Əsas Səhifə > Ana xəbər / Güney Press > SOCAR bir gecədə 4.6 milyard borca düşdü
SOCAR bir gecədə 4.6 milyard borca düşdüBu gün, 14:23 |
|
2024-cü ilin sonunda dövlət bir qərar verdi. Cənub Qaz Dəhlizi (CQD) deyilən nəhəng qaz kəməri layihəsinin 2 faiz payını SOCAR-a hədiyyə etdi. Bu kağız üstündə xırda dəyişiklik kimi görünsə də, amma nəticəsi böyük oldu. Əvvəl vəziyyət belə idi. CQD-nin səhmlərinin yarısından çoxu, 51 faizi dövlətin, qalan 49 faizi SOCAR-ın idi. Bu layihənin də özünün 3.5 milyard dollardan çox borcu var idi. Bu borcu Avropa banklarından, Dünya Bankından, həm də istiqraz buraxaraq yığmışdılar. Ən böyüyü 2 milyard dollarlıq borcdur ki, 2026-cı ilin martında qaytarılmalı idi. Lakin 2026-cı ilin martında qaytarılmalı olan 2 milyard borcun aqibəti barədə açıq məlumat yoxdur. Ödəmə prosesi ya səssiz-səmirsiz gedir, ya da refinans olunub və ictimaiyyətə deyilmir. SOCAR və Maliyyə Nazirliyi rəsmi açıqlama verənə qədər dəqiq nəsə demək çətindir. Amma defolt xəbəri gəlmədiyinə görə, çox güman ki, problem “texniki” yolla həll olunur. Yəni ya ödənilib, ya da vaxtı uzadılıb. Qalan borclar isə 2032-ci ildən 2046-cı ilə qədər hissə-hissə ödənməlidir. İndiyə qədər bu borclar “dövlətin borcu” kimi görünürdü. Çünki şirkətin yarısı dövlətin idi. SOCAR-ın hesabatında isə bu borclar yox idi. 10 dekabr 2024-cü ildə Prezident sərəncam imzaladı. Sərəncama əsasən dövlətin 2 faiz payı SOCAR-a verildi. Bununla SOCAR-ın payı 51 faiz oldu, dövlətin payı 49 faizə düşdü. Beynəlxalq qaydalara görə, bir şirkətin 50 faizdən çoxunu kim idarə edirsə, o şirkətin bütün borcu və varidatı onun balansına yazılmalıdır. Yəni 2 faiz pay dəyişən kimi Cənub Qaz Dəhlizinin 4.6 milyard dollar borcu bir gecədə SOCAR-ın adına keçdi. Manatla desək, bu sərəncamla SOCAR-ın 7.8 milyard manat borcu yarandı. Bəs bu nə deməkdir? Təsəvvür edin ki, sənin qonşunun bankdan 100 min manat krediti var. Sabah sənə deyirlər ki, o evin 51 faizi sənindir. Həmin dəqiqə qonşunun 100 min borcu da sənin adına yazılır. Sən o pulu götürməmisən, amma kağızda sən borclusan. SOCAR-ın başına gələn də budur. SOCAR neft satır, benzin istehsal edir, qaz ixrac edir. Qazandığı puldan işçiyə maaş verir, büdcəyə vergi ödəyir, dövlətə dividend verir. İndi onun üstünə 7.8 milyard manat əlavə borc yükləndi. Üstəlik bu borcun 2 milyardını düz 2026-cı ilin martında nağd verməli idi. SOCAR bu pulu haradan alacaq? Ya öz qazancından verəcək, ya yenidən borc alacaq, ya da dövlət büdcəsindən ona pul köçürüləcək. Hər üç halda sonda yük vətəndaşın üzərinə düşür. Çünki SOCAR qazancından büdcəyə az pul versə, deməli məktəb, xəstəxana, yol üçün pul azalacaq. SOCAR yeni borc alsa, onu qaytarmaq üçün benzinin, qazın qiymətini qaldırmalı olacaq. Dövlət büdcədən SOCAR-a pul köçürsə, o da bizim vergilərimizdir. Bunu niyə etdilər? Rəsmi səbəb odur ki, Cənub Qaz Dəhlizi strateji layihədir, SOCAR da dövlət şirkətidir, qoy bir yerdə olsun. Qeyri-rəsmi səbəb isə borcu gözdən yayındırmaqdır. Beynəlxalq təşkilatlar dövlətə deyəndə ki, “borcun çoxdur”, dövlət deyəcək ki, “yox, o borc SOCAR-ındır, mənlik deyil”. Amma SOCAR-ın özü də 100 faiz dövlətindir. Yəni cibdən-cibə oyunudur. Ən sadə dillə desək, dövlət 2 faiz payı SOCAR-a verməklə 7.8 milyard manat borcu “SOCAR-ın problemi” etdi. Amma SOCAR da dövlətindir, SOCAR-ın problemi sonda hamımızın problemidir. Ona görə bu “kiçik hüquqi manevr” əslində hər ailənin büdcəsinə toxunan məsələdir. Akif NƏSİRLİ - globalinfo.az Geri qayıt |