Əsas Səhifə > Ana xəbər / Güney Press > Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər...

Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər...


Bu gün, 16:03

Xocalıda yaşayan 144 ailənin (651 nəfər) əksəriyyətinin həyətyanı sahəsi bölünüb verilmədiyi üçün sakinlər əkinçilik və digər kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirlər.

Bunu Pravda.az-a açıqlamasında 2024-cü ilin may ayından Xocalıda yaşayan ehtiyatda olan polkovnik Müşfiq Aslanov bildirib.

Onun sözlərinə görə, Xocalıda əhalinin əksəriyyəti işsizdir: “İnsanların məşğul olacağı elə bir iş yoxdur. Bəziləri kərpic zavodunda fəhlə, şirkətlərdə mühafizəçi kimi iş tapa bilsə də, əksəriyyət işsizdir. Bu da yaşayışı çətinləşdirir. Şəxsən mən pensiya alıram, amma insanın mütləq bir məşğuliyyəti olmalıdır. Hazırda özüm də iş axtarıram”.

O qeyd edib ki, iki ilə yaxındır Xocalıda yaşamasına baxmayaraq, həyətyanı sahələr bölünərək təhvil verilmədiyi üçün çəpər çəkə bilmirlər: “İşləri icra edən şirkətlər prosesi ləng aparır. Hər sakin üçün 6–8 sot həyətyanı sahə nəzərdə tutulsa da, bölgü aparılmadığı üçün çəpər çəkə bilmirik. Bu halda əkinçilik də mümkün olmur. Ötən il əkin işləri aparmışdım, amma evdən harasa gedəndə heyvanlar sahəyə girib məhsulu korlayıb. Elə evlər var ki, hələ köçürülməyib və onların həyətləri artıq çəpərlənib, amma burada yaşayanların çoxunun sahəsi hələ də açıqdır”.

M.Aslanov əlavə edib ki, əkinçilik üçün əsas problemlərdən biri də su məsələsidir: “Suvarma üçün yalnız içməli sudan istifadə etməli oluruq ki, bu da çox baha başa gəlir”.

Onun sözlərinə görə, daimi məşğulluq və iş imkanları yaradılsa, sakinlərin yaşayışı xeyli asanlaşar: “Əks halda insanlar qapılarını bağlayıb iş tapa biləcəkləri yerlərə üz tuturlar”.


Geri qayıt