Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda mühüm vəzifə ləğv edilir?
Azərbaycanda mühüm vəzifə ləğv edilir?Bu gün, 07:23 |
|
Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi fonunda konstitusiya islahatları ilə bağlı müzakirələr genişlənib. Bu çərçivədə Nazirlər Kabinetinin (NK) və baş nazir institutunun ləğv edilməsinin zəruriliyi barədə iddialar səsləndirilir. Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Azərbaycan kimi prezidentli respublikalarda baş nazir institutuna ehtiyac yoxdur: “İcra hakimiyyətinə prezident rəhbərlik etdiyi üçün bu vəzifənin funksional zəruriliyi azalır. Prezident və baş nazirin paralel mövcudluğu daha çox parlament respublikalarına xasdır. Belə sistemlərdə prezident əsasən simvolik funksiyalar yerinə yetirir. İdarəetmə sistemində yığcamlığın artırılması vacibdir. Daha azsaylı və çevik idarəetmə strukturları korrupsiya risklərini azalda, bürokratik maneələri minimuma endirə və iqtisadi fəaliyyət üçün daha əlverişli mühit yarada bilər. Xüsusilə iş adamlarının qarşılaşdığı inzibati çətinliklərin aradan qaldırılması bu baxımdan əhəmiyyətlidir”. Siyasi şərhçi qeyd edib ki, bu çərçivədə bəzi dövlət strukturlarının və vəzifələrin optimallaşdırılması, onların funksional yükünün yenidən qiymətləndirilməsi zəruridir: “İdarəetmə sisteminin sadələşdirilməsi və daha effektiv modelin formalaşdırılması korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edir. Nəticə etibarilə, mövcud idarəetmə modelinin təkmilləşdirilməsi, daha yığcam və şəffaf sistemin qurulması ölkədə effektiv idarəetmənin təmin olunmasına töhfə verə bilər”. Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, son konstitusiya dəyişikliklərindən, xüsusilə birinci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılmasından sonra baş nazirlik institutu ləğv edilməli idi: “Çünki vitse-prezidentlərin səlahiyyətləri, o cümlədən icra strukturları və nazirlərlə işin koordinasiyası Nazirlər Kabinetinin funksiyaları ilə üst-üstə düşür və nəticədə paralel idarəetmə elementi yaranır. Azərbaycanda güclü prezident institutu mövcuddur və belə idarəetmə modellərində baş nazir vəzifəsi adətən məhdud, yaxud daha çox formal xarakter daşıyır. Bu baxımdan baş nazirlik institutunun ləğvi və onun səlahiyyətlərinin vitse-prezidentlik institutuna verilməsi məqsədəuyğundur”. Partiya sədri əlavə edib ki, belə dəyişikliklərin gerçəkləşdirilməsi üçün referendum keçirilməsi mümkündür: “Çünki bu məsələ Konstitusiyada təsbit olunub. Eyni zamanda, idarəçilik sisteminin təkmilləşdirilməsi məqsədilə digər sahələrdə də islahatlara ehtiyac var. Məsələn, parlamentin formalaşması ilə bağlı deputatların sayının artırılması, həm majoritar, həm də proporsional seçki sisteminin tətbiqi kimi məsələlər müzakirə mövzusu ola bilər. Ümumilikdə, idarəetmə sisteminin müasir çağırışlara uyğunlaşdırılması və davamlı islahatların aparılması vacibdir. Bu, ölkənin qlobal inkişaf tendensiyalarından geri qalmamasına, siyasi islahatların iqtisadi və digər sahələrdə inkişafı dəstəkləməsinə şərait yarada bilər”. Geri qayıt |