bunun regional sabitliyə xələl gətirdiyini bildirir.

Avropa İttifaqının təsdiqlədiyi “EUPM Armenia” bu missiyanı əvəz edəcək. Beləliklə, Azərbaycanın tənqid hədəfində olan, hətta sülh şərtlərindən biri kimi qaldırdığı Avropa Müşahdiə Missiyasının ləğvi məsələsi həllini tapır.

Yeni missiyanın isə cəmi 20–30 nümayəndədən ibarət olacağı gözlənilir. Onlar əsasən İrəvanda Ermənistan hökuməti ilə sıx əməkdaşlıq edəcəklər. “EUPM Armenia”nın Azərbaycanla birbaşa əlaqəsi olmayacaq. Bununla belə, əvvəlki Aİ sənədlərində qeyd olunurdu ki, Brüssel Azərbaycanla təmasları davam etdirəcək ki, Aİ-nin Ermənistana dəstəyinin məqsədi izah edilsin və sülh prosesinə mənfi təsir yaranmasın.

Erməni mediasının əldə etdiyi sənədlərə görə, yeni missiyanın əsas narahatlıqlarından biri Rusiyanın müdaxiləsidir, xüsusilə də Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri fonunda.

Bəzi Aİ diplomatlar bildiriblər ki, Brüssel “Moldova uğur modelini” təkrarlamağa ümid edir. Orada Avropayönlü qüvvələr seçkilərdə hakimiyyətdə qalıb. O vaxt Moldova paytaxtına tam missiya göndərilməsə də, Aİ seçkilərdə Rusiya dezinformasiyasını aşkar etmək üçün dəstək vermişdi.

Missiya həmçinin Ermənistanın gələcək yerli seçkilərinə və parlament seçkilərindən sonra mümkün konstitusiya referendumuna dəstək verəcək.

Sənədlərə görə, “EUPM Armenia” Ermənistanın aidiyyəti təhlükəsizlik qurumlarına strateji məsləhətlər və operativ dəstək verəcək. Bu, xüsusilə hibrid təhdidlərə qarşı mübarizəni əhatə edir: xarici informasiya manipulyasiyası, kiber cinayətlər və seçki və siyasi mühitdə qeyri-qanuni maliyyə axınları. Aİ Xarici Fəaliyyət Xidmətinin əvvəlki sənədlərində isə açıq şəkildə Rusiyanın təsirinə qarşı mübarizə zərurəti qeyd olunurdu. Sənədlərdə deyilirdi ki, dəstək “Rusiya tərəfindən sabitliyi pozan fəaliyyətlərə qarşı yönəlməlidir”.

Qeyd edək ki, 5 mayda İrəvanda keçiriləcək ilk Aİ–Ermənistan sammiti Brüsselin Ermənistana verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilir. Sammitdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Koşta iştirak edəcəklər.


Geri qayıt